Seymur Həzi: Hökumət müxalifətin imkanlarını məhdudlaşdıracaq addımlar atacaq

“Bundan əlavə iş adamlarının partiyalara dəstəyinə şərait yaradılmalıdır”.

Source: Foto: sosial şəbəkə


Arif Hacılı: “Belə şəraitdə çoxpartiyalı sistemin möhkəmlənməsi mümkün deyil”

Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı çoxpartiyalı sistemlə bağlı bir sıra yeniliklərin olacağı barədə fikirlər səsləndirib.

Dövlət başçısı qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılacağı və Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulacağını deyib.

İlham Əliyev qeyd edib ki, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur:

“Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, – biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, – onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır”.


“Yeni qanun müasir tələblərə uyğun olacaq”

Ardınca Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev “Siyasi partiyalar haqqında” qanunun yeni variantının hazırlanması barədə açıqlama verib.

Səfa Mirzəyev yeni qanunun müasir tələblərə uyğun olacağını söyləyib:

“Prezident İlham Əliyev də Milli Məclisdə çıxışında vurğuladı ki, pozitiv fəaliyyətdə olan bütün partiyalar ölkədə baş verən hadisələrə yaxından cəlb olunmalıdır. Bu gün parlamentdə bütün komitələrinin sədr müavinləri müxalif partiyalardan seçilib. Milli Məclisin rəhbərliyində də müxalif deputat təmsil olunur. Bütün bunlar göstərir ki, “Siyasi partiyalar haqqında qanun”a lazımi dəyişikliklər etməliyik ki, partiyalar cəmiyyətdə daha fəal rol oynasın”.


“Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi təmin edilməlidir”

Müsavat Partiyasının başqanı Arif Hacılı qanunun yeni hazırlanacaq variantından yaxşı heç nə gözləmədiyini bildirib.

Arif Hacılı Meydan TV-yə Rusiyadakı Konstitusiya dəyişikliklərinin müzakirə olunduğunu xatırlayaraq bildirib ki, Azərbaycanda da qanunlara olunan dəyişikliklər avtoritar rejimin möhkəmlənməsinə, demokratik azadlıqların məhdudlaşmasına yönəlir.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılının sözlərinə görə, iqtidarda və yaxud müxalifətdə olmasına fərq qoymadan hər hansı siyasi partiyanı siyasi sistemin tərkib hissəsi kimi qəbul etmək lazımdır. Onun fikrincə, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi təmin edilməlidir və proporsional seçki sistemi bərpa olunmalıdır.

“Bakı şəhərində qısa müddətdə gəzmək kifayətdir ki, ölkədə çoxpartiyalı yox, birpartiyalı sistemin mövcud olduğunun şahidi olasan. Paytaxtın hər rayonunda çox böyük və milyonlarla dollar dəyərində olan binalar hakim partiyanın yerli təşkilatlarının ixtiyarına verilib. Amma digər partiyaların əlindən Elçibəy hakimiyyəti və ondan əvvəlki iqtidarların dövründə əlkə etdikləri binaları alıblar”.

Arif Hacılı vurğulayıb ki, eyni zamanda, partiyaların rayon təşkilatlarına fəaliyyət üçün imkan verilmir.

"Hansı çoxpartiyalı sistemdən söhbət gedə bilər ki, mən sentyabrda Müsavat Partiyasının yerli təşkilatlarında görüş keçirmək istərkən, polisin müdaxiləsi ilə üzləşirdim. Hansı çoxpartiyalı sistemdən söhbət gedə bilər ki, partiyaların üzvləri seçki komissiyalarından kənarlaşdırılıb və daim təqib olunub. Eyni zamanda, İlham Əliyev də müxalifətin sıradan çıxarılması istiqamətində açıq şəkildə fəaliyyət göstərdiyini bəyan edib. Belə şəraitdə çoxpartiyalı sistemin möhkəmlənməsi mümkün deyil”.


“Xüsusi irəliləyiş gözləmirik”

AXCP sədrinin müavini Seymur Həzi , “Siyasi partiyalar haqqında qanun”a dəyişikliklərdən əvvəl partiyaların vəziyyətinə diqqət yetirməyin vacib olduğunu düşünür:

“Məsələn, AXCP-nin qərargahı yoxdur, bir çox partiyaların qeydiyyatı yoxdur, Ədliyyə Nazirliyi qeydiyyatla bağlı problemlər yaradır. Qurultay sənədlərinin bir hissəsini qəbul edir, qalanlarını rədd edir. Bu cür süni maneələr yaradılır. Əgər bu maneələr aradan qalxacaqsa, mütərəqqi bir şey olacaq. Yox, siyasi partiyaları yenidən nəzarətə götürəcək yeni qanun variantı olacaqsa, mürtəce addım olacaq. Yaxşı olardı, partiyaların normal fəaliyyətinə şərait yaradılsın. Mən bunu gözləmirəm. Çünki hakimiyyət narazılığın artdığını gördükcə, partiyaları nəzarətdə saxlamaq istəyəcək”.

