AbzasMedia-nın baş redaktoru Sevinc Vaqifqızı saxlanıldığı Bakı İstintaq Təcridxanasında təzyiqlərə məruz qalır.
Bunu Meydan TV-yə acıqlamasında anası Ofeliya Məhərrəmova bildirib.
Onun sözlərinə görə, aparılan sovqatlar Sevincə verilmir.

“Mən 6-cı gün getdim onun olduğu yerə. Şəxsi əşyaları, sərinkeşi verilmədi. Nə özləri vermir, nə də mən apardığımı vermirlər. Elnur (Elnur İsmayılov – Bakı İstintaq təcridxanasının rəhbəri-red.) prinsipial olaraq vermir. Bu gün də aparıblar paltarını, Elnur gəlib deyib ki, mən paltarlarını içəri buraxmayacağam. Elnur Sevinclə prinsip aparır. Elnur oranın rəisidir. Deyir sən buradan yazılar yazırsan. Onun prinsipini aparır. Sevinci ən çirkli otağa salıblar, təmizləyici vasitələrin heç birini buraxmadılar, salfetka buraxmadılar, heç bir şəxsi əşyasını buraxmadılar”.
Anası deyir ki, Sevinc onunla telefon danışığında bildirib ki, belə getsə həbsxanada paltarsız qalacaq.
“Sevinc telefonla danışanda dedi ki, bunlar istəyir ki, həbsxanada biz lüt gəzək, paltar yoxdur, istinin günündə paltar tapmıram dəyişməyə. Dedim ki, biz lüt gəzməliyik burada? Onu istəyirsiniz siz?”.
Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
Sonradan daha 7 maddə əlavə edilərək ittiham ağırlaşdırılıb.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AbzasMedia işi” üzrə keçirilən məhkəmədə Sevinc Vaqifqızına 9 il müddətinə həbs cəzası verilib.
O, özünü təqsirli bilmir.
Ofeliya Məhərrəmova övladının durumu ilə bağlı narahat olduğunu qeyd edib. O, bu gün aparılan sovqatın da buraxılmadığını qeyd edib.
“Bu gün də aparmışdıq. Mən özüm ürək xəstəsiyəm. Təzəlikcə həkimə getmişəm. Ürəyimlə bağlı xəstəxanadan təzə çıxmışam. Hamısı əsəbdən. Uşağıma orada zülm verirlər, özümə də burada. Mən uşağıma görə narahatam. Orada, istidə əyninin paltarını vermirlər. Bunun hamısını edən, başında duran oranın rəisi Elnurdur”.
“Sevinc yazıb ki, buranın sərinkeşlərini Elnur öz mağazalarında satır. Düz deyir, o pula görə qudurub. Ombudsmana da müraciət etmişik. Heç kimi eşitmir Elnur, heç kimin müraciətini qəbul etmir”, – anası belə deyir.
AbzasMedianın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova ilə Elnarə Qasımova ictimaiyyətə müraciət ediblər. Onlar iyulun 22-dən başladıqları aclığı dayandırdıqlarını bildiriblər.
“Biz bu saatdan etibarən aclığı dayandırırıq. Səbəb aclıq edirik deyə səhhətimizin pisləşəcəyini düşünüb stress keçirən valideynlərimizin xəstəxanaya düşməsidir. Hər birimizin valideyni ürək-damar problemlərindən əziyyət çəkir. Bizim aclıq dönəmimizdə onlar tez-tez xəstəxanaya müraciət etməli olublar. Onların səhhətini nəzərə alaraq aclığı dayandırırıq. Ülvidən xahiş edirik, ürək xəstəliyi olan anası Esvira xanımın səhhətini nəzərə alaraq aclığı dayandırsın”.
Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən aclıq aksiyasına başlamışdılar.
Onlar iyulun 20-də müddətsiz aclığa başlayan AbzasMedia-nın həbsdəki direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər.
Ülvi Həsənli artıq 9 gündür aclıq edir.
Deyilənlərə aidiyyatı qurumlar münasibət bildirməyib.