Onların işi ilə bağlı AİHM-ə müraciət edilib
Həbsdə olan “AbzasMedia”nın direktoru Ülvi Həsənliyə və baş redaktoru Sevinc Vaqifqızına ailələri ilə görüşməyə, telefonla danışmağa izin verilmir.
Bu barədə onların vəkilləri məlumat verib.
Vəkil Aqil Layıc Kürdəxanı İstintaq Təcridxanasında Sevinc Vaqifqızı ilə görüşüb:
“Beş gündür həbs edilib, ailəsi ilə görüşməsinə və telefonla danışmasına izin verilməyib. Bütün dostlara salam göndərdi. Bildirdi ki, həbsi sadəcə jurnalist araşdırmaları ilə bağlıdır”.
Bakı şəhər Baş Polis İdarəsində onların işi üzrə istintaqı aparan müstəntiqin qərarıyla görüş və telefon danışığı hüququ məhdudlaşdırılıb.
Həmin qərar noyabrın 24-də Bakı İstintaq Təcridxanasında onlara təqdim olunub.
Meydan TV-nin əldə etdiyi məlumata görə, məhdudiyyət 3 ay müddətinə qoyulub.
Sevinc Vaqifqızı və Ülvi Həsənli bu qərarı qanunsuz hesab edir.
Onların vəkilləri müstəntiqin sözügedən qərarından məhkəməyə şikayət verəcək.
Vəkil Elçin Sadıqov bildirib ki, Sevinc Vaqifqızının və Ülvi Həsənlinin hüquqlarının təmin edilməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) 39-cu qayda əsasında müraciət edib.
Vəkil ümid edir ki, AİHM tezliklə müraciətlərinə baxacaq:
“Məhkəmə müraciətə baxar, müvafiq qərar qəbul edərsə, bu, Sevinc Vaqifqızının, Ülvi Həsənlinin və digərlərinin hüquqlarını qoruyacaq və onları qanunsuz müdaxilədən mühafizə edəcək”.
Ədliyyə Nazirliyi və istintaq təcridxanasından onlara ailələri ilə görüş və danışmağa nə səbəbə izin verilməməsi ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
“AbzasMedia”nın direktoru Ülvi Həsənli və ictimai fəal Məhəmməd Kekalov noyabrın 20-də saxlanılıblar. Sonradan Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də Azərbaycana dönərkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb.
Noyabrın 21-də hər ikisi Xətai rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar həbslərini siyasi sifariş sayır, ittihamları qəbul etmirlər.
Məhəmməd Kekalov da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıyla eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub və 3 ay 27 gün azadlıqdan məhrum edilib.
Sevinc Vaqifqızı və Ülvi Həsənlinin evində və “AbzasMedia”nın ofisində axtarış aparılıb. Medianın ofisindən 40 min avro tapıldığı iddia edilib.
Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.
Beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.