Siyasi şərhçi: “Düşünmürəm ki, Rusiya təyyarəni bilərəkdən vurub”

Foto: Reuters

Təhlükəsizlik eksperti: “Konkret planlı işdir, görünür, təyyarənin izini itirməyə çalışıblar”

AZAL-ın Bakı-Qroznı aviareysi üzrə hərəkət edən sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra yayılan videogörüntülər hadisə ilə əlaqədar müxtəlif fərziyyələrin yaranmasına səbəb olub.

Rus, həmçinin xarici hərbi blogerlər və aviasiya analitikləri təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynaya məxsus pilotsuz uçan aparatla səhv salınaraq vurulması fikrini irəli sürüblər.

Ehtimal olunur ki, təyyarə Qroznıda eniş edərkən dron hücumuna məruz qalıb.

Çeçenistanın Təhlükəsizlik Şurasının rəhbəri Həmzət Kadırov dekabrın 25-də Qroznıya pilotsuz təyyarə ilə hücumun baş verdiyini təsdiqləyərək itki və dağıntıların olmadığını qeyd edib.

Pilota enişə icazə verilməyib…

“VÇK-OQPU” pilotun Qroznıdakı dispetçerlərlə danışıqlarının stenoqramını dərc edib.

Pilot Qroznıya yaxınlaşarkən: “Təyyarənin idarəetməsini itirirəm”, – deyib.

Ekipaj bir neçə dəfə Qroznıya eniş edə bilməyib, daha sonra isə GPS naviqasiyası bloklanıb.

“Flightradar24”-ün məlumatına görə, bu, Çeçenistana hücum edən dronları “susdurmaq” üçün edilib.

Elektron maneələr pilotun dispetçerlə danışıqlarına da mane olub və təyyarə faktiki olaraq “kor qalıb”.

Təyyarə Bakıya uçmağa qərar verdikdə isə pilot güclü zərbə aldıqlarını bildirib.

Sonra təyyarənin idarəetmə və hidravlikası sıradan çıxıb.

Pilot “Mineralnıe Vodı”ya eniş istədikdə ona orada da, Mahaçqalada da güclü külək və duman olduğunu bildiriblər.

Daha sonra pilot idarəetmənin itirildiyini və hidravlikanın sıradan çıxdığını bildirib.

Saat 8:24-də pilot təyyarənin qəza vəziyyətinə düşdüyünü açıqlayıb və bundan dərhal sonra Qroznıdakı dispetçerlə əlaqə kəsilib.

“VÇK-OQPU” Bakı-Qroznı laynerinin vurulduğu yeri təxmin  edib.

Bu, Çeçenistanın Naur rayonu üzərində baş verib, burada bir neçə hərbi hissə, o cümlədən hava hücumlarından müdafiə vasitələrinin yerləşdiyi hərbi hissələr var.

Dispetçer və ekipajın danışıqlarına əsasən, təyyarəyə dəyən güclü zərbəni pilot quş sürüsü ilə toqquşma hesab edib. Bu, Qroznı aeroportundan təxminən 18 kilometr şimalda, Naur rayonu üzərində, 2,4 min metr hündürlükdə baş verib.

Məlumatlara görə, bu ərazidə “Barnaul-T” hava hücumlarından müdafiəsi idarəetmə sistemi, həmçinin bir neçə “Pansir-S” sistemi yerləşir.

Foto: Reuters

Sağ qalanlar partlayışdan danışır

Qəzadan sağ çıxanlar iki partlayış səsi eşitdiklərini və təyyarənin gövdəsinə zərbə dəydiyini hiss etdiklərini bildiriblər.

Bundan başqa, məhvedici elementlər gövdəni dəlib və hətta bəzi sərnişinləri yaralayıb.

Hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev qəzanın səbəbinin bəlli olmadığını, eyni zamanda da, müxtəlif variantların mövcudluğunu qeyd edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib ki, Azərbaycana məxsus “Embraer 190” təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Rusiya baş verənləri şərh etməyə tələsmir

Qazaxıstan təyyarənin vurulması fərziyyəsini “spekulyasiya” adlandırıb.