Seymur Həzi
Seymur Həzi

Seymur Həzi hazırkı qanunun o qədər də ürəkaçan olmadığını bildirib:

“Bundan sonra hazırlanacaq variantda da xüsusi irəliləyiş gözləmirik. Sadəcə, yeni layihədə hökumət müxalifətin imkanlarını məhdudlaşdıracaq addımlar atacaq”.


“Proporsional seçki sisteminin bərpası daha doğru olardı”

ReAL Partiyasının funksioneri Natiq Cəfərli qanunun yeni variantından daha çox gözləntiləri proporsional seçki sisteminin bərpasının və kompleks şəkildə dəyişikliklər olduğunu bildirib.

Natiq Cəfərli hesab edir ki, gələcəkdə majoritar seçki sisteminin ləğv edilib, proporsional seçki sisteminin bərpası daha doğru olardı:

Natiq Cəfərli
Natiq Cəfərli

“Xüsusilə dəyişikliklər partiyaların ideoloji əsaslar üzərində möhkəmlənməsinə səbəb olacaqsa, yaxud partiyaların qeydiyyatında, regionlarda fəaliyyətinə süni maneələr aradan qaldırılacaqsa, maliyyə məsələləri ilə bağlı daha şəffaf müddəalar olarsa, qərargahlar veriləcəksə, müsbətdir. Yox, mürtəce dəyişikliklər olacaqsa, tərəfimizdən xoş qarşılanmayacaq və ciddi tənqidə məruz qalacaq. Ümumiyyətlə, yeni mətni görəndən sonra qiymət vermək mümkün olacaq”.


“Heydər Əliyev ictimai-siyasi təşkilatlara qarşı “səlib yürüşü” həyata keçirdi”

Siyasi icmalçı Zərdüşt Əlizadə yeni variantda qanunun aliliyinin qorunmasını istədiyini deyib:

“Əgər bu olarsa, normativ aktlar və qanunlar işləyəcək, əks təqdirdə, ciddi dəyişiklik gözləmirəm”.

Zərdüşt Əlizadə xatırladıb ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra cəmiyyət həyatının təzahürləri olan ictimai-siyasi təşkilatlara qarşı “səlib yürüşü” həyata keçirildi. O qeyd edib ki, bütün qanuni və qanunsuz vasitələrdən istifadə edərək ictimai-siyasi həyatı boğdular. Nəticədə siyasi həyatda gerçək partiya qalmadı, hamısı marginal, dərnək səviyyəli qurumlardır:

“İlham Əliyev bu barədə danışanda, AXCP-ni nəzərdə tutur, amma təəssüf ki, bütün partiyalar dərnək səviyyəsindədir və marginallaşıb. Yeni Azərbaycan Partiyasının nə ideologiyası var, nə də müstəqil qurumdur. Hakim partiya Prezident Administrasiyasından gələn göstərişləri yerinə yetirir və faktiki olaraq YAP rüşvətxor, bacarıqısız məmur hazırlayan yığnaqdır”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Z.Əlizadənin sözlərinə görə, ölkədə xeyli sayda saxta partiya var. Bəzilərinin adı var, özü yox. 54 siyasi partiya qeydiyyatdan keçib, təftiş aparılmalı və yeni variantda sərt tələblər qoyulmalıdır. Tələblərə cavab verməyən partiyalar isə ləğv edilməlidir:

“Məncə, 2-3 partiya qalmalıdır. Qanunda partiyaların fəaliyyətinə qoyulan qadağa götürülməlidir. O cümlədən, özünü müxalif sayıb hökumətin siyasətini tənqid edən və Konstitusiyada göstərilmiş dinc siyasi mübarizə üsullarından istifadə edən partiyalara maliyyə dəstəyini özündə əks etdirən qanun hazırlanmalıdır. Bundan əlavə iş adamlarının partiyalara dəstəyinə şərait yaradılmalıdır. İş adamlarına basqı edən məmurlar haqqında cinayət işi açılmalıdır. Yalnız bundan sonra azad və siyasi fəaliyyət üçün şərait yaradıldığı haqqında danışmaq olar. Azərbaycanda gözəl yazılmış qanunlar çoxdur, amma onların heç biri işləmir. Qanunların mövcudluğu üçün onların işləməsi deyil, cəmiyyətin qanunlar üzərində nəzarəti vacibdir. Hakimiyyət isə bundan qorxduğundan imkan vermir”.


“Siyasi partiyalar haqqında”

qanun 1992-ci ildə qəbul olunub. Həmin dövrdən qanunda 60 dəfə dəyişiklik edilib. Sonuncu dəyişiklik 2012-ci ildə olunub.

Azərbaycanda qeydiyyatdan keçmiş 54 siyasi partiya var.

Ana səhifəSiyasətSeymur Həzi: Hökumət müxalifətin imkanlarını məhdudlaşdıracaq addımlar atacaq