Hazırda həbsdə olan İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımov və “AbzasMedia işi” üzrə həbs olunan araşdırmaçı jurnalist Hafiz Babalı BMT-nin Baş katibi Antonio Quterreşə müraciət edib.
“Siyasi Məhbusların Müdafiə Komitəsi”nin təşəbbüs qrupu adından BMT rəhbərliyinə ünvanlanan müraciətdə Azərbaycan hakimiyyəti beynəlxalq öhdəlikləri yerinə yetirməməkdə ittiham edilir. Sənəddə xatırladılır ki, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt” və “İşgəncələrə qarşı Konvensiya” insan hüquqlarının qorunması sahəsində əsas sənədlərdir.
“Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ilk 10 il ərzində hər üç beynəlxalq müqaviləyə tərəfdar çıxsa da, bu müqavilələrdə təsbit edilmiş fundamental hüquq və azadlıqlar hazırda Azərbaycan hakimiyyəti tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə sistemli şəkildə pozulur”, – deyə onlar müracciətdə qeyd edib.
Müraciət müəllifləri bildirir ki, beynəlxalq təşkilatların məlumatına görə, ölkədə siyasi motivlərlə həbs olunanların sayı 400-ə yaxınlaşıb. Onların fikrincə, bu vəziyyət hakimiyyət bölgüsü prinsipinin aradan qalxdığını və məhkəmələrin müstəqilliyini itirdiyini göstərir. Sənəddə qeyd olunur ki, məhkəmə proseslərində yol verilən özbaşınalıqlar təqsirləndirilən şəxslərin azadlıq, təqsirsizlik prezumpsiyası, müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarına açıq-aşkar hörmətsizlikdir.
Eyni zamanda vurğulanır ki, məhkəmələr ittiham yönümlü fəaliyyət göstərir, müdafiə tərəfinin sübut və vəsatətlərinə əhəmiyyət verilmir, vəkillərin işinə müdaxilələr edilir. Müdafiə tərəfinin iş materialları ilə tanış olması üçün süni maneələr yaradıldığı, vəkillərin peşə fəaliyyətinə görə hədə-qorxu ilə üzləşdiyi qeyd olunur. Nəticədə təqsirləndirilən şəxslər effektiv müdafiə imkanlarından və keyfiyyətli hüquqi yardımdan məhrum edilir.
Müraciətdə həmçinin bildirilir ki, polis və ədliyyə orqanlarında saxlanılan şəxslərin işgəncələrə və qeyri-insani rəftara məruz qalması ilə bağlı iddialar tam olaraq araşdırılmır. Penitensiar müəssisələrdə saxlanılan şəxslərin məhkəməyə, prokurorluğa və Ombudsmana şikayət vermək hüququnun pozulduğu vurğulanır. Müəlliflər deyir ki, bu hallar vəzifəli şəxslər üçün cəzasızlıq mühiti yaradır və ölkədə qanunun aliliyinin təmin olunmadığını göstərir. Bununla yanaşı, siyasi təqiblərin genişlənməsi cəmiyyətdə qorxu və itaət mühitinin formalaşmasına gətirib çıxarır:
“Bu baxımdan, siyasi motivlərlə həbs edilmiş azərbaycanlı alimlər, jurnalistlər, ictimai fəallar və QHT nümayəndələri Azərbaycanda aparılan siyasi repressiyalara BMT rəhbərliyinin səssiz qalmayacağına ümid edir. Ona görə də biz müraciət edərək, WUF13 çərçivəsində keçirəcəyiniz görüşlərdə siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etməyinizi və peşə fəaliyyətinə görə həbs edilmiş qadın jurnalistlərə baş çəkməyinizi xahiş edirik”.
“Siyasi Məhbusların Müdafiə Komitəsi” ötən ilin noyabrında 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbus kimi tanınan şəxslər – Mehman Əliyev, Laçın Vəliyev, Samir Aşurov, Afiəddin Məmmədov, Fazil Qasımov və Hafiz Babalı tərəfindən yaradılıb.