Həbs qərarlarından apelyasiya şikayəti verilib
“AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) haqqında noyabrın 22-də Xətai Rayon Məhkəməsində çıxarılmış həbs qərarından apelyasiya şikayəti verilib.
Şikayətlərə noyabrın 27-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
Sevinc Vaqifqızının işi hakim Habil Məmmədovun, Ülvi Həsənlinin işi isə hakim Anar İbrahimovun icraatındadır.
Ülvi Həsənli saxlanılıb Bakı şəhər Baş Polis İdarəsinə aparılarkən, eləcə də sonradan idarədə işgəncəyə məruz qaldığını bildirmişdi.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, onun vəkili Zibeydə Sadıqova işgəncə ilə əlaqədar məhkəməyə şikayət verib.
Məhkəmə nəzarəti qaydasında verilmiş bu şikayətə də noyabrın 27-də Xətai Rayon Məhkəməsində baxılacaq.
Ülvi Həsənli noyabrın 22-də Xətai Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçiləndə də işgəncəyə məruz qalmasından danışıb.
Hakim Sülhanə Hacıyeva işgəncə şikayətinin araşdırılması üçün məhkəmənin prokurorluğa məktub göndərəcəyini bildirib.
Ülvi Həsənlininn yaxınları onun hələ də ekspertizadan keçirilməməsindən narazıdır:
“Həm prokurorluğa, həm də məhkəməyə işgəncədən şikayət verilib. Noyabrın 27-nə işgəncə ilə bağlı məhkəmə təyin olunub. Amma hələ də Ülvi ekspertizadan keçirilməyib. Zaman keçdikcə üzərindəki xəsarət izləri də yox olur. İzlər gedəndən sonra ekspertin gəlməyinin nə mənası qalır?”
Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.
Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində ölkəyə qayıdarkən Bakıdakı hava limanında təyyarə yerə enən kimi saxlanılıb.
Noyabrın 20-də “Abzas Media”nın ofisində və Ülvi Həsənlinin evində, Sevinc Vaqifqızı saxlandıqdan dərhal sonra isə gecə saat 3 radələrində onun yaşadığı mənzildə axtarış aparılıb.
Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Saytın direktor müavini Məhəmməd Kekalov da noyabrın 20-də saxlanılıb. İki gün ərzində onun yeri, nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.
İki gün sonra onun da eyni cinayət işi üzrə saxlandığı məlum olub.
Noyabrın 23-də Xətai rayon Məhkəməsində onun da barəsində həbs qərarı çıxarılıb.
Təqsirləndirilən şəxslərin heç biri qaçaqmalçılıq ittihamını qəbul etmir.
Ülvi Həsənli və Sevinc Vaqifqızı bu ittihamın absurd olduğunu, “Abzas Media”nın fəaliyyətinə, konkret olaraq, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirib.