”Bələdiyyə sədrinin kim olduğunu bilmirik”
“Zibil qutusu yəqin çox baha olmaz. Ən azı ona görə büdcədən milyonlar ayırmağa gərək yoxdur. Bir zibil qutusunun mahiyyəti nədir ki, gətirib ikisini, üçünü kəndə qoymurlar. İnsanlar zibillərini dərəyə atır. Onu da min dəfə şikayət edəndən sonra gəlib bir dəfə təmizləyirlər. Qalan vaxt iydən-qoxudan birtəhər oluruq. Hər şey bir yana, külək əsəndə kənddə plastik sellofanlar uçuşur. Gəlib çəpərlərə ilişir, bezmişik”.
Qazaxın Birinci Şıxlı kəndinin sakinləri belə deyirlər. Onlar Meydan TV-yə müraciət edərək bildiriblər ki, indiyə qədər şikayət etmədikləri yer qalmayıb. Ancaq bir xeyri olmayıb, baxmayıblar.
Kənddə zibil atmaq üçün qutu yoxdur. Sakinlər məişət tullantılarını kənddə özləri müəyyən etdikləri bir yerə tökürlər. Həmin ərazinin yaxınlığında evlər var. Sakinlər antisanitariyadan şikayət edirlər. Külək olanda zibil qalıqlarının həyətlərinə yayıldığını söyləyirlər.
“Dəfələrlə kəndə zibil qutusu qoyulması üçün bələdiyyəyə müraciət etmişik. Biz böyük bir şey istəmirik. Lazımi avadanlıqdır, hər kənddə zibil tökməyə yer olmalıdır. Bələdiyyə nə işlə məşğul olmalıdır? Biz hələ bələdiyyədə işləyənlərin üzünü görməmişik. Seçməmişik, hardan bilək? Heç sədrin kim olduğunu da bilmirik”, – kənd sakinlərindən Hüseynqulu Məmmədov belə deyir.
Bildirir ki, əslində zibil qabı qoymaqla da iş bitmir. Digər problem onun daşınmasıdır:
“Daşıyacaqlarmı? Bilmirəm. Daşıyan olsaydılar, məişət tullantıları qalaq-qalaq yığılıb qalmazdı. Biz bilmirik onları nə edək. Üstünü basdırırıq, heyvan qazıb çıxarır. Bir külək olan kimi də sellofanlar yayılır kəndə. Yayda isə milçək əlindən tərpənmək olmur. Günəş vurur, ətrafa üfunət iyi yayılır. Biz nə etməliyik, zibilləri özümüz daşıyaq? O zaman bələdiyyə nə üçündür? Xahiş edirik, gəlib yığışdırsınlar. Biz deyirik, eşitmirlər, bəlkə mediada işıqlandırılsa, ordan oxuyub, utanar, gəlib, bir çarə taparlar”.
Elşən Əliyev də Şıxlı sakinidir. Deyir, heç yerdə belə biabırçılıq yoxdur:
“Uşaqlar oynayır, antisanitariyadır. Malı-heyvanı hər dəqiqə güdə bilmirik. Gedib zibilliyi eşir. Camaatın atdığı məişət tullantıları aylarla yığılır, daşınmır. Bu isə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Sonda məcbur olub, yığılan zibilləri yandırırıq. Qışın günüdür, hər gün yağış yağır. İndi o da mümkün deyil”.
E.Əliyev deyir ki, indiyə qədər etdikləri şikayətlərə baxan olmayıb: “Heç veclərinə də deyil. Bir qulaqlarından girib digərindən çıxır. Öz dediyimizi özümüz eşidirik elə. Yollar bərbad, zibil qutusu yox, kəndə baxan da yox. Nə edək, hamımız köçüb gedib şəhərdə yaşayaq? Onsuz da normal iş-güc də yoxdur. Bir müddət sonra kənddə adam tapılmayacaq”.
Meydan TV məsələyə Şıxlı Bələdiyyəsindən münasibət öyrənə bilməyib. Əvvəlcə bir saat sonra zəng edin desələr də, sonradan telefonlara cavab verilməyib. Qazax Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, problemlə bağlı bir tədbir görəcəklər:
“Kəndlərdə olan zibilliklər bələdiyyələr tərəfindən vaxtaşırı təmizlənir. Görünür, nəsə gecikmə olub ki, sakinlər şikayət ediblər. Biz əlaqə saxlayıb, göstəriş verərik. Tezliklə problem həll edilər. Elə böyük problem deyil, həll edilməsi də asandır. Narahatlığa əsas yoxdur”.