Siyasi partiyalar da cərimələnəcək: Əliyev qanuna dəyişiklikləri təsdiqlədi

Cərimə. Foto: “pressklub.az”

“Hakimiyyət partiyaların xarici siyasi fəaliyyətini nəzarətə götürmək istəyir”

Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib.

Prezident İlham Əliyev bununla bağlı avqustun 16-da İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycanda xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər isə 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə olunacaq.

Eyni zamanda, partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək məbləğdə cərimələnəcək.

Həmçinin partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə “Siyasi partiyalar haqqında” Qanunla müəyyən edilən müddətdə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana (quruma) məlumatın təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 000 manatadək cərimə olunacaq:

“İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla, siyasi partiyanın sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olmasına görə inzibati xəta nəticəsində vurulan ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə ediləcək. Partiya tərəfindən dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə edilməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunacaq”.

Bundan əlavə göstərilir ki, partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə “Siyasi partiyalar haqqında” Qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək cərimə ediləcək:

“Partiyanın “Siyasi partiyalar haqqında” Qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni həmin qanunla müəyyən edilmiş müddətdə geri qaytarmamasına, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin 60 faizindən 80 faizinədək məbləğdə cərimə olunacaq”.

“Hakimiyyət partiyaların xarici siyasi fəaliyyətini də məhdudlaşdırmaq istəyir”

Dəyişiklikləri Meydan TV-yə şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, bu, ölkədə “Siyasi partiyalar haqqında” Qanunla məhdudlaşdırılan siyasi rəqabət mühitini daha da ağırlaşdıracaq.

Arif Hacılının sözlərinə görə, əlavə və dəyişikliklər icra hakimiyyətinə siyasi partiyaları daim nəzarət altında saxlamaq imkanı verir:

Arif Hacılı
Foto: Meydan TV

“Eyni zamanda, hakimiyyət bununla istənilən vaxt partiyaları yüksək cərimə etmək və qapatmaq üçün əlavə rıçaqlar əldə edir. Hakimiyyət siyasi partiyaların daxili siyasi həyatı ilə yanaşı, xarici siyasi fəaliyyətini də məhdudlaşdırmaq istəyir. Faktiki olaraq, qanun partiyaların həm ölkə daxilində, həm də xaricində apardığı siyasətin hakimiyyətin nəzarəti altına keçməsini hədəfləyib”.

“Dəyişikliklər mahiyyətcə mürtəce xarakter daşıyır və ölkədə avtoritar idarəçilik sistemini daha da sərtləşdirmək məqsədi güdür”, – deyə Hacılı fikrini tamamlayıb.

“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər partiyaların durumunu yaxşılaşdırmır”

Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının sədri Rəşad Bayramov isə deyir ki, dəyişikliklərdə qanundan sui-istifadəyə imkan yoxdur:

“Qanunda qəti şəkildə göstərilib ki, hansı hallarda cərimələr tətbiq olunur. Əgər partiya qeydiyyatda olmaya-olmaya fəaliyyətlə məşğul olursa, qadağandır. Yaxud başqa bir partiyanın nizamnaməyə əsasən yeni seçkili qurumları seçilmirsə, bu, qanun pozuntusu elan olunur”.

Amma o, yeni qanunun onsuz da ağır vəziyyətdə olan partiyalar üçün əlavə problemlər yaradacağını düşünür:

Rəşad Bayramov. Foto: R.Bayramovun şəxsi arxivindən

Həm “Siyasi partiyalar haqqında” Qanun, həm də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər partiyaların durumunu yaxşılaşdırmır. Bu gün partiyaların maliyyə imkanları məlumdur, yalnız parlamentdə olan partiyalar dövlətdən maliyyələşir. Yaxud sabah hər hansı partiyanın seçkili qurumlarının nizamnamə əsasında vaxtı bitibsə, yeni qurultay keçirməlidir, amma yer ayrılmırsa, cərimələnəcək. Ona görə partiya məcburdur ki, özəl sektordan pul götürüb tədbirini keçirsin. Bundan sonra bu kimi məsələlərə ciddi yanaşılacaq, çünki maliyyə intizamı ortaya çıxacaq”.

