Siyasətdən daha güclü – İlham Əliyevin dayaqları – ana-bacı…

Bakıda olanda demokratik düşərgədən bir dostum mənə dəhşətli bir şey danışdı.

Source:

Bakıda olanda demokratik düşərgədən bir dostum mənə dəhşətli bir şey danışdı. O iki həftə idi ki, evində bir qız gizlədirdi. İctimai sektora yaxın olmayan bu qız bir dəfə müxalifətin mitinqinə çıxmışdı. Dostumun dediyinə görə, mitinqdən sonra  naməlum adamlar onu oğurlamış, on gündən çox hansısa zirzəmidə saxlayıb, hər gün zorlamışdılar. Daha sonra qıza demişdilər ki, başına gətirilənləri mətbuata danışsa, onun başına gətirdiklərinin görüntülərini yayacaq, üstəlik, bütün ailəsini məhv eləyəcklər. Qıza bir daha mitinqlərə çıxmamğı tapşırmışdılar.

İndisə söhbəti, bir az siyasiləşdirək.

Atası Heydər Əliyevdən fərqli olaraq, İlham Əliyev o qədər də yaxşı natiq deyil. O  az qala hər çıxışında  ya məntiqi, ya qrammatik, ya riyazi səhv buraxaraq, sonradan gülüş hədəfinə çevrilir. Özü də təkcə demokratik düşərgənin deyil, həm də ya səmimi, ya də məcburən onu dəstəkləyənlərin gülüş hədəfinə. «500 faiz», «Koroğlu yaxşı vətəndaş idi», «Ramiz, eşidirsən məni?», «Bəlkə bir az yavaşlayaq?», «Yumurtanın qiymətini qaldıranlar cəzalanmalıdır» kimi dodaq qaçıran ifadələri siyasətdən tamam uzaq adamların da dilinə düşüb.

Amma bircə dəfə İlham Əliyev öz müsahibəsində zərgər dəqiqliyi ilə bir ifadə işlətdi:  «Azərbaycan xalqının mentaliteti bizim onları idarə etməmizi asanlaşdırır». Bu cümlənin həqiqət yükünü izah etmək uzun-uzadı yazılar tələb edir. Mən xalq şairi, ən azından YAP-çı şair olsaydım, bu cümləyə şeir qoşar, Gövhər Rzayevaya musiqi bəstələtdirər, sonra da əməkdar artist adını alan müğənilərdən birinə, məsələn, şahsevərliyi ilə xüsusi seçilən Tünzalə Ağayevaya  oxutdurar, axırda da yağlı bir «Şərəf» ordeni alardım.

Zarafat bir yana, axı İlham Əliyev bu məsələdə haqlıdır. Razıyam, hakimiyyət güclüdür. Sərvəti ağlasığmaz dərəcədə çoxalıb. Bütün bu illər ərzində polisini, xüsusi xidmət əməkdaşlarını, şilləvuranlarını yedirib, bəsləyib, harınladıb. Repressiyalarla, sındırmalarla insanların gözünü o ki var qorxudub. Bəzilərini satın alıb. Amma onların hakimiyyətinin gücü təkcə polisdə, idmançıda, hilləvuranda, pulda ola bilməz axı.

Azərbaycanlıların hər şeyləri – mentaliteti, dini, millət kimi özəllikləri İlham Əliyev rejiminə xidmət edir. Din azərbaycanlını şaha qarşı çıxmamağa, ona Allahın yerdəki kölgəsi kimi baxmağa çağırır. Mentaliteti onu qorxu içində yaşadır. Bu mentalitetin hesabına hakimiyyət bəzən hətta ən qatı müxalifətçiləri də bir pornokasetlə, məişət, şəxsi zəmində bir «ifşa»etmə qorxusu ilə sındıra, prosesdən kənarlaşdıra bilir. Bu mentalitetin hesabına atalar qızlarını evdən çölə, həmçinin etirazlara, ictimai fəaliyyətə buraxmır. Bu mentalitetin sayəsində azərbaycanlıların qadın cəbhəsi zəifdir.  Çünki mentalitet qadının gözünü qorxudur. Çünki  küçədə polis qadına əl vursa, söysə, təhqir etsə, insanlar polisə deyil, qadına  pis gözlə baxırlar. Əksəriyyətin münasibəti: qadınsan, otur qadın yerində, küçədə, bu kişilərin arasında nə itin azıb ki, sənə də əl qaldırsınlar?!»

Azərbaycan mentaliteti həbsə düşəni tez sınmağa, siyasətçini tez güzəştə getməyə, etirazçı gənci tez geri çəkilməyə məcbur edə bilir. Bir və ya iki dəfə adamları ana-bacıları, arvad-uşaqları ilə qorxudurlar, vəssalam. Hətta rejimə xidmət edib, keçmiş cəbhə yoldaşlarının, tanıyanların nifrətinə, kinayəsinə belə tuş gəlməyi, ana-bacı məsələsində «sınmaqdan» daha avantajlı hesab edirlər. Çünki qohum-əqrəba, dost-tanış, qohum-qonşu, bir sözlə böyük əksəriyyət adamın mövqeyini dəyişməyini bağışlaya bilər, amma məsələ ana-bacıdısa, bu bağışlanmazdı.

İsmayıllı hadisələri bir ana-bacı söyüşünün üstündə baş vermədimi? İllərlə radikal müxaliftəçilikləri ilə tanınan liderlərdən neçəsi ana-bağı söhbətlərində sınmadılarmı?

Bu ölkədə məişət əxlaqı, məişət namusu, ana-bacı bütün dəyərlərdən, vətəndaş mövqeyindən, siyasi mövqedən, partiyadan, xalqdan – hər şeydən üstündür.

Nəticə: İlham Əliyevə qalib gəlmək üçün əvvəl ana-bacıya qalib gəlmək lazımdır.

Ana səhifəMənim FikrimcəSiyasətdən daha güclü – İlham Əliyevin dayaqları – ana-bacı…