''Mən narkotik, silah satmamışam, halal malımdır, onu necə yemək olar?''
Siyəzənin Beşdam kəndinin sakini Ağası İsgəndərov deyir, rayonda iş yeri yoxdur ki, işləsin. Ona görə də illərdir ailəsini maldarlıq sayəsində birtəhər dolandırırdı. Amma iş elə gətirib ki, mal-qarasını almaq adıyla onu aldadıb, heyvanları götürüb aparıblar.
Dələduzluq qurbanı olan A.İsgəndərov danışır ki, aldadıldığını başa düşəndən sonra polisə xəbər verməklə yanaşı, özü də mal-qarasını axtarmağa başlayıb. Bir müddət sonra onların yerini tapıb da. Dərhal bu haqda da polisi məlumatlandırdığını və gedib onları gətirməkdən ötrü kömək istədiyini deyən A.İsgəndərovun sözlərinə görə, ona vaxtında bu məsələdə yardım edən olmayıb:
“Yalvarırdım ki, nə olar, o mallar mənim ailəmin ümid yeri, dolanışığıdı, kömək eləyin, gedək gətirək. Müstəntiq dedi ki, yağışdı, qardı, sonra gedərik. Dedim ki, maşın da tapmışam, “Niva”da aparıb gətirəcəm sizi, gedək. Razılaşmadı. Bir də onda getdilər ki, lələ köçüb, yurdu qalmışdı. Heyvanlarım satılmışdı”.
“Yüksək vəzifəli adamlardan birinin sürülərinə baxır, ona görə dəyib-dolaşmadılar”
A.İsgəndərovun mal-qarasının dələduzluq yoluyla ələ keçirilməsi məsələsi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində araşdırılıb. Çünki A.İsgəndərovu aldatmaqda ittiham olunan Mahir Əliyevdən başqaları da şikayətçi olub. Bütün şikayətlər eyni icraatda birləşdirilib. Siyəzən sakini də elə həmin şöbədə işin istintaqını aparmış müstəntiq Samir Məcidovdan narazıdır. Deyir, vaxtında yatağa getməməkləri bir yana, üstəlik, cinayət işinin materiallarında da onun adından saxtakarlıq ediblər, dindirmə protokoluna onun vermədiyi ifadələri yazıb, adından imza atıblar:
“Guya mən 3 saat dindirmədə olmuşam. Daxili İşlər Nazirliyindəki kameralara baxsınlar, görərlər ki, həmin gün mən heç yarım saat orada olmamışam. İmzaya baxanda açıq-aşkar görünür ki, mənim deyil. Məhkəmədə nə qədər məsələ qaldırdım ki, imza ekspertizaya göndərilsin. Eləmədilər”.
Mahir Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 3 il 3 ay 22 gün azadlıqdan məhrum edilib. Zərərçəkən A.İsgəndərovun da mal-qarasının bir neçəsi qaytarılıb. Məhkəmənin hökmündə yazılıb ki, M.Əliyev zərərçəkənin mal-heyvanını Əzim adlı şəxsə satıb, ondan pulunu alsa da, gətirib sahibinə çatdırmayıb:
“Məsəl var, deyirlər, arxalı köpək qurd basar. Eşitdiyimə görə, Əzim də yüksək vəzifəli adamlardan birinin sürülərinə baxır, ona görə ona dəyib-dolaşmadılar. Mənim heyvanlarım da onun yatağında idi”.
“Nazir dedi ki, nə vaxta qədər vətəndaşlar müstəntiqlərdən şikayət eləyəcək?”
A.İsgəndərov daxili işlər naziri Ramil Usubovla görüşüb, dərdini ona danışıb. Danışır ki, nazirin Qubada sakinlərlə görüşəcəyini eşidən kimi gedib qəbula yazılıb. Onun nazirin qəbuluna yazılmasından daxili işlər orqanlarında xəbər tutan kimi Bakıya çağırıblar:
“Qəbul günündən əvvəl iki gün ardıcıl məni çağırdılar. Ancaq Daxili İşlər Nazirliyi deyildi, deyəsən, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi idi. Çünki Mahirlə başqa bir adamı da tutmuşdular, sonradan işi ayırdılar. Bakının Xətai Rayon Polis İdarəsinin müstəntiqi də bu işin istintaqına qoşulmuşdu, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi də. İstintaqın rəisi dedi ki, nə ehtiyac var gedirsən nazirin qəbuluna? Bir ağ vərəq qoydular qarşıma, bir dənə də qələm. Çağırdı Xətai polisindən gələn müstəntiqi də. Dedi, gedin, bir az söhbət eləyin, gəlin. Müstəntiq dedi ki, 3 min pul veririk sənə. Razılaşmadım, mal-heyvanımı istədim. Gəldik yenə istintaqın rəisinin yanına, o ağ vərəqə də qol çəkmədim”.
A.İsgəndərov qəbul zamanı nazirə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin müstəntiqi Samir Məcidovdan şikayətlənib. Onun sözlərinə görə, həmin vaxt qəbulda R.Usubovdan başqa bir nəfər də olub. Həmin şəxs onun işindən öncədən məlumatlı olub:
“Cənab nazirə şikayətimi dedim. Yanında olan həmin adamı qaldırdı. Dedi, nə vaxta qədər vətəndaşlar müstəntiqlərdən şikayət eləyəcək? Nazir dedi ki, bu işi öz nəzarətimə götürürəm, vətəndaşın məsələsi mütləq həllini tapsın. Təəssüflər olsun ki, tapmadı. Həmin adam cənab nazirə yalan məruzə elədi. Üstündən on gün keçdi, məni Daxili İşlər Nazirliyinə çağırdılar, polkovnik-leytenant Nizami müəllim məndən ifadə aldı. Dedi, istintaqın rəisi də səni qəbul eləyəcək. Sonra dedilər ki, işi çıxdı, getdi. Bir gənc oğlan qəbul elədi, adı Azər idi, o da başından elədi. Dedi ki, get, işini məhkəmədə həll elə…”
“Kimə lazımdır belə məmurlar?”
A.İsgəndərov deyir ki, maddi durumu pisdir. Evin yeganə qazanc gətirənidir, bir qızı Bakıda universitetdə təhsil alır. İş o həddə çatıb ki, anasının pensiyasının ümidinə qalıb:
“Belə haqsızlıq olmaz. Mən narkotik, silah satmamışam. Halal malımdır, onu necə yemək olar? Prezident məhkəmə-hüquq islahatları barədə fərman imzaladı. Nə olsun? Dəyişən heç nə yoxdur. Evdə yeganə kişi xeylağı mənəm. 84 yaşlı anamın pensiyasına möhtac qalmışıq. Budur hökumət? Kimə lazımdır belə məmurlar?”
Daxili İşlər Nazirliyindən A.İsgəndərovun dediklərilə bağlı rəy almaq mümkün olmayıb. Onun bu barədə Baş Prokurorluq və başqa orqanlara göndərdiyi şikayətlərə cavab olaraq bildirilib ki, işi araşdırılıb, ortada qüvvəyə minmiş məhkəmə hökmü var.