Qanun da, dəyişikliklər də mürtəce idi”

REAl Partiyasının Siyasi Komitəsinin üzvü, deputat Erkin Qədirli də dəyişiklikləri mürtəce sayır.

Mən iyun ayında Parlamentdə partiyalar haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr nəzərdə tutan dəyişikliklərin də əleyhinə səs vermişəm. Çünki “Siyasi partiyalar haqqında” Qanunun əleyhinə III oxunuşda səs vermişdim, qanunu mürtəce saymışdım. Ona görə də düşünürəm ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi də mürtəce dəyişiklikdir. Bu həm partiyalar, həm təsisçiləri, həm də ayrı-ayrı şəxslərin fəaliyyətinə müdaxilələrə səbəb olacaq”, – deyə deputat bildirib.

Erkin Qədirli
Foto: Meydan TV

“Qanun bütün partiyalara eyni qaydada tətbiq olunarsa, ölkədə partiyaların adı qalacaq”

Hüquqşünas Hafiz Həsənov İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin “Siyasi partiyalar haqqında” Qanunun mahiyyətindən irəli gəldiyi qənaətindədir:

“Müvafiq qanunda hansı qadağalar və məhdudiyyətlər nəzərdə tutulmuşdusa, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə də buna uyğun müəyyən olunub”.

O hesab edir ki, bu qədər də məsuliyyət tədbirlərinin nəzərdə tutulması birbaşa Konstitusiyada vətəndaşların birləşmək hüquqlarının, siyasi plüralizminin məhdudlaşdırılmasıdır:

“Bunlar ölkənin siyasi sistemi üçün yaxşı heç nə vəd etmir. Əksinə, “Siyasi partiyalar haqqında” Qanunun pozulmasına görə tənbeh və cərimələr nəticə etibarı ilə geriyə addımdır. Müvafiq qanunda və məlum dəyişikliklərdə Konstitusiyada bəyan olunan demokratik hüquqi prinsiplərə zidd məsələlər əksini tapıb. Əslində, hər addıma görə, partiyanın maliyyə, üzvlərin fəaliyyəti, sayı, xarici ölkələrə çıxışı haqda, yaxud əməkdaşlıqları və sazişlər bağlamasına məhdudiyyətlər müəyyən olunması artıq müdaxilə imkanlarına yol açacaq. Sanki partiyalara dar çərçivədə cızılmış dairədə fəaliyyətə göstərmək imkanı yaradırlar”.

Hafiz Həsənov. Mənbə: “Facebook”

Hafiz Həsənovun sözlərinə görə, qanun bütün partiyalara eyni qaydada tətbiq olunarsa, ölkədə partiyaların adı qalacaq:

Çünki sərt dövlət nəzarəti altında fəaliyyət göstərmək mümkünsüzdür. Hər addımda müdaxilə olacaqsa, ölkədə pariyaların normal fəaliyyətini və normal partiya institutunun formalaşmasına problem yaranacaq”.

O güman edir ki, müvafiq qanun və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər partiyaların əsl mahiyyəti üzrə mövcudluğunu aradan qaldıracaq:

Hələ də gec deyil, ona görə qanunvericiliyə yenidən baxılmalı, dövlətin nüfuzuna zərər verilən addımlar aradan qaldırılmaldır”.

“Siyasi partiyalar haqqında” Qanun nə vaxt qəbul olunub?

2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Hansı partiyalar buraxılıb?

Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.

Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır.

Həmin partiyaların rəhbərləri isə bu barədə məlumatları hökumətə yaxın media orqanlarından öyrənirlər.

Ana səhifəSiyasətSiyasi partiyalar da cərimələnəcək: Əliyev qanuna dəyişiklikləri təsdiqlədi