Siyəzəndə yataqxana sakinləri qazın olmamasından şikayətçidir

Vaxtilə “Si̇yəzənneft” Neft-qazçıxarma İdarəsinin balansında olan fəhlə yataqxanasının binasında məskunlaşan sakinlər narazıdır.

Source: Foto6 Meydan.TV


''Qaz vermirlər, beş adamdan da birinin borcu olanda, gəlib hamının işığını kəsirlər''

Vaxtilə “Si̇yəzənneft” Neft-qazçıxarma İdarəsinin balansında olan fəhlə yataqxanasının binasında məskunlaşan sakinlər narazıdır.

Onlar Meydan TV-yə şikayət edirlər ki, hazırda Siyəzən Rayon İcra Hakimiyyətinin balansında olan binanın mavi qazını illər öncə kəsiblər. Sakinlər müvafiq qurumlara vəziyyətlə bağlı dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

“Bu illər ərzində bizi dəfələrlə binadan çıxarmaq istəyiblər. Etirazımızı bildirmişik ki, əvvəlcə yaşamaq üçün bizi evlə təmin edin. Lakin sözümüzə əhəmiyyət verən olmayıb”, – yataqxana sakini Rəna Həmidova belə deyir:

“Çox ağır şəraitdə yaşayırıq, bina çox köhnədir, məcburiyyətdən burada qalırıq. Kimin imkanı varsa, mənzilində orta şərait yaradıb. Ayaqyolu ümumidir. Vəziyyət gündən-günə daha da pisləşir, anti-sanitariya baş alıb gedir. Bütün bunlara dözmək olar, heç olmasa, qazımızı bərpa etsinlər. Dəfələrlə aidiyyati qurumlara müraciət etmişik, lakin heç bir köməklik etmirlər”.

image_from_ios (6).jpg
mətbəx

“Yaxşı olan odur ki, supulu vermirik”- bunu digər sakin Murad Məmmədov deyir və əlavə edir ki, əsas problemləri mavi qazın olmamasıdır:

“Qaz vermirlər, beş adamdan da birinin borcu olanda, gəlib hamının işığını kəsirlər. Uzun illərdir ki, yataqxanada dözülməz şəraitdə yaşayırıq, amma səsimizi çıxarmırıq. Çünki gedəcək yerimiz yoxdur. İnsanların aqibəti ilə maraqlanmırlar, antisanitariyadır, vərəmxanadır bura. Ayaqyolunu gördünüz, min cür xəstəlik tapmaq olar burada. Nevroz olmuşuq. Bir ara bizi çıxarmaq istəyirdilər. Deyirdilər ki, bina yenidən təmir-bərpa edilib, otel kimi istifadəyə veriləcək”.

image_from_ios (5).jpg
yataqxana

Əntiqə Vəliyeva da Meydan TV əməkdaşına giley-güzar edir. Deyir ki, qışda qazları olmur:

“Yayda da köhnə bina olduğuna görə bit-birənin əlindən tərpənmək olmur. Dərmanlamaqdan yorulmuşuq. Burada təxminən 15 ailə yaşayır. Hər ailədə də 3-4 uşaq var. Bina İcra Hakimiyyətinin balansına veriləndən sonra qazı kəsdilər. İşıqpulunu da çatdırmaq olmur. Dünyanın pulunu yazır. Uzun illərdir, binanı təmirə saxlayırlar, amma ortada heç bir nəticə yoxdur. Gətirib, sayğac quraşdırsınlar, biz də işlətdiyimiz qazın pulunu verək. Bununla bağlı dəfələrlə Siyəzən Rayon İcra Hakimiyyətinə müraciət etmişik, bizə qaz vermək istəmirlər. Bəhanələri də odur ki, bura təhlükəli yerdir”.

Siyəzən rayon icra başçısının müavini Zəfər Əliyev Meydan TV-yə açıqlamasında bildirib ki, hazırda qurumun balansında olan kommunal yataqxanada məskunlaşan sakinlərin əksəriyyəti orada qeyri-qanuni yaşayır:

“Kimin qeydiyyatı və Mənzil İstismar Sahəsi ilə kirayə müqaviləsi varsa, qanuna müvafiq olaraq ASAN Xidmətə müraciət etməlidir. Smeta və layihə hazırlamalıdır. Bundan sonra vətəndaş aparıb, ödəniş etməlidir. Ödəniş edildikdən sonra qaz təminatı həyata keçirilə bilər”.

image_from_ios (3).jpg
dəhliz

İH sözçüsünün bildirdiyinə görə, 70-dən çox yaşı olan binanın gələcəkdə restavrasiya olunaraq, turizm məqsədilə istismar edilməsi də istisna deyil:

“Hər şey mümkündür. Lakin özünüz də bilirsiniz ki, orada məskunlaşmış insanları köçürmək çətin məsələdir. Binanın nə zamansa boşaldılacağı isə əvvəl-axır olacaq”.

image_from_ios (4).jpg
yataqxana
Ana səhifəBölgəSiyəzəndə yataqxana sakinləri qazın olmamasından şikayətçidir