“Sevinc dedi ki, əgər mən aclığa başlasam, hamı mənə qoşulacaq”

Valideynlər həbsdə olan jurnalistlərin həyatından narahatdır

Hazırda həbsdə olan “AbzasMedia” saytının baş redaktoru Sevinc Vaqifqızı deyib ki, əgər saxlanıldıqları 1 saylı Bakı İstintaq Təcridxanasında üzləşdikləri problemlərə son verilməsə, aclıq aksiyasına başlayacaq.

Bu barədə onun anası Ofeliya Məhərrəmova keçirilən mətbuat konfransında məlumat verdi.

“Sevinc dedi ki, əgər mən aclığa başlasam, hamı mənə qoşulacaq, aclığa başlayacaq”, – Ofeliya Məhərrəmova dedi.

Ötən həftənin sonundan etibarən gündəmin əsas mövzularından biri həbs olunmuş jurnalist qızların təcridxanada üzləşdikləri fiziki və psixoloji təzyiqdir. Müsavat Partiyasının qərargahında təşkil olunmuş mətbuat konfransında baş verənləri həm Sevinc Vaqifqızının, həm də Nərgiz Absalamovanın anası anlatdı.

O.Məhərrəmova dedi ki, qızının həbsdə olduğu 1 il ərzində onlara cəmi 3 dəfə açıq görüş verilib. Qalan müddətdə üzərində 2 saylı yazılmış şüşə arakəsmə vasitəsilə görüşüb, bir-birləri ilə telefon vasitəsilə əlaqə saxlayıblar. Bütün “Abzas”çıların 2 saylı məntəqədə görüşdüyünü deyən valideynlər həmin telefonun dinlənildiyi qənaətindədirlər.

“Sonuncu dəfə gedərkən bizə açıq görüş olacağını söylədilər. Üç saata qədər gözlədik, Sevinci gətirmədilər. Sonra mən əsəbləşib dedim ki, ürəyi xəstə adamam, nə qədər oturub gözləməliyəm? Bundan sonra bizə təkrar şüşə arakəsmə ardından görüş verildi. Bu zaman iki nəfər Sevincin arxasında, bir nəfər isə bizim arxamızda dayandı. Sevinc buna etiraz edib dedi ki, onsuz da telefonu dinləyirsiz, burada dayanmağın nə mənası var?“, – O.Məhərrəmova dedi.

Onun sözlərinə görə, Sevincin əlində xəsarət izləri var və nəzarətçi bilərəkdən onun əlini nəfəsliyin arasında sıxıb.

Ananın sözlərinə görə, Sevinc Vaqifqızı saxlanma şəraitinin normal olmamasından şikayətçidir:

“Məhbuslara verilən su içməyə yararsızdır. Ona görə də özümüzlə filtirlənmiş su aparırıq. Yeməyi də özümüz aparırıq. Sevinc deyir ki, elə qadınlar var, heç kimi yoxdur. Onlar məcburən həbsxananın yeməyini yeyirlər. Deyir, 15 nəfərə 4 tikə ət gətirirlər. Həftədə 1 dəfə isti su verilir, o da 1 saat. 15 məhbus o 1 saat ərzində yuyunmalıdır. Elnur İsmayılov qəsdən belə edir ki, məhbuslar arasında intriqa yaransın, yemək, çimmək üstündə dalaşsınlar”.

O.Məhərrəmovanın sözlərinə görə, qızının tez-tez problemləri qabartması təcridxana rəhbərliyinin xoşuna gəlmir:

“Orada 30 ilin soyuducuları var, insanlar yeməklərini yığa bilmirlər, soyutmur, xarab edir. Sevinc də deyib ki, bura ayrılan pullar hara gedir ki, soyuducuları yeniləmirsiz? Bundan sonra gətirib 2 yeni soyuducu qoyublar. Orada yaşlı bir qadın var, Sevincə deyir ki, sən gələndən sonra bura xeyli düzəlib. Bu cür etirazlar Elnur İsmayılovun xoşuna gəlmir”.

