“PlayStation” klubunu işlədən Fərid Quluzadə dələduzluğa məruz qaldığını deyir
“Sanki kriminal aləmdə yaşayırıq. Polis qalıb kənarda, dələduzu özümüz qapı-qapı axtarırıq”.
Bakı sakini Fərid Quluzadə əvvəllər “PlayStation” video-oyun konsollarının klubunu işlədib.
Pandemiya başlayandan sonra isə konsolların icarəsiylə məşğul olub.
Bu müddət ərzində dəfələrlə dələduzluq halları ilə üzləşib.
Konsolları icarəyə götürənlər sonra oyunları geri qaytarmayıblar.
Zərərçəkən Meydan TV-yə deyir ki, bununla bağlı dəfələrlə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə şikayət edib, amma işinə baxılmayıb: “İcarə verən zaman həmin adamla aramızda ikitərəfli müqavilə bağlayırıq. İcarə müddəti qeyd olunur, oyunu qaytarmadığı təqdirdə nə olacağı müqavilədə bildirilir. Həmçinin şəxsiyyətini təsdiq edən sənədi, işləyirsə, bununla bağlı sənədin sürəti çıxarılır. Ünvanı, əlaqə və ev nömrəsi götürülür. Hətta icarəyə götürən adamın videosunu da çəkirəm. Adam sonra yoxa çıxır, oyunu qaytarmır. 29-cu Polis Şöbəsinə gedirəm, ərizə yazıram, amma heç bir tədbir görülmür”.
“Dələduz axtarmaqdan əsəb sistemim pozulub”
Fərid Quluzadə deyir ki, bəzən aylarla polis şöbəsindən şikayətinə cavab ala bilmir: “Müraciətlərimin birinə beş aydan sonra məktub gəldi ki, sizin işdə cinayət tərkibi yoxdur. Narazısınızsa, məhkəməyə müraciət edə bilərsiniz. Ondan qabaqkı proseslərdə isə ümumiyyətlə, məktub yollamırdılar. İş harada, necə bağlanırdı, xəbərim olmurdu. Dələduzu özüm axtarıb tapırdım. Yaxud da həmin adamın videosunu, fotosunu “İnstagram”da paylaşıb, yazırdım ki, belə bir adam var, ehtiyatlı olun. Belə olanda da həmin adamın ya qohum-əqrabası, ya da yaxını gətirib, “PlayStation”u qaytarırdı. Polis bir dəfə də olsun maraqlanmırdı ki, sənin malın qayıtdımı, bu işin axırı nə oldu? Bəzən də polisə zəng etmişəm. Deyib ki, məni narahat etmə, işi baş idarəyə vermişəm. Baş idarəyə zəng etmişəm, xəbərsiz olublar. Bəzən olub ki, ərizəmi tapmamışam, deyiblər ki, itib”.
“Dələduz axtarmaqdan əsəb sistemim pozulub. 2020-ci ilin avqustunda şikayət etdim. Mənə müharibə qurtarandan sonra cavab gəldi”, – şikayətçi deyir.
“Bəhanələri də bu olur ki, bu, mülki işdir. Bu adam oğurlamayıb, ağlın vardı, veməyəydin. Mən də onlarla dəlillərlə danışıram ki, həmin adam indi də dələduzluq edir. Bu işlə məşğul olanların, icarəyə verənlərin “WhatsApp” qrupu var. Qrupda həmin adamın əlaqə nömrəsini, şəklini atdım. Bir nəfər yazdı ki, bu adam necə axtarışdadır, indicə obyektimə gəlib, məndən mal götürmək istəyir? Qaça-qaça polisə gedirəm ki, bəs həmin adam indi başqa nömrəylə başqasından oyun icarə götürməyə cəhd edir. Deyir ki, verməyin də, neyləyək”, – deyə o bildirib.
29-cu Polis Şöbəsindən Meydan TV-nin sualları cavablandırılmayıb.
“Müqavilə varsa, mübahisə mülki xarakter daşıyır”
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Meydan TV-yə deyib ki, Fərid Quluzadə ilə icarədar arasında müqavilə varsa, onların arasındakı mübahisə mülki xarakter daşıyır: “Vətəndaş qarşı tərəflə mübahisəni məhkəmə müstəvisində yoluna qoymalıdır. Həmin adam özünə vəkil tutsun. Bu məsələni polisdən kənar, məhkəmə çərçivəsində dəymiş zərəri tələb etsin. Vəkil ona desə ki, yox, burda cinayət tərkibi də var, dələduzluq nəticəsində sizə dəyən zərərin miqdarı cinayət əməlinə səbəb olur., o zaman polisə şikayət verməlidir”.
Polis onun işinə baxmadıqda, yuxarı instansiyalara şikayət etməlidir. Xoşumuz gəlməsə də, şəxs dəymiş bir çox zərərlə bağlı mülki qaydada davasını məhkəmə qaydasında özü açmalıdır. Əgər onun əlində kifayət qədər sübutlar varsa, dəymiş zərəri də, üstəlik, məhkəməyə çəkdiyi xərcləri də ala bilər. Uzun prosedurdur, amma belədir. Bütün dünyada da təxminən belədir. İnsanlar ona dəymiş maddi və mənəvi ziyanın əvəzini məhkəmə vasitəsilə tələb etməlidir”, – Sahib Məmmədov belə deyib.