Hər üç təşkilat sakinlərə qarşı təzyiqləri repressiya sayır
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası (DQMŞ), Müsavat və Demokratiya və Rifah partiyaları Gədəbəyin Söyüdlü kəndində 2 gündür ki, davam edən etirazlarla bağlı bəyanat yayıblar.
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası (DQMŞ) Gədəbəyin hakim rejimin yaratdığı ekoloji terrorla üz-üzə qaldığını bəyan edib.
Bildirilir ki, hakim ailəyə məxsus Gədəbəy qızıl yataqlarının istismarı zamanı köhnəlmiş və ucuz texnologiyaların tətbiqi nəticəsində əmələ gələn külli miqdarda sianid tullantıları Söyüdlü kəndində yaradılmış suni gölə axıdılır:
“Bu gölün təhlükəsizlik standartlarına cavab verməməsi yerli insanlara əsl ekoloji faciə yaşatmaqdadır. Ölkənin bütün yeraltı və yerüstü sərvətlərini ələ keçirən, bitib-tükənmək bilməyən varlanmaq ehtiraslarının əsiri olan rejim yoxsul həyat yaşayan bu insanların həm 48 ha örüş yerlərini əllərindən almaqla, həm də həmin ərazidə zəhərli sianid tullantıları üçün ikinci süni göl yaratmaqla onlara daha bir zərbə vurmağa hazırlaşır”.
“Təbiətə, ətraf mühitə, insan sağlamlığına, milli genofondumuza qarşı törədilən bu ekoloji terrorun qarşısını almaq istəyən Söyüdlü sakinlərinin üzərinə Daxili Qoşunların hissələri yeridilib, Azərbaycan qadınlarına, analarına, yaşlı insanlara qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edilib. Yaxın məsafədən yaşlı ananın gözünə bibər qazının sıxılması, şəhid anasının yerlə sürüdülərək dəyənəklə, təpiklə döyülməsi kimi vəhşiliklər Azərbaycan hakimiyyətinin antimilli, antiinsani və antihumanist mahiyyətini bir daha bütün çılpaqlığı ilə ortaya qoydu”,-deyə Milli Şura qeyd edir.
DQMŞ hesab edir ki, Söyüdlü kəndinin polis gücləri tərəfindən mühasirəyə alınması, kəndə giriş və çıxışların qapadılması isə Stalin dövrü təcrübələrinin təkrarı kimi hiddət və qəzəb doğurmaya bilməz:
“Azərbaycan hakimiyyətindən Söyüdlü sakinlərinə qarşı törədilən ekoloji terrora və polis zorakılığına son qoymağı, qanunsuz və əsassız şəkildə inzibati qaydada həbs edilən insanların azad olunmasını tələb edirik. Milyardlar qazanmaq qayğısı ilə yaşayan rejim həm də etiraz edən Söyüdlü sakinlərinin zahiri görkəmlərindən yağan yoxsulluqdan, ən azı sərvət uğruna talan etdikləri neft və milyardlar səltənətinin insanların böyük əksəriyyətinin dişsiz olmasından utanmalıdır. Azərbaycanın strateji valyuta ehtiyatının 60 milyard dolları ötməsi ilə öyünən hakimiyyət həm də bu yoxsul və mərd insanların prezidenti olduğunu unutmamalıdır”.
Müsavat Partiyası hadisəni Azərbaycanda avtoritarizmin dərinləşməsi və ağır cinayət kimi qiymətləndirib.
Partiya polisin yaşlı qadınlara, o cümlədən uşağını xidmətdə itirən anaya qarşı hücumunu qınayıb.
Etirazçıların qanuni iddiaları olduğunu etiraf edən partiya, polisə daş atmağın potensial təxribat ola biləcəyini vurğulayıb.
Müsavat Partiyası 10 nəfərin sonrakı inzibati həbslərini və bir nəfərə cərimə tətbiq edilməsini, habelə NİDA Vətəndaş Hərəkatının fəalı Elmir Abbasovun bu məsələ ilə bağlı tənqidi nəşrlərindən sonra saxlanılmasını əsassız hərəkətlər hesab edib.
Partiya səlahiyyətlilərdən etirazçılara qarşı şiddətə görə məsuliyyət daşıyan polis məmurlarını və bu cür əmr verənləri dərhal müəyyənləşdirmələrini və cəzalandırmalarını tələb edir.
Demokratiya və Rifah Partiyası (ADR) isə yaşlı qadınlara qarşı bibər qazından, rezin dəyənəkdən istifadə olunmasını ölkənin hüquq mühafizə sistemindəki mövcud vəziyyəti və dolayısı ilə siyası rejimin mahiyyətini ifadə etdiyini bildirib.
ADR hakimiyyətdən Gədəbəydə, Söyüdlü kəndində təbiətin sianid turşusu ilə zəhərlənməsinin dərhal dayandırılmasını, əhaliyə qarşı vandal hərəkətlərə yol vermiş polislərin cəzalandırılmasını, kəndin blokadadan çıxarılmasını, cərimə və inzibati həbsə məruz qalan kənd sakinlərinin azad edilməsini tələb edir.
Gədəbəydə nə baş verib?
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.
Sakinlər həmin süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirir.
Aksiya iştirakçıları bildirib ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır.
Etiraza səbəb olan süni göl isə kənddə yaradılan ikinci su hövzəsidir.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.
Sakinlərin keçirdiyi aksiya ilə bağlı həbs olunan və cərimələnənlərin olduğu deyilir.
İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyasında saxlanılan 5 nəfər kənd sakininin hər birinə 20 sutka inzibati həbs cəzası verilib.
Onların haqqında həbs qərarlarını Gədəbəy rayon Məhkəməsinin hakimi Füzuli Mirzəquliyev çıxarıb.
Bu barədə Meydan TV-yə məhkəmədən məlumat verilib:
“Saxlanılanlar haqqında rayon polis şöbəsində İnzibati Xətalar Məcəlləsinin 513-cü (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsilə protokol tərtib olunub. Saxlanılanlardan ikisi icazəsiz aksiyanın təşkilində, üçü isə bu aksiyada iştirakda ittiham olunur. Beş nəfərin məhkəməsi ayrı-ayrılıqda keçirilsə də, hamısına eyni hakim baxıb”.
Saxlanılan kənd sakinləri izahatlarında da deyiblər ki, heç bir qanun pozuntusuna yol verməyiblər. Sadəcə, Söyüdlü kəndində qızıl zavodu üçün ikinci tullantı gölünün inşasına etiraz edirlər. Çünki göl həm təbiətə, həm də sağlamlıqlarına ziyandır.
Saxlanılanlara dövlət hesabına vəkil təyin edilib.
O isə məhkəmədə çıxışında kənd sakinləri üçün cərimə cəzası kəsilməsini istəyib.
Lakin hakim Füzuli Mirzəquliyev məhkəmə qarşısına çıxarılmış Söyüdlü sakinlərinin hər birinə 20 gün inzibati həbs cəzası verilməsi haqda qərar çıxarıb.