Niyə Azərbaycanda cəmiyyət hökumətdən başqa hamını sorğulayır?
Mayın əvvəlində idman müəllimi tərəfindən döyülərək öldürüldüyü deyilən azyaşlı ilə bağlı xəbərlər gündəmi zəbt etmişdi.
Belə ki, hadisə Sumqayıt məktəblərindən birində cüdo məşqləri zamanı baş verib.
İlkin araşdırmaya görə, 7 yaşlı Fərid Bakarov idman müəllimi Mehman Xəlilovun xəsarət yetirməsi nəticəsində ölüb.
Uşağın yerləşdirildiyi Sumqayıt Tibb Mərkəzində vəziyyətinin çox ağır olduğunu bildiriblər. O, xəstəxanaya yerləşdiriləndən bir saat sonra vəfat edib. Təşrih zamanı müəyyən olunub ki, uşağın ölümünə səbəb dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub.
Sosial şəbəkələrdə məşq prosesinin görüntüsü olduğu iddia edilən video da yayılıb. Videoda məşqçinin uşağa qarşı aqressiv davrandığı, onun saçından tutub ayaq üstə qalmağa məcbur etdiyi, fiziki zor tətbiq etdiyi görünür.
Sistemi tənqid etmək təhlükəlidir
Sosial şəbəkələrdə cəmiyyətin hadisəyə reaksiyası birmənalı olmadı.
Postlarda, rəylərdə məşqçi, öldürülən uşağın anası qınandı. Məşqçinin psixoloji problemləri olan narkotik istifadəçisi olması, ananın boşanmış, qeyri-səmimi olması, ağlamaması, uşağı öldüyü halda uzun dırnaq saxlaması, məşqçi və ana arasındakı şəxsi münasibətlər müzakirə mövzusuna çevrildi.
Görünən o idi ki, cəmiyyət hadisədən məsuliyyət daşıyan dövlət qurumlarını, rəsmiləri sorğulamadı. “İdman zallarının, uşaqların təhlükəsizliyindən əslində kim cavabdehdir?” sualı verilmədi.
Sosioloq Sənubər Heydərova bunu avtoritar rejimin insanları qorxu altında idarə etməsilə əlaqələndirir:
“Biz həqiqətən də qorxuruq, sanki cəmiyyət olaraq bu qorxu canımıza hopub. Sistemi tənqid etmək insanlar üçün təhlükəlidir, qorxuludur, ona görə də nəyisə sorğulamaq istəmirlər. Öyrəşiblər ki, daha kiçik, onlar üçün daha təhlükəsiz olan günah keçisi tapsınlar və onu tənqid etsinlər. Böyük sistemi isə heç kim sorğulamasın”.
Psixoloq Vəfa Əkbər də bu düşüncədədir. O deyir ki, insanın həqiqətə gücü çatmayanda qeyri-real şeylər ətrafında fikir yürütməyə başlayır.
“Nə qədər ki, həqiqəti görməzdən gələcəyik, bu cinayətlər artaraq davam edəcək. Ana nə yaşayıb, ananın dırnağı necədir, boşanıbmı? Bunun hadisə ilə heç bir əlaqəsi yoxdur. Belə bir deyim var, eşşəyə gücü çatmır, palanı döyəcləyir. Yəni insan həqiqətdən uzaqlaşmaq istədiyi, həqiqəti qəbul edə bilmədiyi, reallıqla yaşaya bilmədiyi anda başlayır üzümün sapı, armudun çöpü kimi kiçik detallarda itməyə. Çünki məsul şəxsləri yükləməyi bacarmırlar, onlardan qorxurlar”.
“Cəmiyyət nə edə bilər ki”
Meydan TV vətəndaşlar arasında da sorğu keçirib. Onlardan hadisəyə necə reaksiya verdiklərini, kimləri məsuliyyətli hesab etdiklərini soruşub.
Cavablardan bəzilərini təqdim edirik:
“Bu hadisəyə görə təşkilatlar cavab verməlidirlər. O müəllimi ora təyin edən təşkilatlar. Çünki onlar müəllimi psixoloji cəhətdən yoxlamalı idilər, bəlkə, onun psixoloji problemi var idi. Reaksiyaya qalanda da, cəmiyyət reaksiya göstərib nə edə bilər ki? Yəqin ki, məhkəmə onun cəzasını verəcək. Əslində o cəhətdən passivik biz, bəlkə də etiraz etmək düzgün olardı”.
“Mənim fikrimcə, burda tək günah müəllimin, məşqçinin özündədir, çünki balaca uşağa qarşı elə zorakılıq tətbiq etmək insanlıqdan kənar bir şeydir. Məncə, heç bir federasiyanın, heç bir nazirliyin burda qüsuru yoxdur”.
