Natiq Cəfərli: “Hökumət heç nə itirməyəcək“
Aprelin 1-də Azərbaycan banklarında ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 387 milyon manat təşkil edib.
Bu barədə məlumatı Mərkəzi Bank yayıb.
Məlumata görə, bu göstərici mart ayı ilə müqayisədə 88 milyon manat çoxdur. Martın əvvəlində ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 299 milyon manat olub.
“Ümumi məbləği 15 milyard 637 milyon manat təşkil edən kredit qoyuluşlarının 8,9 faizinin ödəmə vaxtı keçib”.
İqtisadçı Natiq Cəfərli deyir ki, Mərkəzi Bank və hökumət həmişə proseslərin arxasında sürünür, önləyici və effektiv addımlar ata bilmir:
“Mərkəzi Bankın son qərarı ilə bütün kreditlər üzrə sentyabra qədər gecikmələr olsa, banklara gecikməyə görə müştərilərinə dəbbə pulu, cərimə hesablamamağı tövsiyə edib. Tövsiyə məsələsini anladım, formal olaraq bu barədə Mərkəzi Bankın özəl banklara əmr vermək ixtiyarı yoxdur. Məsələ başqadır, həm əhali, həm biznes indi ağır durumdadır. Onsuz da kredit ödəmələrini gecikdirəcəklər. Sentyabra qədər ödəmələr ciddi axsayacaq, payızda Mərkəzi Bank və hökumət ayılacaq ki, problemli kreditlər 8,9 faizdən 15 faizə artıb. O zaman əl-ayağa düşəcəklər və nəticədə gec atılacaq addım daha baha olacaq”.
Natiq Cəfərli təklif edir ki, mart-sentyabr ayları ərzində bütün növ kreditlər üzrə faiz hesablanması dondurulsun. Yəni, hesablanmasın:
“Düzdür, buna görə banklar zərər edəcək. Bunun üçün də hökumətin qərarı ilə banklar 6 ay bütün növ vergilərdən azad edilə bilər. Ancaq bu da yetərli olmayacaq. Ona görə də Mərkəzi Bank kommersiya banklarına 1 illik – ilk 6 ayı 0 faiz, növbəti 6 ay isə 2-3 faizlə manatla kredit verə bilər. Banklar bu modelə razı olacaq, hətta daha çox qazanacaq, həm də bankların maliyyə dayanıqlığı artacaq”.
İqtisadçı deyir ki, nəticədə hökumət heç nə itirməyəcək (bir tək bankların ödəyəcəyi vergilərdən başqa – o da ciddi itki deyil). Amma indi gözləmə mövqeyi tutan Mərkəzi Bank və hökumət payızda yüzmilyonlarla manat xərcləyib, problemli kredit məsələsinin həllini taplamağa, bankları xilas etməyə çalışacaq.
Bir neçə gün əvvəl Mərkəzi Bankın qərarı ilə Azərbaycanda 2 bank bağlandı. “Atabank” və “Amrah Bank”.
Mərkəzi Bank
ın yaydığı məlumatda bildirilir ki, həmin bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlayıb. Xüsusən “Atabank” uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirmiş.
Bunlar Azərbaycanda lisenziyası ləğv edilmiş ilk bank deyil. Daha öncə də bir neçə bankın lisenziyası ləğv edilmişdi.
Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra, 2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Bu ilin əvvəlindən də dünyada neft təqribən üç dəfə ucuzlaşıb. Azərbaycanın ixracının təqribən 90 faizi neft və qazın payına düşür.