Kreml isə araşdırmanın nəticələrini gözləməyə çağırıb.

Xarici KİV: Azərbaycan hökumət mənbələri qəzaya Rusiya raketinin səbəb olduğunu bildirir

“Euronews” Azərbaycanın hökumət mənbələrinə istinadən yazır ki, Aktauda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasına Rusiyanın yer-hava raketi səbəb olub.

Mənbələrin bildirdiyinə görə, raket Qroznı üzərində pilotsuz uçuş aparatı zamanı 8432 saylı reysə atılıb və qəlpə uçuş zamanı təyyarənin yanında partlayarkən sərnişinlərə və kabin heyətinə dəyib.

Hökumət mənbələri “Euronews”a bildiriblər ki, qəzalı eniş üçün pilotların xahişlərinə baxmayaraq, zədələnmiş təyyarənin Rusiyanın heç bir hava limanına enməsinə icazə verilməyib və Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau istiqamətində uçması əmr edilib.

Məlumata görə, təyyarənin GPS naviqasiya sistemləri dənizin üstündəki uçuş marşrutu boyunca tıxanıb.

Raket “Pansir-S” hava hücumundan müdafiə sistemindən atılıb.

Rusiya mənbələrinin məlumatına görə, “Azərbaycan Hava Yolları”nın reysi Çeçenistan ərazisi üzərindən keçərkən Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus PUA-ları vurmağa fəal cəhd edirmiş.

Ekspertlər nə düşünürlər?

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Meydan TV-yə deyir ki, təyyarəni vuran Rusiyadır:

Ərəstun Oruclu
Ərəstun Oruclu, Mənbə: Meydan TV

“Təyyarənin qəsdən vurulub-vurulmaması barədə hələ yekun bir fikrə gələ bilməmişəm. Məsələnin digər tərəfi var. Hadisədən sonra bunu gizlətməyə çalışıblar və təyyarəni müxtəlif istiqamətlərə, o cümlədən Qazaxıstana yönəldiblər. Konkret planlı işdir, görünür, təyyarənin izini itirməyə çalışıblar. Ona görə də məhz Xəzər dənizi üzərindən Aktauya yönəldiblər ki, bəlkə, dənizə düşər. Amma vurulmanın dəqiq olub-olmadığını deyə bilmərəm. Hesab edirəm ki, yarıbayarı hər iki ehtimalın şansı var”.

Ekspert “VÇK-OQPU” pilotun Qroznıdakı dispetçerlərlə danışıqlarının stenoqramını da dezinformasiya sayır.

“Təyyarə vurulubsa, bu artıq Rusiyanın boynuna qoyulacaq”

Siyasi şərhçi Rauf Mirqədirov da təyyarənin vurulduğunu ehtimal edir:

“Təyyarə Qroznıya uçur. Sonra Mahaçqalada enməyə çalışır, o da alınmır və Aktauya uçur. Ən birinci mənim ağlıma gələn sual bu oldu ki, Zaqatalada Beynəlxalq Hava Limanı açmışıq. Hər halda bütün xəritələrdə belə bir hava limanın olduğu göstərilir. Qroznı ilə Zaqatala arasında birbaşa xətt üzrə məsafə cəmi 200 kilometrdir. Nə üçün təyyarə Azərbaycan ərazisinə, Zaqatalaya uçmayıb? Doğrudan da, bu hava limanı hazırda istismar olunurmu? Öz ərazimizdə endirib, daha operativ müdaxilə etmək olardı. Hər halda Aktau daha uzaqdır, həm də Qazaxıstandır, Xəzərin o tayıdır”.

Mirqədirov təyyarənin bilərəkdən vurulduğunu düşünmür:

“Amma çox ağır bir cinayət baş verib. Artıq quş sürüsü ilə toqquşub zədə aldığı da deyilmir. Yəni bu versiyanı hallandıranlar daha yoxdur. Bütün hallarda çox ağır cinayət baş verib. Həmin gün Qroznıya Ukrayna dronlarının hücumu olub. Bu o deməkdir ki, çox təbii olaraq hava hücumundan müdafiə sistemi işə salınıb. Hərəkətə gətirilib və həmin dronların sıradan çıxarılması üçün hədəf kimi qəbul olunub və atəş açılıb. Rusiya tərəfinin bəyanatına görə, bütün dronlar məhv edilib. Bu o deməkdir ki, əgər söhbət hava döyüşlərindən gedirsə, həmin hava məkanı bütün mülki təyyarələr üçün bağlanmalıdır”. 

