“SMS icazə sistemi əlil və ahıllara qulluq edən şəxslərə problem yaradıb”

“Hesab edirəm ki, müharibə əlilləri hərəkətə məhdudiyyət yaratmayan uyğun mənzillər və nəqliyyat vasitələri ilə təmin olunmalıdır”.

Source: Specify Source


Nemət Əliyev: “Zənnimcə, yaşayış yerlərindən 50 və ya 100 metr radiusda sərbəst hərəkətə icazə verilməlidir”

“Ən çox sosial müdafiəyə və qayğıya ehtiyacı olan əlillər və yaşı 65-dən yuxarı olan ahıl vətəndaşların problemləri yenə diqqətdən kənarda qalıb”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir.

İqtisadçı bildirir ki, 1-ci və 2-ci qrup əlillərin, ahıl vətəndaşların xüsusi qayğıya ehtiyac olduğu üçün onlara başqaları qulluq edir. Əlilliyi olanlara, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə aylıq 50 manat prezident təqaüdü verilir. Bu, çox azdır:

“Ayda 50 manat ödənişlə bu ağır işi başqaları üçün heç kəs yerinə yetirməz. Odur ki, bir çox hallarda əlillərə və ahıl vətəndaşlara qulluq edən kənar şəxslər bu xidməti əlavə ödənişlər müqabilində həyata keçirirlər”.

Qubad İbadoğlu bildirir ki, hazırki durumda bu, bir az da çətinləşib. Çünki 2 gündür Azərbaycanda koronavirus infeksiyasının çox yayılmasına görə “SMS icazə” sisteminə keçilib. Nəticədə əlilliyi olanlara və ahıl vətəndaşlara qulluq edənlərin bir yerdən başqa yerə hərəkət edib, xidmət göstərməsi üçün 3 saat zaman kifayət etmir:

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə işçilərinin işə çıxması icazə verilən istiqamətlər arasında əlillərə və ahıl vətəndaşlara qulluq edən şəxslər yoxdur. Belə olan halda onlar öhdələrinə düşən işi 3 saat müddətində görə bilmirlər. Bundan da ən çox əziyyət çəkən COVİD-19 pandemiyası zamanı risk qrupuna daxil yaşı 65-dən yuxarı olan ahıl vətəndaşlar və 1-ci qrup əlilliyi olanlardır”.

qubad-ibadoqlu.jpg
Qubad İbadoğlu

İqtisadçı deyir ki, həlli vacib olan problemlərdən biri də çoxmənzilli yaşayış binalarında yaşayan vətən müharibəsi əlilləri ilə bağlıdır:

“Müharibədə əlillik qazanmış gənclərin bir çoxunun yaşadıqları mənzilə giriş-çıxış imkanları çətinləşib. Hesab edirəm ki, müharibə əlilləri hərəkətə məhdudiyyət yaratmayan uyğun mənzillər və nəqliyyat vasitələri ilə təmin olunmalıdır”.

İqtisadçı Nemət Əliyev isə deyir ki, ümumiyyətlə, hər bir vətəndaşa evinin 50 və ya 100 metr radiusunda sərbəst hərəkətə icazə verilməlidir.

Nemət Əliyev bildirir ki, bunun üçün Operativ Qərargah sərt karantin rejiminin tətbiq olunduğu dövrdə ölüm statistikasında əmələ gəlmiş kəskin say fərqini səbəb-nəticə əlaqələri kontekstindən təhlil etməli və bunu qəbul etdiyi qərarlarda mütləq nəzərə almalıdır:

“Nəzərə almalıdır ki, “SMS icazə” sisteminin tətbiq olunduğu iyul ayında ölkədə ümumi ölüm sayı may ayı ilə müqayisədə 49 faizdən çox artıb (mayda 4294 nəfər, iyulda 6410 nəfər həyatını itirib). Lakin “SMS icazə” sisteminin işləmədiyi sentyabr ayında bu göstərici 30 faizə yaxın azalıb (sentyabrda ölüm sayı 4520 nəfər olub). Fikir verirsinizmi, 49 faiz yüksəliş 30 faiz enişlə əvəzlənib. Bu tendensiya koronavirus səbəbindən ölənlərin sayında da qeydə alınıb: koronadan ölənlərin sayı iyulda 6 dəfə artıbsa, sentyabrda 4 dəfə düşüb (39-235-57). Dövrlər arasındakı bu kəskin fərqlər hökmən diqqət mərkəzində tutulmalıdır”.

Nemət Əliyev
Nemət Əliyev

İqtisadçı əlavə edir ki, “SMS icazə” sisteminin bütün gücü ilə işlədiyi bir dövrdə ölüm statistikasında əmələ gəlmiş dəhşətli mənzərə gözardı edilə bilməz və edilməməlidir:

“Zənnimcə, yaşayış yerlərindən 50 və ya 100 metr radiusda sərbəst hərəkətə icazə verilməlidir. Bir sıra xəstəliklərdən, xüsusən də ürək-damar xəstəliklərindən əziyyət çəkən xeyli yaşlı insan var ki, açıq havada gəzmək, hərəkət etmək onlara hava, su qədər vacibdir. Şəhərin hündürmərtəbəli binalarında bütün gün ərzində hərəkətsiz vəziyyətdə qalmağın olduqca çətin olması halı nəzərə alınmalıdır. Belə şəraitdə heç yeniyetmələri, gəncləri də bir yerdə tutub saxlamaq asan məsələ deyil”.

Bütün bunlara görə iqtisadçı təklif edir ki, yaşayış yerindən 50-100 metr radiusda sərbəst hərəkətin təmin edilməsi, gündəlik ərzaq ehtiyaclarının qarşılanması üçün yaxınlıqdakı marketlərdən alış-veriş imkanı icazəsiz olmalıdır:

“Belə olsa, hər xırda məsələyə görə SMS göndərməyə də ehtiyac qalmaz. Nisbi yumşalmanın təmin edilməsi bir sıra mənasız bəhanələri də aradan götürər. Yasamalda həyata keçirilən “zibil” əməliyyatı”nı və yüzlərlə polisin bu əməliyyata cəlb olunmasını doğuran bəhanə bu gün də gülüş və hiddət doğurmaqdadır. Odur ki, Operativ Qərargahın bu gerçəkləri nəzərə alması çox əhəmiyyətli olardı”.

COVİD 19-a yoluxma halları kəskin artdığı üçün dekabrın 14-dən Azərbaycanda sərt karantin rejimi tətbiq edilir. Ancaq xüsusi icazəsi olan insanlar evdən çıxa bilir. Digərləri isə yalnız ən vacib hallarda “SMS icazə” vasitəsilə yaşadıqları yeri 3 saatlıq tərk edə bilərlər.

İndiyədək Azərbaycanda bu virusa 178 986 nəfərin yoluxması faktı müəyyən edilib. Onlardan 114 841 nəfər müalicə olunaraq sağalıb, 1 966 nəfər vəfat edib. Bu günə olan aktiv xəstə sayı isə 62 179-dur.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Bu həftə, dekabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, 48 min belə xəstə evdə müalicə alır.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1,6 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSosial“SMS icazə sistemi əlil və ahıllara qulluq edən şəxslərə problem yaradıb”