Zərdüşt Əlizadə
(yüngülvari müqayisəli təhlil cəhdi)
Şərif Ağayarın “Arıların səssizliyi” hekayələr toplusunda diqqətimi xüsusi cəlb edən “Qonşu” oldu. Bir neçə səbəbdən. Əvvəla, ona görə ki, həyatımın son 30 ilini münaqişəyə həsr etmişdim və əhalimizin əksəriyyətində qarşı tərəfə hakimiyyətin rəsmi mövqeyinə tam uyğun münasibət görürdüm. Yəni barışmaz ədavət və kin. Səbəbini də anlayırdım: itkilərin acısı, rəsmi təbliğatın təsiri və qarşı tərəfin eyni ədavəti. Qarşı tərəfin barışmaz ədavət saçan kobud rəftarı ilə rastlaşan insandan mərhəmət və qanacaq gözləmək çətindir. Çox görmüşəm ki, əks tərəfin yamanlığı bizim tərəfdə nər kişinin işi olan yaxşılıq deyil, eyni yamanlıq doğurub.
İkinci ona görə ki, əhatəsində olduğum azərbaycanlı sülhpərvərlər cəmiyyətimiz üçün müstəsna nadir insanlar idi və onların elmi və insani məziyyətləri xalqımız üçün əsla səciyyəvi sayıla bilməzdi. Görəsən adi, sıravi insana bu münaqişə necə təsir edib?
Münaqişənin vəhşi mahiyyəti sadə insanın insani dəyərlərini tam məhv edibmi? Üçüncü ona görə ki, “Qonşu” hekayəsi mənə uşaqlıqdan yaxşı bildiyim Cəfər Cabbarlının “1905-ci ildə” pyesinin məşhur bir səhnəsini, iki Tuğ kəndlisinin, mehriban qonşular erməni Allahverdinin və türk İmamverdinin üzləşməsini xatırlatdı.
Hekayənin qəhrəmanı Əkbər “neçə il müharibədə can qoymuşdu, nəm yerdə yatmaqdan və çoxlu siqaret çəkməkdən ağ ciyərləri sıradan çıxmaq üzrəydi”. Dövlət xəstəxanalarının həkimləri bu kasıb veterana başdansovdu yanaşır, özəl klinikalara getməyə pulu yoxdur. Ailəsi ilə yataqxananın nəm otağına sığınmış Əkbər labüd yaxınlaşan ölümünü gözləyir. Ərinin ölümü ilə, balalarının yetimliyi ilə barışmaq istəməyən arvadı İran klinikasında işləyən bir şəfqət bacısının vədlərinə inanıb Əkbəri zor ilə Tehrana müalicə üçün getməyə məcbur edir. Cəmi beşyüz dollara başa gəlməli olan bu səfərin əvvəlində şəfqət bacısının qardaşı Əkbəri qarşılayıb cüzamlı xəstələrlə dolu “Səbah” mehmanxanasına yerləşdirir və burada o, həmkəndlisi, qonşusu Aşotu görür.
Əkbər Aşotla eyni məktəbdə oxumuş, eyni futbol komandasında oynamış, iki qonşu ailə Əkbərgilin əncir ağacının iri meyvələrini yemiş, güclü Əkbər ondan zəif Aşotu bir dəfə qol buraxdığına görə əzişdirsə də, onun anasının tənbehindən sonra səhvini anlamış və daima ona qahmar çıxmışdır. Münaqişə başlayanda erməni fədailəri Əkbərgili evindən qovanda, Aşot Əkbərin köçünün arxasıyca “Əkbərcan, narahat olma, evinizə göz-qulaq olacam” qışqırmışdı.
İndi Tehranın ən miskin mehmanxanalarının birində Aşot Əkbəri tanıyıb onun üstünə yüyürür. Əkbər ona əl uzatmır, Aşot onun əlini dizindən qoparıb sıxır, silkələyir və durmadan “Əkbərcan, Əkbərcan, niyə belə sınıxmısan” deyir.
İki tuğlu qonşunun söhbəti, erməni Aşotun uşaqlıq və gənclik dövrünün səmimi mehribanlığını bərpa etmək istəyi ilə Əkbərin ağır müharibə illərinin və öz xəstəliyinin doğurduğu məşəqqətin günahını erməni Aşota bağışlamamaq qətiyyətinin toqquşmasını əks etdirir.
