Siyasi şərhçi: “Əliyev indi odla su arasında qalıb”

Foto: president.az

“Bir tərəfdən kommunikasiyaların açılmasını istəyir, digər tərəfdən Rusiyanın nəzarətini istəmir”

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.

Əliyev müsahibəsində Azərbaycanın iqtisadi vəziyyəti, daxili və xarici siyasəti, eyni zamanda regional problemlər, Bakı-Yerevan münasibətləri və digər məsələrə toxunub.

Çıxışında Azərbaycanda iqtisadi göstəricilərin artıdğını deyən Əliyev həmçinin bildirib ki, bu, əhalinin rifahına da təsir edib.

“Minimum əməkhaqqı və pensiya artıb”

Ölkə başçısı bu il yanvarın birindən minimum əməkhaqqı və pensiyanın artdığını vurğulayıb.

“Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”, – deyə o bildirib.

İlham Əliyev. Foto: president.az

Son bir neçə il ərzində 4 sosial paketin həyata keçirildiyini vurğulayan ölkə başçısı deyib ki, iqtisadi imkanlar artdıqca daim sosial məsələlərin həllinə – minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə diqqət göstəriləcək.

“Fransa tədbiri gözdən salmaq üçün əlindən gələni etdi”

COP29-la bağlı suala cavab verən Əliyev tədbirdə iştirak etməyən Avropa Komissiyasının Prezidentini və Fransa Prezidentini tənqid edib.

O bildirib ki, Fransa tədbiri gözdən salmaq üçün əlindən gələni edib. 

“O əyalət mollası cəzalandırılmalıdır”

İlham Əliyev müsahibəsində İranla gələcək münasibətlərə də toxunub və bildirib ki, İranın hazırkı rəhbərliyi ilə ciddi təmasları olmayıb:

“Bu barədə danışmaq bir qədər tezdir. İndi yeni hökumətlə bağlı olan münasibətləri hələ ki təhlil etmək çətindir. Çünki mənim şəxsən yeni Prezidentlə görüşüm olmayıb. Əgər olsa və nə vaxt olsa, onda mən bu barədə danışa bilərəm”.

Azərbaycan Prezidenti əvvəlki hakimiyyətlə münasibətlərin pisləşməsi ilə bağlı bəzi məqamları qeyd edib və Azərbaycan səfirliyinə qarşı terror aktının həyata keçirildiyini deyib.

O bildirib ki, terror aktını törədən şəxsin indiyə qədər cəzalandırılmaması və bir çox amillər aktın təşkil olunduğunu göstərir.

Dövlət başçısı həmçinin dekabrın 29-da Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin Azərbaycan və Türkiyə rəhbərlərini təhqir etməsinə də toxunub: “O əyalət mollası cəzalandırılmalıdır”, – deyib.

“Görünür ki, Makron Azərbaycansız yaşaya bilmir”

Əliyev müsahibəsində Qərb dövlətlərini də tənqid edib və Fransa Prezidenti Makronu Azərbaycanla bağlı cəfəng iddialar səsləndirməkdə günahlandırıb.

Fransa Prezidenti Azərbaycanı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham etmişdi. Əliyev isə bu iddialarla razılaşmır:

“Dünən Fransa Prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik”.

Foto: president.az

“Amerikada da Soros dövrü başa çatıb; Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib”

ABŞ-nin hazırki hakimiyyətini qınayan Əliyev Bayden administrasiyasını sorosçu adlandırıb:

“Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu. Təsadüfi deyil ki, Baydenin son qərarlarından biri Sorosu Amerikanın ən yüksək mükafatı ilə təltif etməsi idi. Yəni bu sorosçular faktiki olaraq mövqelərini itirirlər. Ermənistan rəhbərliyi bunu da nəzərə alsın. Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar”.

“Zəngəzur dəhlizi açılacaq”

Ölkə başçısı Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub.

Bildirib ki, Zəngəzur dəhlizi açılacaq:

“Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”.

Əliyev ümid edir ki, sülh sazişi ilə bağlı Azərbaycanın bütün şərtləri qəbul ediləcək:

“Bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir”.

“Yıxılana balta vuran çox olar”

Bəs Tramp adminstasiyası dövründə Bakı-Vaşinqton münasibətləri necə olacaq? Zəngəzur dəhlizi açıla bilərmi?  

