Şıxlinski küçəsinin sakinləri: Yolumuzu özümüzə qaytarın

4 ildən çoxdur ki, bir nəfər qaraj tikdirərək bir neçə binanın sakinlərinin yolunu bağlayıb

Source: Meydan TV


4 ildən çoxdur ki, bir nəfər qaraj tikdirərək bir neçə binanın sakinlərinin yolunu bağlayıb

“Deyir, sənədim yoxdur, əvəzində lazım olan adamlardan razılıq almışam, tikirəm. Razılıq olmasaydı, yolun ortasında daş üstünə daş qoya bilməzdim. Pulunu verib yolu almışam, tikirəm, əcəb edirəm. Əvvəllər bir neçə dəfə sakinlər özləri yığışıb tikintinin qarşısını almaq istədi, adamları daşqalaq elədi. Sakinlərə xəsarət yetirdiyinə görə iki dəfə DİN 102 xidmətinə zəng vurmuşuq. Hətta bir dəfə təcili yardım da gəlib, daşla xəsarət alan sakinlərdən birinə yerindəcə tibbi yardım göstərib. Bir sözlə, bu adam ipə-sapa yatmır, heç kəs öhdəsindən gələ bilmir, aidiyyəti qurumlar da bizi sakitləşdirməklə, vaxt qazanmaqla məşğuldur, heç biri tədbir görmür”.

Bakı şəhəri, Şıxlinski küçəsi, 8 saylı binanın sakinləri Meydan TV-yə danışırlar ki, bu küçəylə paralel olan küçənin sakini Nizami Həsənov özünə qaraj tikdirərək piyadaların gediş-gəlişini məhdudlaşdırıb. 4 ildən çoxdur ki, ərazidə yaşayanlar tikilinin sökülməsi və yolun bərpası üçün aidiyyəti qurumlara müraciət edirlər. Ancaq problem həllini tapmır. Sakinlər hətta daxili işlər nazirinə, prezidentə də müraciət ediblər. İstədikləri odur ki, əsasən məktəblilərin istifadə etdiyi yolu kəsən tikili sökülsün, yol əvvəlki kimi genişləndirilsin.



Bir nəfər yüzlərlə adamın həyatını təhlükəyə atır”

“Bu adam qonşu küçədə yaşasa da, qarajı bizim küçədə tikdirib, geniş yolu zəbt edib, piyadalar üçün dar cığır saxlayıb. Bu yol ətrafdakı binalarda yaşayan sakinlərin istifadə etdiyi əsas piyada yoludur. Yaxınlıqdakı üç məktəbin şagirdləri, müəllimləri günün bütün saatlarında bu yolla məktəbə gedib-gəlirlər. Məktəb başlayanda səhər saatlarında dar cığırda insan tıxacı yaranır. Uşaqlar məcbur olurlar ki, alternativ yol kimi avtomobil yoluna çıxsınlar. Bu da onların həyatına təhlükə yaradır. Bir nəfər bir neçə binanın yüzlərlə sakininə sanki meydan oxuyur. Deyir, yol mənimdir, pulunu verib, almışam, əliniz hara çatır, gedin. Gah deyir “sənədim var, gah deyir “sənədim yoxdur, adamım var, pulum var…” Hərəyə bir söz deyir”.



Sökdüyünü təzədən tikir”

Bir neçə binanın sakini də əlləri çatan yerlərə – Xətai Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiiyyətinə, ərazi üzrə 35-ci polis bölməsinə, hətta daxili işlər nazirinə və prezidentə məktub göndəriblər:

“4 ildir ki, yazırıq, gəlirlər, baxırlar, deyirlər, yolu qanunsuz zəbt edib, darıxmayın, söküləcək, ancaq ortada heç nə yoxdur.

Küçənin vəziyyəti
Küçənin vəziyyəti

Bu ilin yanvarında həmin tikili qəzalı vəziyyətə düşdü. Biz yenə də eyni dövlət qurumlarına və Fövqəladə Hallar Nazirliyinə məktubla müraciət etdik. Nazirliyin nümayəndələri gəldi, sənəd tələb etdilər, sənəd təqdim edə bilmədi. Nümayəndələr bildirdilər ki, ərazidə bir yanğın təhlükəsi, yaxud başqa fövqəladə bir hadisə baş versə, bu tikiliyə görə hər hansı texnika əraziyə daxil ola bilməyəcək. Nəticədə yenə sökülmə ilə bağlı şifahi tapşırıq verildi. Nizami Həsənov qarajı sökməyə başladı, ancaq axıra kimi sökmədi, yarımçıq saxladı. Yerli icra hakimiyyətindən isə sakinlərə bildirildi ki, narahatlığa əsas yoxdur, 3 həftə əvvəl gördük ki, adam yenə əraziyə tikinti materialları, fəhlə qüvvəsi töküb, sökdüyünü təzədən bərpa etdirir. Xətai rayon 35-ci polis bölməsinə müraciət etdik, polislər gəldi, işi dayandırdılar, bildirdilər ki, onların səlahiyyəti yalnız işi dayandırmağa çatır, qalan məsələlərlə aidiyyəti qurumlar və məhkəmə məşğul olmalıdır”.



Deyir, hara istəyirsiz, şikayət edin”

Sakinlər növbəti dəfə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Nəzarət Şöbəsinə müraciət ediblər. Komitənin ərazi üzrə nümayəndələri gələrək sakinlərə tikintini aparılmasının qeyri-qanuni olduğunu deyiblər. Ərazi üzrə Mənzil İstismar Sahəsinin rəisinə şifahi tapşırıqlar verib gediblər:

“Tapşırdılar ki, tikili tamam sökülsün, sakinlərin gediş-gəlişi yol bərpa edilsin. MİS rəisi də Nizami Həsənova tikilini sökməyi tapşırdı. Nizami Həsənov işi dayandırsa da, yarımçıq tikilini sökmür. Burdan da belə anlaşılır ki, ara sakitləşəndən sonra o, yenə də işini davam etdirəcək. İcra hakimiyyəti tikilinin sökülməyini istəsəydi, əlində 5 dəqiqəlik iş idi, ağır texnikaları əraziyə töküb çoxdan şumlatdırardı. Biri daşın üstünə daş qoyan kimi tutub polisə aparırlar, gəlib tikdiyini yerlə yeksan edirlər. Necə olur ki, 4 ildir icra hakimiyyəti bir qarajı sökdürə bilmir? Yaxud vətəndaşı məhkəməyə verib məhkəmə yolu ilə sökdürmür? Demək ki, ortada başqa maraqlar var və buna görə də o adam özündən razıdır, deyir, hara istəyirsiniz, şikayət edin”.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin narazılığı haqlıdır. Tikinti qanunsuzdur və tikintini aparan şəxsə qanunsuz tikilini öz hesabına sökməklə bağlı xəbərdarlıq olunub. Yaxın günlərdə icra hakimiyyətinin əməkdaşları yenə əraziyə baş çəkəcək, lazımi tədbirlər görüləcək. Qurumdan o da bildirilib ki, vətəndaş tikintini bundan əvvəlki icra hakimiyyəti rəhbərliyinin vaxtında həyata keçirdiyindən razılığı hansı formada alması məlum deyil.

Meydan TV Nizami Həsənovla əlaqə saxlaya bilməyib.

Ərizə
Ərizə
Ana səhifəSosialŞıxlinski küçəsinin sakinləri: Yolumuzu özümüzə qaytarın