Əkbər düşdüyü zilləti, ağır xəstəliyini Aşotdan gizlədir, Aşot isə ürəyini açır, deyir ki, Tuğdakı evlərini mərmi dağıdandan sonra olan-qalanlarını satıb Yerevana köçüblər, orada valideynləri vəfat edib, kasıb yaşayırlar, çünki Ermənistanda pul yoxdur, olanını vəzifəlilər qamarlayıb, 15 yaşlı, onun özünə çox bənzəyən sarısaç alagöz oğlu talassemiyadan ölüb, özü isə dərddən içkiyə qurşanıb, böyrəkləri sıradan çıxıb, müalicə üçün İrana gəlib, amma əmindir ki, bu yaxınlarda öləcək, ona daha çarə yoxdur.
“Haran ağrıyır, qonşu”-Aşot soruşur. Qonşu sözü Əkbəri lap kövrəldir, qalxıb Aşotun boynuna sarılmaq istəyi içindən sızıltı kimi keçir, amma əvəzində : “Aşot, bu saat qalxıb ağzının üstünə bir yumruq qoyacam, bəridən o yana uçassan! Bəsdir zəhləmi tökdün!” – deyir. Ardıyca Əkbər erməni tərəfinin bizim tərəfə etdiklərini, içi Xocalı olmaqla, sadalayıb, Aşotu yanından qovur. Aşot Əkbərin hirsli olduğunu görüb gedir, ayağı kandara ilişir, az qala yıxılır. Əkbər onun son sözlərini eşidir: “Bizi aldatdılar”. Bir azdan Aşot xidmətçi vasitəsilə qonşusuna bir namə çatdırır: “Sabah bu vaxt burda olacam, sən də gələrsən”.
Əkbər əsəbiləşir, Aşotu bir daha görməmək üçün mehmanxanasını dəyişdirmək qərarına gəlir, fəqət gözü masadakı əncir mürəbbəsinə dəyir, yadına Tuğdakı əncir ağacı, onun bəhərinin bir hissəsini hər il Aşotgilə bağışladıqları düşür və qərarından dönür.
Hekayənin əsas qəhrəmanı Əkbərdir. Vətəni naminə döyüşüb, sağlamlığını itirib, vətən onun qədrini bilməyib, minlərlə onun kimilər “ilkin kapital yığımı” dövrünün qurbanı kimi dövlətin və cəmiyyətin qayğısından kənarda qalıb. Əkbər ölüm qabağı son çarə kimi İrana müalicə ümidi ilə gəlib. İkinci qəhrəman Aşotdur, erməni tərəfindən münaqişə qurbanı, eyni zilləti və fəlakətləri Ermənistanda görüb, yeganə oğlunu və sağlamlığını itirib, ölüm ərəfəsində İrana pənah gətirib.
Aşot münaqişənin mahiyyətini anlayıb, açıq deyir ki, Ermənistan qələbə çalmayıb, deyir ki, “Biz yaxşı qonşu idik, Əkbərcan, çox yaxşı. Həyətimizə tökülən o əncirləri heç unutmaram. Ən gözəl günlər imiş o günlər, qonşu, ən gözəl günlər! Qədrini bilməmişik. O “Böyük Ermənistan, Böyük Ermənistan “ deyirdilər haa, bax o əncirin bir dənəsinə dəyməzmiş. Aldatdılar bizi, qonşu, yaman aldatdılar”.
Aşotun bu “aldatdılar bizi” sözləri Cabbarlının pyesindəki “atan kazaklardır” sözlərinin eynidir. 1905-ci il münaqişəsindən 80 il sonra eyni ssenari ilə eyni siyasi dələduzların başladığı məkrli oyun eyni qurbanların başına eyni amansızlıqla gətirilir, həm Cəfər Cabbarlı, həm Şərif Ağayar münaqişədən sonra iki tuğlunun insani münasibətlərini qorumaq və bərpa etmək səyini təsvir edir.
Lakin bu iki müxtəlif həcmli əsərin fərqli qayələri də vardır.
Cabbarlının qayəsi öz dövründə iki xalqın taleyinə təsir göstərmiş ən mühüm hadisənin mahiyyətini açmaqdır. Bu mahiyyəti Cabbarlı mükəmməl bir dünyagörüşü çərçivəsində dərk və təqdim edir. Pyesinin 17 şəklində Cabbarlı mühüm ictimai təzahür olan münaqişənin anatomiyasını müxtəlif insanların düşüncəsi və hərəkətləri vasitəsilə təsvir edib açır. Münaqişə iki gəncin sevgisinə də təsir edir, inqilabi fəhlə hərəkatını məcrasından çıxarıb etnik qırğına çevirir, türk miyonçusu Salamovu və erməni milyonçusu Ağamyanı siyasi hadisələrin fəal iştirakçısı edir. Təbii ki, kiçik həcmli bir hekayə böylə böyük bədii iddiaları qarşısına qoya bilməz.
