Siyasi şərhçi: ATƏT sədrinin bəyanatını ciddi qarşılamıram

Rauf Mirqədirov hesab edir ki, nəzəri olaraq dondurulan konfliktlərin qaynar mərhələyə keçməsi təhlükəsi həmişə qalır

Source: Foto: arxiv


“Bunlar standart çıxışlardır və əmin olun ki, növbəti sədr də oxşar bəyanat verəcək”

ATƏT-in hazırkı sədri, Slovakiyanın Xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi təhlükəsinin gerçək olduğunu deyib.

Bratislavada ATƏT-in Xarici İşlər Nazirlərinin Şurasının iclasında Miroslav Layçak qeyd edib ki, ATƏT Dağlıq Qarabağda sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırdır.

“Böhran və münaqişələrin həlli üçün əlimdə hansısa sehrli çubuq yoxdur. Münaqişələrin həllinə yönəlik dialoqun yaradılması üçün ATƏT-in yeni kanallar açmaq səylərinin hədsiz dəyərə malik olduğunu düşünürəm. Biz sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırıq”, – ATƏT sədri vurğulayıb.

Ancaq siyasi icmalçı Rauf Mirqədirov ATƏT-in fəaliyyətdə olan sədrinin fikirlərini ciddi qarşılamır:

“Həmin sədr Bratislavanın Xarici işlər naziridir. Nəzərə alın ki, fəaliyyətdə olan sədrlər ildə bir dəfə dəyişir və onlar hər dəfə vəzifəyə təyin olunanda ATƏT coğrafiyasında mövcud konfliktlər haqqında danışır, həllinə çağırış edir və həlli üçün əllərindən gələni edəcəklərini bildirirlər. Yəni bunlar standart çıxışlardır və əmin olun ki, növbəti sədr də oxşar bəyanat verəcək. Əgər Almaniyanın, Böyük Britaniyanın, yaxud Fransanın Xarici işlər nazirləri belə bəyanat versəydilər, ciddi saymaq olardı”.

Рауф Миркадыров
Rauf Mirqədirov

Rauf Mirqədirov hesab edir ki, nəzəri olaraq dondurulan konfliktlərin qaynar mərhələyə keçməsi təhlükəsi həmişə qalır:

“Söhbət yalnız Qarabağ konfliktindən yox, bütün münaqişələrdən gedir. Amma Ermənistan-Azərbaycan münaqişəsi nadir münaqişələrdəndir ki, sülhməramlı qüvvələr cəlb olunmayıb, yəni təmas xəttində onlar yoxdur. Bununla belə, tərəflərin genişmiqyaslı hərbi əməliyyatlara maraqlı olduğunu düşünmürəm. Çünki Azərbaycanın parlament seçkilərinə hazırlıq zamanı hərbi əməliyyatlar keçirməsi inandırıcı deyil. Ümumiyyətlə, hər iki ölkədə daxili siyasi vəziyyət mürəkkəbdir. Nikol Paşinyan rəqiblərini hələ tam neytrallaşdıra bilməyib. Həm də tərəflər başa düşür ki, müharibə başlayarsa, Rusiyanın müdaxiləsi ehtimalı böyükdür. Bu isə tərəfləri Rusiyadan daha çox asılı edəcək”.

Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in (ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.

Ana səhifəSiyasətSiyasi şərhçi: ATƏT sədrinin bəyanatını ciddi qarşılamıram