Zərərçəkən: “Ona ən ağır cəzanın verilməsini istəyirəm”
24 yaşlı Sevinc Məhərrəmovanın qətli zamanı həm də qonşudakı Röyal Hüseynov yaralanıb.
Sevinc Məhərrəmovanı qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı, 43 yaşlı Füzuli Qarayev hadisə vaxtı qonşuya da bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir.
Füzuli Qarayev məhkəmədəki ifadəsində bildirmişdi ki, həyat yoldaşı Röyal Hüseynovgilin evində gizlənib. O, qonşusundan həyat yoldaşını çağırmasını tələb edib. Lakin qonşusu ona söyüşlə cavab verib. Bu səbəbdən onu bıçaqla vurub və qonşunun həyətinə daxil olaraq, evdə olan həyat yoldaşını qətlə yetirib.
Lakin fevralın 1-də zərərçəkmiş qismində məhkəmədə ifadə verən Röyal Hüseynov bildirib ki, təqsirləndirilən şəxs yalan deyir, o, söyüş söyməyib: “Özü də bilir, Allahı da bilir. Mən söyüş söyən adam deyiləm. Münasibətlərimiz qonşu kimi də “salam”, “sağ ol” səviyyəsində olub. Gözləməzdim ki, məni bıçaqla vursun”.
Təqsirləndirilən şəxs bir daha təkrarlayıb ki, zərərçəkmiş yalan danışır, həmin vaxt söyüş söyüb, bu üzdən də bıçaqla ona xəsarət yetirib: “Mən sənə dedim ki, ailəmi çağır, niyə çağırmadın? Mənim bu gün uşaqlarımın başsız qalmasının səbəbkarı həm də sənsən…”
Röyal Hüseynov isə təqsirləndirilən şəxsi yalan danışmaqda ittiham edərək vurğulayıb ki, söyüş söymək onun xarakterinə ziddir.
Zərərçəkmiş onu da əlavə edib ki, Füzuli Qarayevin həyat yoldaşını döyməsi barədə əvvəllər də internetdən oxumuşdu.
“Bəlkə də şikayətçi olmazdım. Bu ki belə yalan danışır, şikayətçiyəm. Ona ən ağır cəzanın verilməsini istəyirəm. Xeyli müddət müalicə olunmuşam. 6000 manat ailəm xərc çəkib. Bunun da ödənilməsini tələb edirəm”, – zərərçəkmiş bildirib.
Fevralın 8-də davam edəcək növbəti məhkəmə iclasında şahidlər dindiriləcək.
Hadisə 2021-ci il avqustun 3-də Zirə qəsəbəsində baş verib. Füzuli Qarayevə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddələrilə ittiham irəli sürülüb.
Sevinc Məhərrəmova Füzuli Qarayevin ikinci həyat yoldaşıdır. Onların altı illik evlilikdən iki azyaşlı övladı var.