2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbus kimi tanınan şəxslər – Mehman Əliyev, Laçın Vəliyev, Samir Aşurov, Afiəddin Məmmədov, Fazil Qasımov və Hafiz Babalı “Siyasi Məhbusların Müdafiə Komitəsi”nin (SMMK) yaradıldığını elan ediblər.
Təşəbbüs Qrupunun Bəyannaməsində qeyd olunub ki, ölkədə hüquq və azadlıqlar ciddi şəkildə pozulur.
“Ölkəmizdə insan və hüquq azadlıqlarının – fikir və söz, vicdan, məlumat alma və yayma, sərbəst toplaşma, təhlükəsiz və azad yaşamaq, şəxsi toxunulmazlıq, şərəf və ləyaqətin qorunması, təqsirsizlik prezumpsiyası, ədalətli məhkəmə araşdırması, bərabərlik, birləşmək, özbaşınalıqdan müdafiə və vicdanlı idarəetmə kimi fundamental hüquqların pozuntularının tənqidi həddə çatdığını və artıq sistemli xarakter aldığını nəzərə alaraq:
Ədalət mühakiməsini həyata keçirməli olan məhkəmələrin müstəqil hakimiyyət orqanı statusunu tamamilə itirərək siyasi sifarişlərin icra olunduğu qanunsuzluq və ədalətsizlik mühitinə çevrildiyini narahatlıqla müşahidə edərək, ‘Siyasi Məhbusların Müdafiəsi Komitəsi’nin (SMMK) yaradıldığını cəmiyyətə bəyan edirik”.
Bəyannamədə Komitənin əsas məqsədləri belə qeyd olunub:
“Siyasi məhbusların hüquq və mənafelərini ölkə daxilində və onun hüdudlarından kənarda qanuni üsullarla qorumaq və müdafiə etmək”;
Yerli mediada siyasi məhbuslar əleyhinə aparılan “sifarişli qarayaxma kampaniyalarına qarşı adekvat mübarizə aparmaq”;
Məhkəmə prosesləri barədə ictimaiyyəti mütəmadi şəkildə məlumatlandırmaq;
Siyasi məhbusların azadlığa buraxılması üçün yerli və beynəlxalq təşkilatlarla əlaqələr qurmaq.
Bəyanatda qeyd edilir ki, Komitə dilindən, dinindən, cinsindən və siyasi baxışlarından asılı olmayaraq onun məqsədlərini dəstəkləyən bütün şəxsləri bir araya gətirir.
Həmçinin vurğulanır ki, Komitə ən azı üç nəfərdən ibarət icra orqanı formalaşdırır və sədr rotasiya prinsipi ilə seçilir. İclaslar isə həm əyani, həm də virtual formatda keçirilə bilər.
Bəyannamədə bildirilir ki, Komitə öz fəaliyyəti barədə mütəmadi hesabatlar açıqlayacaq, sosial şəbəkələrdə rəsmi hesablar yaradacaq və siyasi məhbusların saxlanma şəraiti ilə bağlı Penitensiar Xidmət və Ombudsman Aparatı ilə əlaqə saxlayacaq.
Qeyd olunur ki, siyasi məhbuslar mövzusunun ictimai gündəmdə saxlanılması üçün Komitə həm müstəqil şəkildə, həm də digər təşkilatlarla birgə aksiyalar keçirəcək.
Sonda Komitə digər qurumlara və hüquq müdafiəçilərinə “siyasi məhbuslara göstərdikləri dəstəyə görə” təşəkkürünü bildirir və SMMK-nın fəaliyyətinə töhfə verməyə çağırır.