“Son on il ərzində hərbi xərclərimiz iyirmi dəfədən çox artmışdır və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur” . Sitat dövlət başcısı İlham Əliyevə məxsusdur.
2014-cü ildə Silahlı Qüvvələrin büdcəsi ötən ilə nisbətən 57 milyon manat artaraq, 2 milyard 967 milyon 831 min manat təşkil edib. Ayrılan vəsaitin əhəmiyyətli hissəsi Müdafiə Nazirliyinin payına düşüb.
Hərbi büdcənin artması əsgərlərin yeməklə təchizatına təsir etməyib.
2014-cü ilin iyununda hərbi xidmətdən qayıdan Elçin Əlizadə deyir ki, əsgərlik dövründə onlara keyfiyyətsiz yemək verilib: “Hərdən bizə konserva verirdilər. Bəzən yeməyin icinə qatırdılar. Posta gedəndə ikiqat ərzaq payı verilmirdi. Yalnız ikiqat yağ verilirdi. Ümumiyyətlə, yeməyimiz pis idi”.
Füzuli rayonunda, cəbhə xəttində xidmət etmiş başqa bir əsgər isə bəzən o keyfiyyətsiz yeməyə də tamarzı qaldıqlarını deyir: “Hərbi hissəmiz Haramı düzündə yerləşirdi. Cox pis yemək verilirdi. Qış aylarında isə elə olurdu ki, günorta yeməyi verilmirdi”.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyr Cəfərov bildirir ki, ordudakı nizamnamədən kənar hərəkətlər həm də korrupsiyanın nəticəsidir: “Orduda baş verən qanunsuzluqlar kompleks şəkildə dəyərləndirilməlidir. Yəni komandir heyətinin pisixoloji durumundan tutmuş korrupsiyaya qədər bütün amillər nəzərə alınmaqla məsələyə qiymət verilməlidir. Nizamnamədən kənar halların baş verməsində, qeyri-döyüş şəraitində əsgərlərimizin həlak olmasında korrupsiyanın və zabit heyətinin yetərincə təmin edilməməsinin payı az deyil ”.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar mərkəzinin məlumatına görə isə 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 86 hərbi qulluqçu qeyri- döyüş şəraitində həlak olub.
III YAZI
Hərbi büdcəmizdə “AZENCO”nun payı
“İpək Yolu”nun üzərində, Xəzər dənizin sahilində qızğın iş gedir. İri ekskavatorlar sahildə yerləşən və üzərində mayak olan dağı parçalayaraq maşınlara doldurur. Həmin qaya parçaları yeni limanın tikintisi üçün dənizə boşaldılır. Digər tərəfdə, böyük bir ərazidə yeni əsgəri kazarmalar inşa edilib. Bu, göz oxşayan kazarmaların tikildiyi, zövqlə bəzədilmiş böyük həyətdə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin bazası yerləşəcək.
Hazırda MN-nin həyata keçirdiyi ən iri layihələrdən biri Hərbi Dəniz Qüvvələrinin yeni hərbi bazasının inşasıdır.
Dövlət satınalmaları reyestrində hərbi bazanın tikintisi üçün keçirilən müsabiqə barədə məlumat öz əksini tapmayıb. Yalnız 2013-cü ilin tender reystir məlumatlarında MN-nin Hərbi Dəniz Qüvvələri üçün tikinti materallarının satın alınması üçün tender barədə məlumat verilib. 34419.3 manatlıq sifarişi “Simurq İnşaat” MMC qazanıb.
Hərbi Dəniz Qüvvələrinin keçmiş bazası 2012-ci ildə Bakıda keçirilən “Eurovision” müsiqi yarışması və Bayraq Meydanının inşası ilə əlaqədar sökülüb. Bazanın yerləşdiyi ərazidə “Bakı Crystall Hall” sarayı, Bayraq Meydanı və dənizkənarı park inşa edilib.
