Şirkət: “Söyüdlüdə ikinci göl üçün hökumətdən icazə alınıb”

14 ildir Gədəbəydə qızıl yataqlarını istismar edən şirkətin fəaliyyəti nöqsanlar aşkarlandığı üçün müvəqqəti dayandırılıb. Qərar iyulun 13-də Baş nazir Əli Əsədovun yanında Gədəbəyin Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın iclasında verilib.

Bundan bir neçə gün öncə ölkə başçısı İlham Əliyev çıxışında Ekologiya və Təbii Sərvətlər Nazirliyini səhlənkarlıqda ittiham etmişdi.

Söyüdlü sakinlərin etirazlarına səbəb olan sianid tullantılarıyla dolu anbarla bağlı müvafiq sənədlərin aidiyyəti qurumlarla razılaşdırılmadığı ortaya çıxıb. Komissiyanın sədri Muxtar Babayev belə deyir. O, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyini desə də, şirkətin rəsmi saytında yeni anbarın tikilməsi üçün hökumətdən icazə alındığı qeyd edilib. Məlumatda yazılır ki, hazırki anbarın istismar müddəti  bu ilin sonu bitir. Yeni bəndin tikintisinin ətraflı planlaşdırılması və sahənin əlavə geotexniki tədqiqi aparılır.

Bəs “Azerbaijan International Mining“in fəaliyyətinin qeyri-müəyyən vaxta kimi dayandırılması problemi necə həll edəcək?

Kimyaçı Röya Mehdiyeva deyir ki, qızılın yuyulmasında istifadə olunan sianid turşusu zəhərli maddə olduğundan tullantı anbarı yaşayış yerindən kənarda yaradılmalıdır.

Söyüdlü hadisələrini diqqətdə saxlayan “Ecofront” təşkilatının rəhbəri Cavid Qara bildirir ki, müasir texnologiyalar sianidin ekologiyaya vurduğu təsiri azalda bilər.

Röya Mehdiyeva deyir bir sıra Avropa ölkələri ağır fəsadlar yarada bildiyi üçün istismar prosesində sianiddən istifadədən imtina edib.

Ekologiya naziri bildirib ki, iyulun sonunda beynəlxalq şirkətin Söyüdlüdə tullantı anbarında qiymətləndirmə aparması gözlənilir. Komissiyanın iclasında bildirilib ki, aparılacaq qiymətləndirilmənin nəticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəssisənin fəaliyyətinin bərpa edilməsi ilə bağlı məsələyə baxıla bilər.

“Azerbaijan International Mining“in rəsmi saytında Gədəbəydə 2032-ci ilə qədər mədən və tədqiqat hüquqlarına malik olduğu bildirilib.

Ana səhifəVideoŞirkət: “Söyüdlüdə ikinci göl üçün hökumətdən icazə alınıb”