Nərgiz Absalamovanın anası Sevda Absalamova deyir ki, qızının baş verənlərə etirazı, dərman preparatlarının verilməməsi ilə bağlı yazısı təcridxana rəhbərliyini qəzəbləndirib. Onlar jurnalisti hədələyiblər. Bu səbəbdən də ana övladının həyatından narahat olduğunu deyir.

Sevda Absalamovanın sözlərinə görə, qızı üçün apardığı təmiz suyu götürmürlər, onun kamera yoldaşlarına görüş verməməklə onları Nərgizə qarşı qaldırırlar:

“Şəxsən mənim yanımda Elnur İsmaylov nəzarətçilərə tapşırdı ki, qadın məhbusların heç birinə açıq görüş verilməsin. Ancaq 2 saylı yerdə danışdırırlar, yanımızda dayanırlar”.

Özünün də məhbus həyatı yaşadığını xatırladan hüquq müdafiəçisi Rüfət Səfərov həbsdəki jurnalistlərin dediyi problemlərin doğru olduğunu təsdiqlədi. Onun fikrincə, hakimiyyət jurnalistlərdən qisas alır, lakin buna baxmayaraq, “AbzasMedia” əməkdaşları həbsdə belə öz işlərini davam etdirir, oradakı problemləri ictimailəşdirirlər. Hüquq müdafiəçisi vicdan məhbusu kimi tanınan digər fəalların da təzyiqlə üzləşdiyini deyir:

“İqtisadçı Fazil Qasımov telefonla danışarkən bir neçə kəlmə ingiliscə fikir bildirib. Buna görə onu həmin kabinədən sürüyüb çıxarıblar, əynindəki gödəkcə belə cırılıb”.

Hakimiyyətin öz tənqidçilərinə qarşı qəddar davrandığını deyən hüquq müdafiəçisi həbs olunan iqtisadçının Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə gördüyünü xatırlatdı: “Onun başını unitaza soxublar”.

Vaxtilə həbs həyatı yaşamış jurnalist, AXCP sədrinin müavini Seymur Həzi də “Abzas”çıların qaldırdığı problemlərə yaxından bələd olduğunu dedi. Onun sözlərinə görə, hakimiyyətin məqsədi cəmiyyəti qorxutmaqdır, lakin bu istəklərinə çata bilmirlər.

“Sevinc, Nərgizin, Ülvinin, Fazil Qasımovun içəridən mesaj ötürməsinin hakimiyyətə necə təsir etdiyini başa düşürəm. Bunun səbəbi o deyil ki, bu məlumatlar bayıra çıxanda hansısa atom bombası effekti yaradacaq. Onların narahatlığı ondan ibarətdir ki, hakimiyyətin bağladığı qapılar açılır. Yəni cəmiyyəti bağlamaq istəyir, amma “nəhəng hökumət” hansısa arıq, cılıq qızların qarşısında acız qalır”.

“Biz nə etməliyik? Sevincin orada nə işi var ki, əlində qançır olsun? Sual budur – Sevinc, Nərgiz, Elnarə, Ülvi, Fazil, “Toplum”çular, Akif, Ələsgər orada nə gəzir? Bu adamlar nə ediblər ki, oraya düşüblər? Bütün bu hadisələr hakimiyyətin cinayətinin nəticəsində baş verib. Penitensiar Xidmətin yarıtmaz fəaliyyəti və s. bunlar işin elementar hissəsidir. Məmurların hamısı İlham Əliyevin bir imzasının altındadır. Hamısını bir dəqiqəyə işdən çıxarıb, yenisini gətirə bilər. Deməli, bu işin arxasında dayanan hökumətin siyasi iradəsidir, İlham Əliyevin siyasi iradəsi nəticəsində bu proseslər baş verir. Nəticədə bizim dostlarımız, həmfikirlərimiz əziyyət görürlər. Düşünürəm ki, cəmiyyət müqavimət göstərməlidir, hamı içəridən, çöldən yazmalıdır. Göstərməliyik ki, həbslər bu işlərin qarşısını ala bilməz”.

Ana səhifəXəbərlər“Sevinc dedi ki, əgər mən aclığa başlasam, hamı mənə qoşulacaq”