“Bunun bir adı var ki, o insan özündə deyildi, çünki normal, ağlı başında olan insan o hərəkəti eləməz, qarşısındakı kim olursa, olsun. Ələlxüsus da, o balaca uşaqdırsa. Bildiyimə görə, hadisə məktəbdə baş verib. O məktəbdəkiləri, müdriyyəti qınadım. Necə görməyiblər? Necə xəbər tutmaq olmaz?”
“Mən o idman zalının müdiri olsaydım, ən azından ora gələn müəllimin psixologiyasını yoxlatdırardım. Həkimdən arayış istəyərdim. Məncə, hamıda günah var, ən çox da valideynin özündə. Cəmiyyətin sistemi sorğulamamasının səbəbi isə açıq-aşkardır. Heç kim başını ağrıtmaq istəmir”.
“Cəmiyyət sorğulamır”
Təhsil Nazirliyi, Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyi də azyaşlının ölümünə münasibət bildirib.
Təhsil Nazirliyinin açıqlamasında deyilir ki, F.Bakarov məktəbli, müəllim M.Xəlilov isə həmin məktəbin müəllimi deyil. Həmçinin inidiyədək belə bir hadisə və ya onunla bağlı hər hansı şikayət baş verməyib.
“Bu, bir şəxsin cinayət ehtimalı olan davranışı ilə bağlıdır və burada sistematik problem görmürəm”,- nazir Emin Əmrullayev belə deyib.
Cüdo Federasiyasından bildirilib ki, hadisənin baş verdiyi məşq rəsmi olaraq digər idman növü üzrə keçirilib, adı çəkilən Mehman Xəlilov da cüdo məşqçisi deyil.
Gənclər və idman naziri Fərid Qayıbov isə nisbətən həllyönümlü cavab verib, deyib ki, idmançılar, məşqçilər və hakimlərlə bağlı yeni sistemin istifadəyə verilməsi yönündə işlər aparılır.
“Məşqçilərin lisenziyalaşdırılması ilə bağlı federasiyalarla daim görüşürük. Təəssüf ki, bir çox hallarda məşqçilər federasiyaları tanımır. Bununla mübarizə aparırıq”,- nazir qeyd edib.
Sosioloq Sənubər Heydərova rəsmilərin açıqlamasını qənaətbəxş hesab etmir:
“Heç bir qurum bundan məsuliyyət daşıdığını öhdəsinə götürmür, istefaya getmir. Ona görə ki, cəmiyyət bunu sorğulamır. Normalda kimsə buna dözməyib, vicdan əzabı və ya məsuliyyət hiss edib, istefa edərdi. Bizdə o baş vermir”.
Sosioloq digər ölkələrin təcrübəsindən də söz açır. Bu yaxınlarda Amerikada baş verən hadisəyə diqqət çəkir, rəsmi qurumların, cəmiyyətin zorakılıq hallarına necə reaksiya verdiyindən danışır:
“Bu yaxınlarda Amerikada uşağın odlu silahla məktəbə gəlib, bir neçə sinif yoldaşını vurması məsələsi oldu. Hər zaman belə misallar gətiriləndə deyilir ki, orda da uşaqların psixologiyası yaxşı vəziyyətdə deyil, orda da silah əlçatandır, orda da zorakılığın ən pis halı baş verir. Amma gəlin görək bundan sonra amerikalılar nə etdi? Birincisi, hadisənin baş verdiyi ştat ayağa qalxdı, məsul şəxslər hesabat yazdılar, ailəylə birbaşa əlaqəyə keçdilər, yəni bizim rəsmilər kimi başsağlığı verməklə kifayətlənmədilər. Məktəbdəki uşaqların hamısı terapiyaya cəlb olundu. İkincisi, məktəb rəhbərliyi istefaya getdi, istintaq başladıldı və günahkarlar həbs olundular”.
Sənubər Heydərova hesab edir ki, Fərid nümunəsi uşaqlara qarşı zorakılığın ilk və son nümunəsi deyil. Nə qədər ki, cəmiyyət sistemi sorğulamır, qorxur, çəkinir, bu xəbərlər tez-tez eşidiləcək.
“Fəridin ölməsi ən fatal hadisədir. Burda bəxtimiz gətirən o idi ki, kamera görüntüsü var idi. Amma nə qədər idman federasiyasının məşq zallarında kameralar var? Demək olar ki, yoxdur, çox az-az rast gələrsiniz buna. Bu, o deməkdir ki, bizim bilmədiyimiz minlərlə zorakılıq halları var, sadəcə biz bundan xəbər tutmuruq”.
