Sevinc Vaqifqızı RSF-nin “Cəsarət Mükafatı”na layiq görülüb

Foto: RSF

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Sərhədsiz Reportyorlar (RSF) təşkilatının təsis etdiyi “Azad Mətbuat Mükafatları”nın “Cəsarət Mükafatı”nı qazanıb.

RSF-in 33-cü Mətbuat Azadlığı Mükafatları 15 noyabrda təşkilatın Parisdə keçirilən 40 illik yubiley festivalında təqdim olunub.

Tədbirdə Sevinc Vaqifqızı ilə yanaşı, fələstinli jurnalist Bisan Ovda (“Təsir mükafatı”), myanmalı jurnalist Şin Daeve (“Müstəqillik” mükafatı), Burkina-Fasodan olan jurnalist Atiana Serj Oulon (Afrika araşdırma jurnalistikası üzrə “Mohamed Maïga” mükafatı) və fransız fotojurnalist Robin Tütenjes (Lucas Dolega–SAIF Foto Mükafatı) təltif olunublar.

Sevinc Vaqifqızına verilən mükafatı onun adından “Abzas Media”nın direktoru Günel Səfərova qəbul edib. O, həmçinin baş redaktorun mərasim iştirakçılarına ünvanladığı məktubu səsləndirib.

RSF Sevinc Vaqifqızını “prinsiplərinə sadiqliyi, təzyiqlərə baxmayaraq inadla susmaması və ədalətsizlik qarşısında dayanıqlığı ilə ləyaqət və ümid rəmzi” adlandırıb.
Təşkilatın açıqlamasında bildirilib ki, həmin jurnalistlər cəsarət və müstəqilliyin simvollarıdır:

 “Bu mükafatlar vasitəsilə biz işinə və jurnalistikaya sarsılmaz bağlılığı ilə bombardmanlara, senzura və həbslərə rəğmən gerçəyi müdafiə edən jurnalistləri təqdir edirik. Onlar cəsarət və müstəqilliyin simvoludurlar. Gəlin onları alqışlayaq, səslərini daha da ucaldaq və işlərini paylaşaq”.

Sevinc Vaqifqızı hazırda “AbzasMedia işi” üzrə həbs olunan yeddi nəfərdən biridir .

2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsi onunla yanaşı qurumun direktoru Ülvi Həsənlini, araşdırmaçı-jurnalist Hafiz Babalını, iqtisadçı Fərid Mehralızadəni 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, direktor müavini Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin hökmündə Sevinc Vaqifqızı və digər jurnalistlər qaçaqmalçılıq və bir sıra digər maddələr üzrə təqsirli biliniblər.

Lakin onlar ittihamları qəbul etmir, həbslərinin “AbzasMedia”da apardıqları korrupsiya araşdırmaları ilə bağlı olduğunu və siyasi sifariş xarakteri daşıdığını bildirirlər.

Ana səhifəUncategorized @azSevinc Vaqifqızı RSF-nin “Cəsarət Mükafatı”na layiq görülüb