Siyasi şərhçi: “Azərbaycan yenidən Avropa Şurasına qayıda bilər”

Foto: president.az

Sentyabrın 23-də prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.

AZƏRTAC-ın məlumatına görə, görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Amma rəsmi agentlik qeyd edilən əməkdaşlığa aid müzakirələrin detallarını açıqlamayıb.

Qarşılıqlı maraqlar

Görüşü Meydan TV-yə şərh edən siyasi şərhçi Rauf Mirqədirov Azərbaycanın yenidən Avropa Şurasına qayıdacağını istisna etmir.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Azərbaycan Avropa Şurasına geosiyasi və iqtisadi səbəblərdən qayıtmaq istəyir. Çünki “çörəyi” Qərbdən çıxır, enerji ehtiyatlarını satır. Qərbin də Azərbaycanla bağlı gözləntiləri fərqlidir. Qərb Cənubi Qafqaza, xüsusilə Orta Dəhliz marşrutuna nəzarət etməyə çalışır”, – siyasi şərhçi deyir.

2024-cü ilin yanvarında AŞPA Azərbaycanın səsvermə hüququnu dayandırıb. Qərarın əsas səbəbi kimi Azərbaycan hökumətinin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməməsi göstərilib.

Bakı bu addıma cavab olaraq AŞPA ilə əməkdaşlığı rəsmi şəkildə dayandırdığını bəyan edib və əleyhinə səs verən bəzi Avropa parlamentarilərini ölkəyə buraxmamaq qərarı alıb.

Azərbaycan rəsmiləri bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunacağı təqdirdə qurumla əməkdaşlığa yenidən hazırdırlar
Siyasi məhbus məsələsində “Alver fondu”

Rauf Mirqədirov Azərbaycanın Avropa Şurasına qayıtdıqdan sonra siyasi məhbusların azad oluna biləcəyinə ümid edir:  

“Azərbaycanda hələ də siyasi məhbuslar var və görünür ki, bu məsələdə bir növ “Alver fondu” formalaşdırılıb. Yəni bu şəxslərin mərhələli şəkildə azadlığa buraxılması, Qərb tərəfindən demokratiya istiqamətində pozitiv addım kimi qiymətləndiriləcək. Qayıdış baş verə bilər və məncə, baş verəcək. Amma yenə də deyirəm ki, çox böyük gözləntilərlə yaşamağa dəyməz”.

 “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin ən son siyahısına görə, hazırda ölkədə 375 siyasi məhbus var.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olduğunu birmənalı şəkildə rədd edir, heç kimin fərqli düşüncəsinə, siyasi mövqeyinə görə təqib olunmadığını, onların konkret cinayət əməlinə görə həbs olunduğunu bildirirlər.
Ana səhifəSiyasətSiyasi şərhçi: “Azərbaycan yenidən Avropa Şurasına qayıda bilər”