Azad edilən qadınlar indiyədək mühakimə edilən 11 qadından üçüdür
Səudiyyə Ərəbistanı insan haqları işi və əcnəbilərlə əlaqə saxlamaqda ittiham edilən üç qadın fəal müvəqqəti olaraq azad edib, – "Reuters" xəbər verir.
İki qaynaq "Reuters"-ə bildirib ki, üç qadın azad edilib və daha bir neçəsi də bazar günü azad ediləcək.
"Amnesty İnternational" və İngiltərədə yerləşən Səudiyyə insan hüquqları təşkilatı (ALQST) azad edilən qadınların adlarını açıqlayıb – Eman əl-Nafcan (Eman al-Nafjan), Aziza əl-Yusif (Aziza al-Yousef) və Roqaya əl-Moqreb (Roqaya al-Mohareb).
Səudiyyə dövlət mediası deyib ki, sərbəst buraxılma müvəqqətidir. "Amnesty İnternational"dan Lin Maluf (Lynn Maalouf) deyib ki, sərbəst buraxılma müvəqqəti olmamalıdır.
“Onlar qadın haqlarını müdafiə edib, bu haqda öz fikirlərini ifadə etdikləri üçün həbs ediliblər, sevdiklərindən ayrılıblar və işgəncələrə məruz qalıblar,” – deyə Maluf deyib.
Azad edilən qadınlar indiyədək mühakimə edilən 11 qadından üçüdür. Bu qadınlar beş ilədək həbs cəzası verilə bilən ölkənin kiber cinayətlər qanunu altında ittiham edilirlər.
Qadınlar keçən mayda qadınlara sürücülük qadağasının qaldırılmasından öncə həbs edilmişdirlər. Prokurorluq bildirmişdi ki, tutulan qadınlar milli maraqları təhlükə altına alan fəaliyyətlər göstərmiş və “xaricdəki düşmən elementlərə dəstək vermişlər”.
Səudiyyə Ərəbistanında insan haqlarıyla bağlı işlər keçən oktyabr ayında İstanbulda yerləşən Səudiyyə konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra gücləndirilib.