“Günahsız ola-ola siyasi motivlərlə həbs edilən şəxslərə cinayətkar deməyin özü mənəvi cinayətdir”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi deputat Rəbiyyət Aslanovanın təşkilatın sədri Anar Məmmədli barəsində dediyi fikirlərlə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
“ATƏT Parlament Assambleyasının (PA) demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitəsinin Bakıda keçirilən 23-cü sessiyasında Norveçli parlamentari Bekkevoldun təklif etdiyi 44-cü düzəliş müzakirə edilərəkən Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova düzəlişin əleyhinə olduğunu bildirib.
Düzəlişdə “bu yaxınlarda açıq-aşkar siyasi motivli məhkəmə işi çərçivəsində həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi və hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin vəziyyəti ilə bağlı dərin narahatlıq ifadə olunur” kimi fikirlər yer alıb. Bundan əlavə ATƏT PA Azərbaycan hakimiyyətini Məmmədli barəsində ədaləti bərqərar etməyin yollarını axtararaq, ona və siyasi məhkəmə işlərinin qurbanı olmuş digər vətəndaşlara insan hüquqlarının və qanunun aliliyinin müdafiəsi fəaliyyəti ilə məşğul olmaqda davam etmək hüququ verməyə çağırır.
Bu düzəliş müzakirə edilən zamanı Rəbiyyət xanım Anar Məmmədlinin fəaliyyətində cinayət tərkibinin, onun sahibkarlıq fəaliyyətində nöqsanların olduğunu deyib və cinayət törətdiyinə görə həbs edildiyini söyləyib. O, bildirib ki, düzəlişin müəllifi Anar Məmmədli ilə bağlı obyektiv məlumata malik deyil. Rəbiyyət Aslanova deyib ki, Anar Məmmədlinin işinə obyektiv qiymət vermək üçün, bu işi dəqiq, doğurudan öyrənmək lazımdır. Bu, xanım Aslanovanın siyasi və vicdan məhbusları haqda dediyi ilk əsassız ifadələr deyil. O, bundan öncə də dəfələrlə siyasi və vicdan məhbusları haqda bu kimi əsassız fikirlər deyib. Təəssüf edir ki, o, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri ola-ola əsassız danışmaqda davam edir. Bu, artıq bir vicdan məsələsidir. Günahsız ola-ola siyasi motivlərlə həbs edilən şəxslərə cinayətkar deməyin özü mənəvi cinayətdir. Rəbiyyət xanıma bundan sonra günahsız insanlar haqda bu kimi ifadələr işlətməməyi tövsiyə edirik və onun Anar Məmmədli ilə bağlı dediklərini də əsassız sayırıq. Rəbiyyət xanımın diqqətinə çatdırmaq istəyirik ki, Anar Məmmədlinin işi üzrə dəqiq məlumat əldə etmək üçün beynəlxalq təşkilatların, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri dəfələrlə Anar Məmmədlinin məhkəmə proseslərində iştirak ediblər və prosesi birbaşa özləri izləyərək məlumatlar əldə ediblər. Əgər Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri kimi Rəbiyyət xanımın da belə bir niyyəti olsaydı və o, bu vəzifəsinin mahiyyətini anlasaydı, yəqin o da Anar Məmmədlinin məhkəməsində iştirak edərdi və indi belə danışmazdı”.
Açıqlamada daha sonra deyilir: “Anar Məmmədli ona qarşı irəli sürülən ittihamları qondarma və əsassız hesab etdiyini dəfələrlə bildirib və bu məhkəmə prosesində də hamının gözü qarşısında sübut edildi. Bir sıra demokratik dövlətlər, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Anar Məmmədlinin günahsız olduğunu bəyan ediblər. Hər kəs bilir ki, Anar Məmmədlinin, Bəşir Süleymanlının həbsi onların təmsil etdikləri təşkilatın – SMDT-nin seçkiləri müşahidə etməsi və bu haqda hesabatlar yayması ilə bağlıdır. O ki, qaldı sahibkarlıq fəaliyyətinə, Anar Məmmədli məhkəmədəki çıxışında bəyan etdi ki, o, həyatı boyu heç vaxt nə qanuni, nə də qanunsuz sahibkarlıqla məşğul olmayıb. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədrinin də istintaq orqanları kimi QHT fəaliyyəti ilə sahibkarlıq fəaliyyətini qarışıq salması sadəcə gülüş doğurur. Rəbiyyət xanıma ən yaxşı cavabı düzəlişin qəbul edilməsinin leyhinə olan şəxlər verdi və bu düzəlilş qəbul edildi”.