Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın təxribatı nəticəsində 3 hərbçisinin öldürüldüyünü bildirib.
Nazirlik saat 22:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nisbətən sabitləşdiyini əlavə edib.
Nicat İsgəndərova lazımi tibbi yardım göstərildiyi deyilir
Sentyabrın 28-də Ermənistan-Azərbaycan sərhədində atəşkəsin yenidən pozulduğu bildirilir. Tərəflər yenə bir-birini günahlandırır.
Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, atəşkəs axşama yaxın, saat 18 radələrində pozulub. Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
“Bu, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq edilib. Nəticədə Azərbaycan ordusunun hərbi qulluqçusu Nicat Hidayət oğlu İsgəndərov yaralanıb”, – Müdafiə Nazirliyi bildirib.
Məlumatda qeyd edilir ki, hazırda Nicat İsgəndərova lazımi tibbi yardım göstərilir.
“Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”.
Azərbaycan tərəf baş vermiş insidentə görə Ermənistanı günahlandırıb. Bildirib ki, bu hadisə məqsədli şəkildə gərginləşməyə yönəlib.
Ermənistan tərəf isə baş vermiş hadisədə Azərbaycan tərəfi günahlandırıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sentyabrın 28-də saat 18:00-dan başlayaraq Azərbaycan Silahlı Qüvvələri sərhədin şərq istiqamətində minaatanlardan erməni mövqelərini atəşə tutub:
“Ermənistan tərəfi cavab addımlarına əl atıb”.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
Atəşkəs razılaşmasından bu yana tərəflər arasında dəfələrlə qarşıdurma yaranıb. Bu qarşıdurmalarda Ermənistan tərəf Azərbaycanı, Azərbaycan isə Ermənistanı ittiham edib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.