Oğurluq hadisəsi ilə bağlı məhkəmə araşdırması başlayıb
Sabunçu Rayon Polis İdarəsinin növbətçi hissəsinin əməkdaşı Musa Allahverdiyev və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev idarədə saxlanılan xidməti silahlardan birini oğurlamaqda təqsirləndirilərək, həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələrilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində bu məsələ ilə bağlı araşdırmalar başlayıb.
Hakim Cavid Hüseynovun sədrliyilə keçirilən məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Məhkəmədə 13-cü polis bölməsinin inspektoru Səhrab Rzayev məlumat verərək bildirib ki, o, Sabunçu Rayon Polis İdarəsinin növbətçi hissəsinin rəisi işləyirdi. Növbətçi hissədə saxlanılan xidməti silahlardan birinin yoxa çıxmasının üstü açılandan sonra onu da cəzalandırıblar. Səhrab Rzayev vəzifəsindən azad edilərək, sərəncama göndərilib. Bu ilin aprelində isə 13-cü polis bölməsinə inspektor təyin edilib.
Səhrab Rzayev silahın necə yoxa çıxması və bu məsələnin üstünün açılması barədə danışarkən bildirib ki, həm pandemiya, həm də müharibə dövründə fövqəladə vəziyyətlə əlaqədar polislərin işi çox olub. Ona görə də növbətçi hissədəki saxlanc yerində olan silahları daim sayıb-yoxlamağa imkan olmayıb: “Dekabrın 29-da Bakı Şəhər Baş Polis İdarəsindən gəlmişdilər, silahların uçotu aparılırdı. Bu zaman biri çatmadı. Raport yazıldı, axtarıldı. Növbətçi hissəyə başqa adamlar girə bilməzdi. Ona görə dəfələrlə deyildi ki, kim götürübsə, gətirib özü qoysun yerinə”.
İttihama əsasən, Musa Allahverdiyev növbətçi hissədəki “Zəfər K” silahlarından birini götürərək, Elxan Mustafayevgilin bağ evində gizlədib. Bağda silah olan çantanın içində qandal, dəyənək və s. əşyalar da olub.
Elxan Mustafayev ifadəsində bildirib ki, Musa Allahverdiyevin onların bağına gətirdiyi çantada silah olmasından xəbəri olmayıb. Özü çantanın içinə baxmayıb.
Musa Allahverdiyev də onun dediklərinə uyğun ifadə verib. O bildirib ki, çantanın içində silah olduğunu Elxana deməyib.
Polis əməkdaşı növbətçi hissədən silahı götürməsini isə pula ehtiyacı olmasıyla izah edib. O bildirib ki, silahı satıb, maddi ehtiyacını ödəmək istəyib.
Məhkəmə prosesi noyabrın 5-də davam edəcək.