“Ukrayna tərəfindən mütəmadi vurulan Qroznıya niyə mülki təyyarə göndərilib?“

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Son günlər Ukrayna tərəfindən mütəmadi vurulan Qroznıya niyə mülki təyyarə göndərilib? Niyə bu reyslər təxirə salınmayıb? Hava məkanı mülki təyyarələrə bağlanmadığı üçün artıq cinayət baş verib. Azərbaycan təyyarələri indi də Rusiyaya, dron və raketlərin hücumuna məruz qalan digər şəhərlərinə uçur. Amma əksər hallarda hətta Moskva bu cür hücumlara məruz qalanda, hava məkanı, aeroportlar bağlanır. Fakt ondan ibarətdir ki, həmin gün Qroznı üzərindəki  hava məkanı mülki təyyarələr üçün bağlanmayıb. Bu artıq beynəlxalq hüquq normalarına görə ağır cinayətdir“, – deyə siyasi şərhçi vurğulayıb.

Onun sözlərinə görə, təyyarənin vurulub-vurulmadığını mütəxəssislər bildirəcəklər:

“İndi çoxlu versiyalar var ki, təyyarədə dəliklər var. Bu dəliklərin hava hücumundan müdafiə sistemlərinin atəşi nəticəsində yarandığı ehtimal olunur. Amma düşünmürəm ki, bunu bilərəkdən edə bilərlər. Çünki Ukrayna dronlarının boynuna qoymaq mümkün deyil. Onların hədəfləri yerdədir. O dronlar hava döyüşü üçün nəzərdə tutulmayıb. Əgər təyyarə kənardan təsir nəticəsində vurulubsa, bu artıq Rusiyanın boynuna qoyulacaq. Bunun kifayət qədər ciddi problemə çevrilməsi, münasibətlərə ciddi təsir etməsi məsələsi var“.

“Düşünmürəm ki, Rusiya hakimiyyəti Azərbaycan təyyarəsini bilərəkdən vurmaqda, uşaqların, qadınların qətlə yetirilməsində maraqlı olsun. Rusiya tərəfinin belə bir addım atmaqda heç bir marağı yoxdur. Amma bütün hallarda cinayət faktı var və hava məkanı bağlanmalı idi”, – Rauf Mirqədirov deyib.

AZAL-ın Bakı-Qroznı reysi 2024-cü il mayın 8-dən fəaliyyətə başlayıb.

Bakıdan Qroznı şəhərinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə — çərşənbə və bazar günləri həyata keçirilib.

Sosial mediada yazılan fikirlərə əsasən yeni reysin açılmasına səbəb quru sərhədlərin bağlı olmasıdır.

2024-cü il dekabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarova Dağıstan Xalq Məclisinin sədri Zaur İsgəndərovla görüşüb.

Görüş zamanı Rusiya – Azərbaycan quru sərhədinin açılması məsələsi müzakirə olunub.

Azərbaycanın quru sərhədləri artıq 5 ilə yaxındır ki, bağlıdır. Bu qərar 2020-ci ilin martında koronavirus infeksiyasına ilk yoluxma halı müəyyən edildikdən sonra tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində qəbul edilib. Həmin vaxtdan xüsusi karantin rejiminin müddəti dəfələrlə uzadılıb. Nazirlər Kabinetinin ən son bu ilin sentyabrında elan etdiyi qərara görə, Azərbaycan ərazisində xüsusi karantin rejimi ən azı gələn ilin yanvarına qədər davam edəcək.

AZAL-a məxsus “Embraer 190” Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda Prezidentin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Ana səhifəSiyasətSiyasi şərhçi: “Düşünmürəm ki, Rusiya təyyarəni bilərəkdən vurub”