“Shaurma N1”in sahibi: “Vəd eləmişdi ki, yanında olsaq, cənnətə gedəcəyik”

“Aqil Babayevi imam kimi qəbul edirdim, ona inanırdım”

Özünü “12-ci İmam Mehdi” kimi təqdim etməklə adamları inandırıb, onların zəkat adıyla yüzminlərlə manat pullarını ələ keçirməkdə ittiham olunan Aqil Babayevin məhkəməsində bu dəfə “Shaurma N1”in sahiblərindən Natiq Sadıxov dindirilib. O, avqustun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş qismində ifadə verib.

Ümumiyyətlə, “İmam Mehdi” kimi qəbul edib, Aqil Babayevə pul verdiyini iddia edən və zərərçəkmiş qismində tanınanların sayı təxminən 40 nəfərdir.

İnanclı olduqlarını, Aqil Babayevə inandıqlarını iddia edən zərərçəkmişlər hər məhkəmə iclasında təhqir xarakterli ağır ifadələr səsləndirirlər. Eyni hal avqustun 30-da növbəti dəfə təkrarlananda hakim Eldar İsmayılov onlara xəbərdarlıq edib.

“Shaurma N1” restoranlar şəbəkəsinin şəriklərindən olan Natiq Sadıxov ifadəsində bildirib ki, Aqil Babayevi 2004-cü ildə ortaq tanışları vasitəsilə din alimi kimi tanıyıb. Onunla tez-tez görüşdüklərini, yaşadığı evə getdiyini deyən Natiq Sadıxov bildirib ki, Aqil Babayevlə səhərə qədər söhbət edib, ona itaət göstərib. Hətta buna görə öz ailəsində problem yaşayıb, valideynləri narazılıq edib. O isə bu narazılığa görə bir həftə evə getməyib:

“Hamı bu şəxsə qulluq edirdi. Məsələn, biri ona su aparırdı və bununla fəxr edirdi. Bir dəfə bizi topladı, özünü İmam elan elədi. Tapşırdı ki, bunu sirr kimi saxlayaq, çünki Allahın tapşırığıdı. Biz də fəxr edirdik ki, Allah bizə belə bir sirri saxlamağı nəsib edib. Düşünürdük ki, bu, Allah tərəfindən üzümüzə açılan qapıdır, hər adama qismət olmur”.

Aqil Babayevin Əhmədli qəsəbəsində yaşadığı evin təmirsiz olduğunu iddia edən Natiq Sadıxov deyir ki, onun evini təmir etdirib, yaxşı yaşaması üçün şərait yaradıb, özü ilə yanaşı, ona da “Lexus” markalı maşın alıb.

“İmam Mehdi”yə verilən pullara gəlincə, restoran sahibi bildirib ki, 2007-ci ildən 1000-2000 manat olmaqla, zəkat verməyə başlayıb. Ümumi məbləğ 173 min manat olub:

“O pulun hara xərcləndiyilə maraqlanmırdım. Çünki Aqil Babayevi imam kimi qəbul edirdim, ona inanırdım”.

Natiq Sadıxov iddia edir ki, Qarabağ müharibəsi dövründə Aqil Babayevə şəhid ailələrinə ev tikmək üçün əlavə 370 min manat pul verib.

Onun sözlərinə görə, 2021-ci ilin mayında Aqil Babayevin onları aldatdığını eşidib, sarsıntı keçirib. İyulun 8-də Aqil Babayevlə görüşüb, ondan pullarını tələb ediblər:

“Söz verdi ki, pulları son qəpiyinə qədər qaytaracaq”.

Natiq Sadıxov Aqil Babayevə inanmasını isə belə izah edib:

“Söhbət edəndə görürdüm ki, onun dini savadı çox güclüdür. Bu da məndə ona itaət etmək istəyi yaratdı. Mən bu itaəti Allahın vergisi kimi qəbul edirdim. Bu, adamın öz başına gəlməsə, başa düşmək olmur. Onu Allahın möcüzəsi kimi qəbul etmişəm. Bu möcüzəyə də inanmışam. Buna görə də Aqil Babayevi İmam Mehdi Zaman kimi qəbul etmişəm”.

Aqil Babayevin vəkili zərərçəkmişdən soruşub ki, “İmam Mehdi” onlara nə vəd vermişdi? Onun cavabı belə olub:

“Deyirdi ki, sona qədər onun yanında qalsaq, cənnətə gedəcəyik”.

Aqil Babayev hələlik məhkəmədə ifadə verməyib. Lakin özü və yaxınları həbsindən sonra bildirib ki, İmam Mehdi adıyla adamlardan pul toplaması haqda iddialar absurddur, onun “Shaurma N1”dəki payını əlindən almaq, pullarını ələ keçirmək üçün saxta cinayət işi başlanıb, bu adamlar da yalan danışırlar.

Vəkil “Shaurma N1”də pay bölgüsü haqda da Natiq Sadıxovdan soruşub. Lakin hakim bu sualı çıxarıb, cavablandırılmasına imkan verməyib:

“Biz burada “Shaurma N1”in məsələsinə baxmırıq…”

Vəkillər onu da soruşublar ki, müharibə getdiyi vaxt, hələ şəhidlərin kimliyi məlum olmadığı halda, kimlər üçün ev tikilirdi?

“Kimlərin şəhid olması barədə bizə məlumatlar gəlirdi…”, – Natiq Sadıxov belə cavab verib.

Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.

Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onun ailəsinin bildirdiyinə görə, 2021-ci il iyulun 8-də bağ evində bir qrup şəxs Aqil Babayevi döyüb, əl-qolunu bağlayıb, ondan pullarını və payını tələb edib. Daha sonra həmin şəxslər Əhmədli qəsəbəsində yerləşən evə gələrək, evdən təxminən 9 milyon manata yaxın pul və 2 milyon dəyəri olan qızıl külçələri götürüb aparıblar. Ertəsi gün Aqil Babayev baş verənlərlə əlaqədar polisə şikayət edib:

“Onun şikayətini araşdırmaq əvəzinə özü haqqında absurd cinayət işi başladılar. Bir günün içində 300 nəfərdən ərizə alıblar ki, guya İmam Mehdi adıyla onları aldadıb”.

Ana səhifəSosial“Shaurma N1”in sahibi: “Vəd eləmişdi ki, yanında olsaq, cənnətə gedəcəyik”