“Məsuliyyət götürmək istəmirlər”
Sosioloqun bəhs etdiyi zorakılıq hadisələrindən biri də 4 il əvvəl Elina Hacıyevaya qarşı baş verib.
Oxuduğu məktəbdə bullinqə məruz qalan Elina Hacıyeva özünü məktəb pəncərəsindən ataraq intihar edib.
O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra vəfat edib.
Hadisədən dörd gün sonra Təhsil Nazirliyi məktəbin direktoru Sevinc Abbasovanı tutduğu vəzifədən azad edib. Bir həftə sonra məhkəmə ona qarşı təhlükədə qoyma və ölümlə nəticələnən məsuliyyətsizlik ittihamları irəli sürərək onun haqqında ev həbsi qərarı çıxarıb.
Həmçinin direktor müavini, Elinanın sinif rəhbəri və məktəb psixoloqu işdən çıxarılıb.
Məktəb direktorunun, intihar cəhdindən sonra hələ sağ olan Elinanı sorğu-sual etməsi, təcili yardım xidmətinə hadisədən iki saat sonra zəng vurması, xəstəxanada qızın valideynlərini onun yanına buraxmaması cəmiyyətin narazılığına səbəb olub.
Elinanın ölümü Azərbaycanı silkələyib. #ElinaÜçünSusma və #BullinqəSon həştəqləriylə yüzlərlə status yazılıb, oxşar hadisələr işıqlandırılıb.
Bullinq qurbanlarının müdafiəsi prosesinə ölkə siyasətçiləri, ziyalılar və şou-biznes nümayəndələri də qoşulublar.
Elinanın yaxınları, ictimai fəallar “Elina üçün susma!”, “Elinaya ədalət!” şüarlarıyla aksiya keçiriblər.
Fəallardan biri Rüstəm İsmayılbəyli deyir ki, Elina hadisəsində ictimaiyyət daha güclü reaksiya vermişdi. Vətəndaş cəmiyyəti mütəmadi olaraq məhkəmələri izləyirdi, mətbuat hadisəyə çox diqqət göstərirdi.
“Biz sonuncu məhkəməyə qədər hamısında iştirak etdik. Bir neçə dəfə məhkəmələrin önündə etiraz aksiyaları keçirdik. Amma Fərid keysində bu cür reaksiyaları görmədim mən. Sadəcə sosial şəbəkələrdə müzakirələr getdi və mövzu qapandı”.
Sənubər Heydərovanın sözlərinə görə, Elina hadisəsinə görə, sadəcə məktəb cəzalandırıldı. Halbuki, məktəbin fəaliyyətini dəstəkləyən Təhsil Nazirliyi də var idi.
“Adi bir misal deyim, biz hər hansısa bir məktəbin qapısını döyüb desək ki, biz burda bullinqlə bağlı təlim keçmək istəyirik, məktəblər yox deyirlər, deyirlər ki, biz nazirliyə tabeyik, yəni ki, biz özümüz qərar verəcək qurum deyilik. Amma belə hadisələr baş verəndə tərsinə deyirlər. Təhsil Nazirliyi deyir ki, məktəblər müstəqildirlər, biz onlara qarışmırıq, onların müəllimlərinin seçimi də özlərindən asılıdır. Məsuliyyət götürmək istəmirlər”.
“Sistem də istəyir ki, zorakılıq adiləşsin”
Yeri gəlmişkən, Azərbaycanda zorakılığa məruz qalan, dəstəyə ehtiyacı olan yeniyetmələr üçün “Azərbaycan Uşaq Qaynar Xətti” (116111) fəaliyyət göstərir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, “Ümid yeri” Uşaq Sığınacağı da uşaqların üz tuta biləcəyi Qeyri-Hökumət Təşkilatlarındandır.
Sosial Xidmətlər Agentliyinin kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya şöbəsi, icra hakimiyyətlərinin nəzdində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar var.
Bəzi rayonlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir.
Sənubər Heydərova zorakılığın siyasi olduğunu söyləyir. O, həm də cəmiyyətin Fərid hadisəsindən nəticə çıxaracağına inanmadığını vurğulayır.
“5 ildən sonra biz həmin məşqçini yenə uşaqlarla məşq edən yerdə görəcəyik. 100 faiz görəcəyik. Mən inanmıram ki, o, lazım olan cəzanı alacaq, uzaqlaşdırılacaq. Çünki sistem də istəyir ki, zorakılıq adiləşsin, təəccüblü hal olmasın, heç kim bunu sorğulamasın. Bu, siyasi bir addımdır”.
Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində həbs olunub.
Onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
“Mediaşəbəkə”nin dəstəyi ilə