Sirac Kərimli: Həbsim siyasi sifarişdir(VİDEO)


“İndiyə qədər narkotika ilə heç bir əlaqəm olmayıb”


Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində müsavatçı Fərəc Kərimlinin qardaşı Sirac Kərimliyə 6 il azadlıqdan məhrumetmə hökmü oxunub.

Sirac Kərimli son sözündə həbsinin siyasi sifariş olduğunu deyib:

 “Mən müəllim ailəsində, ziyalı ailədə böyümüşəm. İndiyə qədər narkotika ilə heç bir əlaqəm olmayıb. Mən həbs olunana  qədər, bizim ailəmiz heç vaxt məhkəmələrdə, polisdə olmayıb. Məni ilk dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparanda,  dedilər ki, səni qardaşın Fərəclə səhv salmışıq. Mənim həbsim atamın və qardaşımın Müsavat Partiyasının üzvləri olması ilə bağlıdır. Ona görə də həbsim siyasi sifarişdir”.

Sirac Kərimlinin vəkili Nemət Kərimli  məhkəmənin qərarının gözlənilən olduğunu deyib.

 Valideyləri də məhkəmənin hökmünü siyasi sifariş hesab etdiklərini bildiriblər.

Sirac Kərimli 2014-cü il iyulun 17-də Cinayət Məcəlləsinin külli miqdarda narkotik saxlama, satma maddəsi ilə həbs olunub. “Amnesty İnternational” təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəVideoSirac Kərimli: Həbsim siyasi sifarişdir(VİDEO)