Dərindən düşünəndə, 1905-ci il hadisələri ilə 1988-1994-cü il hadisələri arasında demək olar ki, heç bir fərq yoxdur. Etnik münaqişə 1905-ci ildə başlanmış demokratiya naminə hərəkatı boğub çarizm mütləqiyyətini möhkəmləndirməyə imkan verdisə, bu münaqişənin “yenidənqurma” dövründəki təkrarı yenə də hakimiyyətin müftəxor nomenklaturadan alınıb xalqa qaytarılması naminə başlamış demokratik hərəkatı döndərib müasir Salamovların və Ağamyanların başçılığı altında gedən müqəddəs milli mübarizəyə çevirdi.
Lakin bir fərq də var: 1905-ci ildə baş verən “milli” hadisələrin mahiyyətini sinfi mənafe baxımından izah edən nüfuzlu bir ictimai qüvvə vardısa, 1988-1994-cü illərdə belə yanaşmanı səsləndirən ictimai mövqe cəmiyyətdə nüfuzunu tam itirmişdi. Salamovlara və Ağamyanlara qarşı duracaq heç bir siyasi güc qalmamışdı.
37 il bundan əvvəl cərəyan etmiş hadisələrin fəal iştirakçısı kimi məni daima bir saul düşündürüb: görəsən niyə 1905-ci il hadisələrinin tarix dərslərində izahı, bu hadisənin doğurduğu bədii əsərlərin hətta məktəb proqramlarında tədrisi əhalinin şüuruna zərrə qədər də təsir etməmişdi? Axı iki xalqı düşmən etmək fəndləri əsla dəyişməmişdi. Məni düşündürür: görəsən Cabbarlının bu pyesi 1987-ci ildə Bakıda və Yerevanda erməni dilində tamaşaya qoyulsaydı, münaqişə maşınını saxlaya bilərdimi?
Çox güman, bu düşüncə tərzi sadəlövhlükdən xəbər verir.
O biri tərəfdən anlayıram ki, Cabbarlının təsvir etdiyi çar rəsmilərinin sovet təkrarları yenidənqurma illərində Moskvada, Yerevanda və Bakıda eyni hiylə, qəddarlıq və amansızlıqla işləyirdilər, təsadüfi deyil ki, nə 1905-ci ilin arxiv sənədləri, nə də 1988-1994-cü illlərin sənədləri açılmayıb, gizli saxlanılır, çünki “oyun hələ qurtarmayıb”.
Ədəbiyyat biliciləri məni qınayıb deyə bilərlər ki, burada müqayisəli təhlil cəhdi kökündən yanlışdır, zira bu iki əsərin janr fərqi və həcmi belə müqayisə üçün heç bir əsas vermir. Bu fərqi mən də anlayıram, buna görə əzəl başdan bu müqayisənin qüsurılu olduğunu etiraf edirəm, digər tərəfdən, yaradıcılıq metodu bu iki əsərdə eynidir və adına tənqidi realizm deyilir. Cabbarlıda “sosializm realizmi” qalib gəlir, fəqət bilən bilir ki, bu iki realizm eynidir, sadəcə ikincidə əsər deməlidir ki, ən faciəli sonluğa rəğmən sosializm qalib gələcək. Cabbarlı öz pyesini yazdığı vaxtda sosializmin gələcək qələbəsinə şübhə edənlərin sayı az idi, buna görə onun əsərlərində tarixi nikbinlik aşıb-daşır.
Şərif Ağayarın hekayəsində isə tarixi nikbinlik yoxdur, sadəcə insanlığın, mərhəmət və alicənablığın səbatı və yenilməzliyi fikri aşılanır.
“Qonşu”da iki xalqın son 30 illik tarixində çox az rast gəldiyim insanpərvərlik ruhunu duydum. Hər iki xalqın ruhu ədavətlə zəhərlənəndə, bu ruh, demək olar ki, sezilmirdi. Ermənistanda türkə nifrət, Azərbaycanda erməniyə nifrət hünər sayılırdı. Ümid edək ki, bu mərəzdən qurtulacağıq.
Azərbaycanın müasir məktəb dərsliklərini öyrənən xarici alimlər dəhşətə gəlirdilər, biz isə başımızı aşağı salıb utanırdıq. Bizi dərsliklərdəki mətnlərdə yalnız onların barbarlığı deyil, həm də bu mətnlərin biabırçı bəsit səviyyəsi utandırırdı.
Məncə, “Qonşu” hekayəsi orta məktəb dərsliklərinə salınsa, bizə daha utanmaq lazım gəlməyəcək.