Səsvermədə iştirak edəcək seçicilərin sayı açıqlanıb

x

Səsvermə 125 seçki dairəsinin 6477 seçki məntəqəsində keçiriləcək

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində “sükut günü”dür. Yəni səsvermədən 24 saat əvvəl hər hansı seçkiqabağı təşviqat kampaniyası aparmaq olmaz. Sabah isə növbədənkənar parlament seçkiləri keçiriləcək. Növbədənkənar seçkilərin keçirilməsinə hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşəbbüs göstərilib. Əsas kimi seçkilərin vaxtının Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal forumu – “COP29” iqlim konfransının Bakıda keçirilməsilə üst-üstə düşməsi göstərilib.

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 6 milyon 421 min 960 vətəndaşın səs verəcəyi bildirilir. Bu barədə avqustun 31-də mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb.

Komissiya sədri deyib ki, seçkilər 6478 seçki məntəqəsində keçiriləcək, onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.

MSK sədrinin sözlərinə görə, ölkənin ən çox seçicisi 30-39 yaş arasındadır:

İlk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçicimizin 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicimizin 109 yaşı var”.

İlkin qeyri-rəsmi nəticələr sentyabrın 2-nə keçən gecə məlum olacaq. Səsvermədən sonra 5 gün ərzində Mərkəsi Seçki Komissiyası (MSK) seçkilərin nəticələri barədə protokolu təsdiqləyəcək və Konstitusiya Məhkəməsinin yoxlamasına təqdim edəcək. Konstitusiya Məhkəməsi 10 gün ərzində öz rəyini bildirəcək. İlk turda ən çox səs toplayan namizəd seçkilərdə qalib sayılır. Bu seçkidə 990 namizəd 125 mandat uğrunda mübarizə aparır. Onlardan 305-i 25 siyasi partiyanın nümayəndələridir.

Səsvermə 125 seçki dairəsinin 6477 seçki məntəqəsində keçiriləcək. Səhər saat 08: 00-da başlayan seçki 19: 00-da bitəcək.

69 ölkədən, 51 qurumdan 598 beynəlxalq müşahidəçi qeydə alınıb.

Məzahir Pənahov deyib ki, ümumilikdə 112749 yerli müşahidəçi var, onlardan 7077-i MSK-da, 105672-i isə dairə seçki komissiyalarında (DSK) qeydə alınıb.

Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edəcək.

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib. Bundan öncə də Azərbaycan Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidəyə dəvət etməmişdi.

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.

Müsavat, Respublika Alternativi (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkidə iştirak etmir. Partiya “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək, seçkiləri boykot edib.

Ana səhifəSiyasətSəsvermədə iştirak edəcək seçicilərin sayı açıqlanıb