Siyasi şərhçi: Lukaşenko Rusiya ilə Qərbi bir-biri ilə qorxudurdu

Foto: Wikimedia

“Belarus prezidenti seçkilərdən sonra manevr imkanlarını itirməyə başladı”

“Rusiyanın Belarusla münasibətlərdə istədiyi bir neçə məqam var, amma əsas məsələ budur: vahid valyutaya keçid, vahid parlamentin və icra hakimiyyətinin yaradılması. Belarusda indiki şəraiti, yəni Aleksandr Lukaşenkonun və ölkənin təcrid olunmasını nəzərə alsaq, Moskvanın bu istəyinin tətbiqi üçün kifayət qədər real zəmin var”.

Bunu siyasi şərhçi Rauf Mirqədirov noyabrın 4-də Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti

Aleksandr Lukaşenkonun birgə imzaladığı “28 inteqrasiya proqramına” dair razılaşmasını Meydan TV-yə şərh edərkən deyib.

Bildirilir ki, sənəd daha çox iqtisadiyyat və tənzimləmə sistemlərini özündə ehtiva edir: “Sənəddə habelə vergi, bank, sənaye, kənd təsərrüfatı və enerji sahələrində vahid siyasət yürüdülməsi nəzərdə tutulur. Amma sənəddə siyasi inteqrasiyadan söhbət getmir“.

Mirqədirovun sözlərinə görə, Lukaşenkonun indiyəqədərki bütün siyasət ondan ibarət idi ki, Minsk-Moskva maraqları çərçivəsində inteqrasiya layihələrində iştirak etsin. Bu, əsasən aşağı kreditlər, ucuz qiymətlərə enerji daşıyıcılarını almaqdan ibarət idi:

“Lukaşenko sosial firavanlığı təmin etmək üçün Rusiyadan öz maraqları üçün istifadə edirdi. Lukaşenko ikili siyasət yeridirdi, yəni Rusiyanı Qərbə yönələcəyi, Qərbi isə ölkəsini Rusiyanın vassalına çevirəcəyi ilə qorxudurdu. Amma Belarus prezidenti seçkilərdən sonra beynəlxalq aləmdən təcrid olunduqca Lukaşenko manevr imkanlarını itirməyə başladı və Qərbin təzyiqləri nəticəsində Putinin himayəsinə keçməyi üstün tutdu”.

Siyasi şərhçi Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun bu günlərdə səsləndirdiyi fikirlərə də toxunub. Kalaşnikov bildirib ki, Rusiya-Belarus yaxınlaşması nəticə etibarı ilə SSRİ-nin bərpasına gətirib çıxarda bilər.

Mirqədirov deyir ki, bununla Rusiya postsovet məkanındakı dövlətlərin də belə bir razılaşmaya daxil ola biləcəyinə işarə edir:

“Əlbəttə, bu, Putinin arzusudur və o, istəyini yerinə yetirmək üçün müəyyən addımlar atacaq. Təsadüfü deyil ki, Putin SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasi faciəsi adlandırıb. O, bu prosesi obyektiv yox, hansısa subyektiv amilllərin təsiri kimi görür”.

Siyasi şərhçinin fikrincə, o, bütün postsovet məkanının xalqlarına aşılamağa çalışır ki, etnik müxtəlifliyə baxmayaraq sovet ittifaqı xalqları birləşdirirdi:

“Təəssüflər ki, postsovet məkanında və o cümlədən, bu ideyanı dəstəkləyənlər var. Məsələ ondadır ki, Rusiya postsovet məkanındakı dövlətləri özünün vassalı kimi ətrafında birləşdimək istəyir. Ancaq Rusiyanın təklif etdiyi modellər cazibədar deyil və mütərəqqi inkişaf vəd etmir. Çünki bu modellər dövlət vətəndaş üçün yox, əksinə, vətəndaş dövlət üçün formulu üzərində qurulub”.

Moskva və Minsk İttifaq Dövləti müqaviləsini 1999-cu ildə imzalayıb. Həmin ildən vahid dövlətin yaradılmasına dair danışıqlar davam edir.

Müxalifət, Avropa Birliyi və ABŞ isə 2020-ci ilin avqustunda keçirilən prezident seçkisindən sonra A.Lukaşenkonun legitimliyini tanımayıb.

Ana səhifəSiyasətSiyasi şərhçi: Lukaşenko Rusiya ilə Qərbi bir-biri ilə qorxudurdu