Bu suala cavab verən siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə deyir ki, Tramp administrasiyası dövründə Azərbaycanla münasibətlər bir qədər yumşalacaq:

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Baydendən fərqli olaraq Trampın hakimiyyəti dövründə Azərbaycanla münasibətlər bir qədər yumşaq olacaq. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Subyektiv səbəb odur ki, Tramp Bayden deyil, Bayden klassik siyasətçidir. O, siyasət, diplomatiya doqmalarına riayət edən şəxsiyyətdir, yəni bu tip siyasətçilər üçün hər şeydən öndə dövlət maraqları durur. Klassik siyasətçiləri populist siyasətçilərdən fərqləndirən bir cəhət var: onlar fikirlərdən çox hərəkətlərə və davranışlara önəm verirlər. Onlara xırda dövlətlərin iradlarına bir qədər yuxarıdan aşağı baxırlar: “Hə, deyir də, nə olsun” və s. Yəni şəxsi məqsdələrini önə çəkmirlər. Amma Tramp fərqlidir, şəxsi maraqlarına önəm verir və bu baxımdan onun çağırışlarını görməzdən gəlmək də olmaz. Əliyevin indi Bayden administrasiyası haqqında dedikləri də təsadüfi deyil. Çünki Bayden hakimiyyətdən gedir və onu tənqid etmək asandır. Bizim məşhur bir atalar sözümüz var: “Yıxılana balta vuran çox olar”. Bunu daxili siyasətdə daha çox görürdük, amma artıq xarici siyasətdə də özünü göstərir. Görünür, bu, xasiyyətimizdədir. Bir adam hakimiyyətdə, vəzifədə olanda haqqında bir söz deyilmir, gedən kimi məlum olur ki, oğrudur, korrupsionerdir və s”.

“Dəhliz Rusiyanın diqqətində olan məsələdir“

Mirqədirov düşünür ki, Zəngəzur dəhlizi gec-tez açılacaq, çünki kommunikasiyalar bölgə üçün vacibdir:

“Söhbət kommunikasiyalardan gedir, çünki “Zəngəzur dəhlizi” ifadəsi hansısa bir sənəddə əksini tapmayıb, ona görə də bölgədə hər hansı kommunikasiyaların açılması gözləniləndir. Bu məsələdə də əsasən Rusiyanın diqqətində olan məsələdir. Ona görə də burada bir sıra fikir ayrılıqları var. Bu da Bakı ilə Yerevan arasındakı fikir ayrılıqları deyil, Rusiyanın maraqlarından doğur. Moskva bu dəhlizə, yəni kommunikasiyalara nəzarət etmək istəyir. Azərbaycan, yəni İlham Əliyev bu məsələdə odla su arasında qalıb. Bir tərəfdən kommunikasiyaların açılmasını istəyir, amma digər tərəfdən Rusiyanın nəzarətini istəmir. Rusiya da indi kifayət qədər ağır vəziyyətdədir, Putin də qəzəblidir. Çünki Suriyada da məğlubiyyətə uğrayıb. Ona görə də Trampın hakimiyyətə gəlməsinə çox böyük ümidləri var. Düşünürlər ki, Ukrayna ilə müharibənin dayandırılması istiqamətində Tramp müəyyən addımlar ata, Putinlə danışıqlara apara bilər. Ona görə də indi Tramp administrasiyası ilə ehtiyatlı və yumşaq münasibətlərə önəm verməyə çalışırlar”.

Azərbaycanın Zəngəzur ərazisinə hərbi müdaxilə imkanlarına gəlincə, Mirqədirov düşünür ki, bu, bütün beynəlxalq normalara ziddir:

“Azərbaycan Zəngəzura, Ermənistan ərazisinə müdaxilə edəcəksə, bu bütün beynəlxalq normalara zidd olacaq. Ola bilər, desinlər ki, Ermənistan da 30 il beynəlxalq normaları pozub, amma bu, Azərbaycana əsas vermir və bəraət qazandırmır. Əgər belə bir şey olacaqsa, bölgə bütövlükdə Rusiyanın nəzarəti altına düşəcək. Düşünmürəm ki, indiki halda, Azərbaycan belə bir addım atsın və hərbi yoldan istifadə etsin. Çünki ciddi beynəlxalq təpkilərlə üz-üzə qalacaq”.

Ana səhifəSiyasətSiyasi şərhçi: “Əliyev indi odla su arasında qalıb”