Müdafiə Nazirliyinin rəsmi internet saytında yer almış məlumata görə, 2013-cü ilin 28 noyabr tarixində müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıqov bazada görülən işlərlə tanış olub. Məlumatda bazanın hansı şirkət tərəfindən inşa edildiyi göstərilməsə də, məqalədə verilən fotolarda “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin də müdafiə naziri Z. Həsənovla birgə bazada olduğu göstərilir.
“AZENCO” ASC-nin təsiscsi isə “Azərenerji” ASC olub. Uzun illər şirkətə birbaşa E. Pirverdiyev rəhbərlik edib. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları layihəsinin Azadlıq radiosu ilə birgə apardığı araşdırmadan belə məlum olur ki, (
keçid
) “AZENCO” ASC 25 dekabr 2009-cü ildə İnterenerji şirkəti tərəfindən özəlləşdirilib. İnterenerji şirkətinin sahibi olan Ador MMC-nin hüquqi ünvanı isə İlham Əliyevin qızlarının qeydiyyatda olduğu mənzildir. Prezidentin qızlarına bağlı olan “AZENCO” ASC çoxmilyonluq dövlət sifarişlərini həyata keçirir. Bu şirkətin Hərbi Dəniz Qüvvələri Bazasının tikintisindən nə qədər qazandığı bəlli deyil.
Faktla bağlı Müdafiə Nazirliyinə və “AZENCO” ASC-yə ünvaladığımız informasiya sorğularına cavab verilməyib.
İri tikinti layihələrı tender siyahılarına salınmır
Dövlət satınalmaları reyestrindən yalnız Hərbi Dəniz Bazası üçün keçirilən tender müsabiqələri yan keçməyib. Satınalmalar üzrə Dövlət Agetliyinin rəsmi saytında Müdafiə Nazirliyinin və Daxili Qoşunların 2012-2014-cü illər ərzində keçirdiyi tenderlər siyahısını araşdırarkən Silahlı Qüvvələrin sifarişi ilə həyata keçirilən iri tikinti lahiyələrinə rast gəlmədik.
Yalnız Müdafiə Nazirliyinin 2013-cü ildə həyata keçirdiyi bəzi tenderlər – Tağıyev hərbi şəhərciyində əsgər yataqxanalarının inşası (1454288,8 manat), Biləcəridə ərzaq anbarlarının inşası (4903704,76 manat) və Uc təpə -1 hərbi şəhərciyində tikinti, quraşdırma işləri(11125068,54 manat) barədə bəzi məlumatları Satınalmalar reyestrində tapmaq mümkündür. Həmin sifarişləri isə “Shans Construction” MMC həyata keçirib. Vergilər Nazirliyinin reystr məlumatlarına görə “Shans Konstruktion” MMC- 2011-ci ilin aprel ayının birində qeydiyyata alınıb. Şirkətin təsisçilərindən biri isə Türkiyə vətəndaşıdır.
Keçid:
http://www.tusiab.az/uyeler/204/shans-konstruktion-mmc?alphabet=A
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri, xüsüsən Müdafiə Nazirliyi və Daxili Qoşunlar üçün çoxsaylı yeni əsgəri kazarmalar inşa edilib, zabitlər üçün yaşayış binaları istifadəyə verilib. Lakin bu işlər barədə satınalmalar reyestrində məlumat yoxdur.
Misal üçün, 2013-cü ilin aprel ayının 12 də 182 hərbiçi ailəsi və həmin ilin noyabrın 16-da 25 zabitə ev verilib. MN-nin məlumatına görə ötən illər ərzində 300 zabit ailəsi daimi, 400 zabit ailəsi isə xidməti evlə təmin edilib. Lakin bu evləri inşa edən şirkətlər və sərf edilən maliyyə vəsaitləri barədə məlumatlar açıqlanmayıb. İqticadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, “qanun açıq şəkildə tələb edir ki, dəyəri 50 min manatdan yuxarı olan dövlət sifarişləri üçün tenderlər keçirilməlidir. Tenderlərin keçirilməməsi, yaxud keçirilən tenderlərin reystrə daxil edilməməsi qanun pozuntusudur”.
Mənzillərlə bağlı Müdafiə Nazirliyinə göndərdiyimiz sorğuya cavab verilməyib.