Sevinc Abbasova ilə mübarizə aparan müəllimə Mübariz Qurbanlının qohumu imiş

M.Hüseynova özü çıxışında YAP-çı olmasını bir neçə dəfə vurğulayıb

Source: Foto: Meydan TV


Məhkəmə qərar verərkən istinad etdiyi sübutlardan biri də YAP-ın verdiyi müsbət xasiyyətnamə olub

13 yaşlı Elina Hacıyevanın intiharına görə cinayət məsuliyyətinə cəlb olunmuş 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın məktəbdən uzaqlaşdırdığı

Məlahət Hüseynova

barədə Meydan TV-yə yeni məlumat daxil olub. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, 20 ilə yaxın deputat olmuş Mübariz Qurbanlının baldızıdır. Özü də məhkəmədə 162 saylı məktəbdə ilk partiya təşkilatının (YAP) katibi olmasını vurğulayıb.

M.Hüseynova məktəbin təlim-tərbiyə məsələləri üzrə müdir müavini olub və S.Abbasovanın 2016-cı ilin fevralında təyinatına qədər bir müddət direktor vəzifəsini icra edib. Sonradan onların arasında kəskin fikir ayrılıqları olub və nəticədə S.Abbasova direktor təyin olunandan 9 ay sonra müavinindən Bakı Şəhər Təhsil İdarəsinə şikayət edib. Ardınca da idarəyə müəllimlərin M.Hüseynovadan şikayətləri göndərilib. 2017-ci ilin sentyabrında o, işdən çıxarılıb. Oktyabrda M.Hüseynova işdən çıxarılmasıyla əlaqədar məhkəmədə iddia qaldırıb. Onun vəsatəti əsasında məhkəmədə dindirilən müəllimlər etiraf ediblər ki, S.Abbasova müdir müavininin işə gəlməməsi və s. nöqsanlar barədə saxta aktlar tərtib etdirib, təzyiq altında müəllimlər də həmin aktları, Bakı Təhsil İdarəsinə şikayətləri imzalamağa məcbur olub.

M.Hüseynova özü çıxışında YAP-çı olmasını bir neçə dəfə vurğulayıb.

Əmək fəaliyyətinə musiqi və nəğmə müəllimi kimi başlayan M.Hüseynova sonradan pedaqoji instituta daxil olub, fəaliyyətini riyaziyyat və nəğmə müəllimi kimi davam etdirib. 2001-2006-cı illərdə Binəqədi rayonu 298 saylı, 2006-2011-ci illərdə isə 30 saylı orta məktəblərin direktoru olub. 2011-2014-cü illərdə 190 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyib. 2014-cü ilin noyabrından 2016-cı ilin 1 fevralına qədər 162 saylı orta məktəbin təlim-tərbiyə məsələləri üzrə müdir müavini olmaqla, eyni zamanda, direktor vəzifəsini də icra edib.

O vurğulayır ki, YAP yeni yarandığı vaxtdan – 1993-cü ilin martından bu partiyanın üzvüdür. 162 saylı orta məktəbdə də ilk partiya təşkilatının katibidir: "Məktəbdə çalışan YAP üzvləri mənim ilk partiya təşkilatına rəhbərlik etməyimə bu gün də etimad göstərirlər".

Məhkəmə M.Hüseynovanın iddiasını qismən təmin edib, onun işə bərpası və buraxılmış müddətə görə əməkhaqqı ödənilməsinə qərar verərkən istinad etdiyi sübutlardan biri də YAP-ın Səbail rayon təşkilatının onun haqqında verdiyi müsbət xasiyyətnamə olub.

Bakı Təhsil İdarəsi M.Hüseynovanın xeyrinə çıxarılmış qərardan yuxarı instansiya məhkəmələrinə şikayət versə də, dəyişiklik olmayıb.

E.Hacıyeva bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.

Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 125-ci maddəsilə ittihama isə xitam verilib.

Elinanın ailəsi direktorun həbsini tələb edir. Bildirirlər ki, o, vaxtında həkim çağrılmasına imkan verməyib: “Əgər vaxtında tibbi yardım göstərilsəydi, bəlkə də Elina bu gün yaşayırdı…”

Ana səhifəSiyasətSevinc Abbasova ilə mübarizə aparan müəllimə Mübariz Qurbanlının qohumu imiş