SMMK: “Siyasi məhbus problemi ABŞ–Azərbaycan münasibətlərini risk altına salır”

İlham Əliyev və siyasi məhbuslar. Kollaj: AbzasMedia

“Siyasi Məhbusların Müdafiə Komitəsi” (SMMK) ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensə müraciət edib. Bildirilib ki, Azərbaycandakı siyasi məhbus problemi ABŞ-Azərbaycan münasibətləri üçün təhlükə ehtimalı yaradacaq.

Müraciətdə qeyd olunub ki, beynəlxalq insan hüquqları təşkilatlarının məlumatlarına görə Azərbaycanda siyasi məhbusların sayı 400-ə çatır. Komitə ABŞ administrasiyasının Belarus və Venesuelada siyasi məhbusların azadlığa buraxılması istiqamətində göstərdiyi səyləri müsbət qiymətləndirib və bu addımlara görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Komitə bildirib ki, Azərbaycan uzun illərdir alimləri, jurnalistləri, ictimai fəalları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini siyasi motivlərlə həbs edir, onların barəsində ədalətsiz məhkəmə qərarlarının çıxarılmasında qanunsuz müdaxilələrə yol verir.

“Azərbaycan uzun müddətdir ki, alimləri, jurnalistləri, ictimai fəalları və QHT nümayəndələrini siyasi motivlərlə həbs edir, onlar barəsində ədalətsiz məhkəmə qərarlarının çıxarılması üçün qanunsuz müdaxilələrə yol verir. Jurnalistlər peşə fəaliyyətlərinə görə cəzalandırılır, akademik azadlıqlara hörmət edilmir, tənqidi fikirlərə qarşı dözümsüzlük nümayiş etdirilir”, – deyə bəyanatda deyilir.

SMMK-nın fikrincə, siyasi repressiyalar ölkədə vətəndaş cəmiyyətinin zəifləməsinə, demokratik institutların sıradan çıxmasına, siyasi partiyaların bağlanmasına, müstəqil media qurumlarının və QHT-lərin fəaliyyətinin dayandırılmasına səbəb olub. Komitə vurğulayıb ki, bu proseslər cəmiyyətdə “totalitar rejimlərə xas qorxu və itaət psixologiyasının formalaşmasına gətirib çıxarıb”.

Müraciətdə qeyd olunub ki, belə bir şəraitdə Azərbaycan hökumətinin ABŞ administrasiyası ilə dayanıqlı strateji münasibətlər qurması real görünmür. Komitə hesab edir ki, insan hüquq və azadlıqları sahəsində beynəlxalq öhdəliklərə əməl olunmaması ABŞ–Azərbaycan münasibətlərinin inkişafı üçün ciddi risk yaradır.

SMMK bildirib ki, siyasi məhbus problemi həll olunmadan Azərbaycan hökuməti ilə yaxın əlaqələrin qurulması ABŞ administrasiyasının ciddi tənqidlərə məruz qalmasına səbəb ola bilər.

Komitə bu baxımdan Ceyms Devid Vensin Azərbaycana səfəri çərçivəsində keçiriləcək görüşlərdə siyasi məhbusların azadlığa buraxılması məsələsinin əsas mövzulardan biri olmasını xahiş edib.

“Siyasi Məhbusların Müdafiə Komitəsi” ötən ilin noyabrında 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbus kimi tanınan şəxslər – Mehman Əliyev, Laçın Vəliyev, Samir Aşurov, Afiəddin Məmmədov, Fazil Qasımov və Hafiz Babalı  tərəfindən yaradılıb. 

ABŞ-nin vitse prezidenti Vens bu gün, fevralın 10-da Bakıya gəlib. O, bir gün öncə, fevralın 9-da Yerevanda rəsmi görüşlər keçirib. ABŞ və Ermənistan arasında nüvə sahəsində əməkdaşlıq və dron satışı ilə bağlı sənədlərin imzalandığı açıqlanıb.

Rəsmi məlumatlara görə, regiona səfər ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsləri və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) çərçivəsində həyata keçirilir.

Vensin Azərbaycana səfəri ərəfəsində Azərbaycanda həbsdə olan siyasi məhbusların azad olunması ilə bağlı ona ünvanlanan çağırışlar artıb.

Ana səhifəSiyasətSMMK: “Siyasi məhbus problemi ABŞ–Azərbaycan münasibətlərini risk altına salır”