“Təklif-müzakirə-təklif məntiqindəyik, müsbət dinamika var”
Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir.
Bunu Ermənistan Milli Assambleyanın sədri Alen Simonyan keçirdiyi brifinqdə deyib.
“Sülh müqaviləsi ətrafındakı proseslər yerində dayanmır. Bakıda COP29-un keçirilməsi ilə əlaqədar müvəqqəti fasilə yarandı. Azərbaycan tərəfi bildirdi ki, bu, iş yükünün çoxluğu ilə əlaqədardır. Amma biz müsbət mərhələdəyik. Təklif-müzakirə-təklif məntiqindəyik. Müsbət dinamika var”, – Simonyan vurğulayıb.
2024-cü il noyabrın 11-də İlham Əliyev Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşündə deyib ki, son bir ildə Ermənistanla fəal danışıqlar nəticəsində ciddi irəliləyişlərə, həmçinin sərhədlərin delimitasiyası sahəsində inkişafa nail olunub.
Bununla belə İlham Əliyev qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.
2024-cü il noyabrın 13-də parlamentdə Ermənistanın Baş naziri Nikol Paşinyan BRİCS sammiti çərçivəsində Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını açıqlayıb.
Nikol Paşinyan İlham Əliyevlə görüşdən məmnunluğunu bildirib və qeyd edib ki, onlar arasında bu qədər uzun söhbət olmayıb:
“Ümumiyyətlə, Ermənistan və Azərbaycan dinc yaşamaq üçün nəinki sülh müqaviləsi, həm də müstəqil dövlət kimi yaşamağa hazırlaşdığımız hansısa qətnamələr çərçivəsində strateji saziş bağlamalıdırlar. Hesab edirəm ki, bu, ən mühüm və əsas məsələdir”.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.