Siqaret qaçaqmalçılığı işi: Sahil Mühafizəsinin sabiq şöbə rəisi də saxlanılıb

Eks məmur həbs edilən zaman, foto: DİN

Aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində daha bir vəzifəli şəxs – Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.

Gülməmmədov aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığında ittiham olunur.

Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilib.

Bundan əvvəl 2025-ci il dekabrın 23-də 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəhbəri, iş adamı Ruslan Eyyubov saxlanılıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq çərçivəsində, bir neçə dövlət qurumunun vəzifəli şəxsləri, liman rəhbərliyi, gömrük əməkdaşları və mülki şəxslər məsuliyyətə cəlb olunublar. Onlar Birləşmiş Ərəb Əmirliklərindən və İrandan 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası olmayan tütün məmulatlarını gəmilər vasitəsilə, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Qaradağ–Ələt ərazisindəki qanunsuz körpü üzərindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər.

Bununla bağlı limanın rəhbəri, baş direktoru, liman və gömrük postunun rəisləri və inspektorları, gömrüyün əməliyyat əməkdaşı, gəmi kapitanları və heyət üzvləri, tütün məmulatlarını daşıyan və saxlayan şəxslər, həmçinin Dövlət Sərhəd Xidmətinin bəzi vəzifəli şəxsləri saxlanılıb.  

Onlar barəsində Cinayət Məcəlləsinin qaçaqmalçılıq, vəzifə səlafiyyətlərində sui-istifadə etmə, külli miqdarda aksiz markası ilə markalanmalı olan malları satış məqsədi ilə saxlama maddələri ilə ittiham irəli sürülüb. 

Saxlanılanlardan Ruslan Eyyubov  Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.

Daha bir saxlanılan şəxs – Fərid Usubov isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur.

Ana səhifəSiyasətSiqaret qaçaqmalçılığı işi: Sahil Mühafizəsinin sabiq şöbə rəisi də saxlanılıb