Simonyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu deyir

Azərbaycan qazı. Foto: Fly Of Swallow Studio/shutterstock

“Müsbət baxıram və hesab edirəm ki, bu məsələni müzakirə etməliyik”

Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı ilə qaz alqı-satqısı məsələsini müzakirə etməyə hazır olduqlarını bildirib.

Simonyan bu barədə aprelin 25-də yerli mediaya danışıb.

Mən bu məsələyə çox müsbət baxıram. Hesab edirəm ki, biz bu məsələni müzakirə etməliyik”, – deyə o qeyd edib.

Qanunverici orqanın sədrinin sözlərinə görə, indi də Ermənistanın Rusiyadan aldığı qazın bir hissəsi Azərbaycan üzərindən gəlir:

Mən əminəm ki, müqaviləyə əsasən, Rusiyadan onlara gəlir, sonra da Avropaya gedirsə, eyni qaz bütövlükdə bizə də gəlir”.

Foto: “galatv.am”

Alen Simonyan kəmər vasitəsilə həm Azərbaycandan, həm də İrandan qaz almağı çox yaxşı variant hesab edib.

Azərbaycan Prezidenti İlham Əliyev də gələcəkdə Ermənistanın Azərbaycan qazını ala biləcəyini istisna etməyib.

Bu barədə dövlət başçısı aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda danışıb.

“Bu gün biz Gürcüstanın qaza olan tələbatını demək olar ki, 100 faiz ödəyirik. Təchizat həcmi ildən-ilə artır və hesab edirəm ki, 3 milyard kubmetrə çatıb. Potensial olaraq, Gürcüstan üçün qazın qiymətinin əlverişli və güzəştli olduğunu nəzərə alsaq, Ermənistan da Azərbaycan qazını ala biləcək. Yaxınlıq və infrastruktur nəzərə alınarsa, təbii ki, bu cür əməkdaşlıq təbii olardı”, – deyə Əliyev qeyd edib.

Əliyevin fikrincə, belə əməkdaşlıq Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdıqdan və sülh müqaviləsi imzalandıqdan sonra mümkündür.

2023-cü ilin oktyabrında Tbilisi Beynəlxalq “İpək Yolu” Forumunda iştirak edən Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Ermənistanın gələcəkdə Azərbaycandan qaz alacağını istisna etməmişdi:

“Ermənistan ölkələr arasında siyasi fikir ayrılıqlarını aradan qaldırdıqdan sonra Azərbaycandan qaz almağa hazırdır”.

Ana səhifəSiyasətSimonyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu deyir