Sənədlər Ülviyyə Alovlunun dediklərini yalanlayır

Ülviyyə Alovlu və Flora Kərimova. Fotolar: Meydan TV

Məhkəmə polisə məlumat göndərib, elektron məhkəmə sistemində icraatın dayandırıldığı bildirilib

İctimai fəal Bəxtiyar Hacıyevin həbsində rəsmi səbəbkar olan, o işdə zərərçəkmiş qismində tanınan jurnalist Ülviyyə Muradova (Alovlu) özünün başqa bir işdə təqsirləndirilən şəxs statusunda axtarışa verilməsi barədə yayılan məlumatı təkzib edib.

Ülviyyə Alovlu Meydan TV-nin sosial şəbəkələrdəki səhifələrində bu xəbərlə bağlı paylaşımlara kəskin ifadələrlə münasibət bildirərək, barəsində axtarış qərarı olmadığını iddia edib. Hətta Meydan TV-ni yalan məlumat yaymaqda, auditoriyanı yalan xəbərlərlə aldatmaqda ittiham edib.

Ülviyyə Alovlu yayılan məlumatı yalanlamaq məqsədilə ona göndərilən məhkəmə bildirişini də Meydan TV əməkdaşına göndərib və iddia edib ki, əgər axtarış qərarı verilsəydi, o zaman icraat dayandırılardı, proses davam etməzdi. 

Meydan TV sözügedən məlumatı Ülviyyə Alovlu haqqında axtarış qərarının çıxarıldığı Binəqədi Rayon Məhkəməsindəki etibarlı mənbəyə və əldə etdiyi sənədlərə istinadən yayıb.

Sənədlər isə jurnalistin dedikləri ilə üst-üstə düşmür. Belə ki, mayın 15-də keçirilən son məhkəmə iclasında axtarış qərarı yeniləndiyinə görə bu iş üzrə icraat da dayandırılıb. Elektron məhkəmə sistemində də göstərilib ki, təqsirləndirilən şəxs məhkəmədən yayındığına görə icraat dayandırılır.

Məhkəmə sənədlərindən o da məlum olur ki, Alovlu haqqında axtarış qərarı hələ 2022-ci il dekabrın 5-də çıxarılıb. 2023-cü il mayın 15-də keçirilən məhkəmə iclasında isə həmin qərar yenilənib və hakim Abbas Rzayev onu icra olunması üçün Bakı Şəhər Baş Polis İdarəsinə bildiriş  göndərib.

“Xüsusi ittiham qaydasında şikayət üzrə qəbul edilmiş Muradova Ülviyyə Niyaz qızı barəsində axtarış elan edilməsi haqqında 5 dekabr 2022-ci il tarixli qərarın surəti məlumat üçün sizə göndərilir. Odur ki, qərarın icra olunmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm…”, – hakim məktubunda belə yazıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, məhz xəbər ictimailəşəndən sonra Ülviyyə Alovlu polisə gedib və “yoxa çıxmadığını” bildirib. Ancaq DİN-in sözçüsü Elşad Hacıyev Meydan TV-yə məsələdən xəbərsiz olduğunu deyib.

Ülviyyə Alovlunun hansı iş üzrə axtarışa verilməsinə gəlincə, Xalq artisti Flora Kərimova ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. O, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirləndirilən şəxs qismində tanınıb.

Bir ilə yaxındır davam edən məhkəmə çəkişməsinə səbəb isə Flora Kərimovanın o ərəfədə videosu yayılan üç qız barədə səsləndirdiyi fikirlərə Ülviyyə Alovlunun verdiyi cavab olub.

Flora Kərimova üç qızın videosuna belə reaksiya verib: “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin qadının” budur? Sənin kişin budur? Sənin qeyrətin, namusun budur?”

Onun dediklərinə Ülviyyə Alovlunun cavabı isə belə olub:

Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” deyə, fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda, hamam vannasına uzanaraq, kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad, onlara bidad?!”.

Ülviyyə Alovlu təqsirləndirilən şəxs olduğuna görə öz işi üzrə bütün məhkəmə iclaslarında iştirak etməyə borcludur.

Ülviyyə Alovlunun ittiham olunduğu Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində alternativ cəzalarla yanaşı, 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ülviyyə Alovlunun məhkəmələrdən yayınması ilə bağlı məlumatı Xalq artisi Flora Kərimova da təsdiqləyib. O, sosial şəbəkələr vasitəsilə belə məlumat yayıb:

“…Noyabır ayından, 6 aydır polis səni məhkəməylə (məcburi məhkəmə ) guya “tapıb gətirməyi bacarmır”. Həmişəki kimi deyəcəksən ki “mən gizlənməmişəm”. Bu başqa bir mövzudur və yeri gəlmişkən buna ayrı səhifə ayıracağam, əmin ol”.

Ana səhifəSosialSənədlər Ülviyyə Alovlunun dediklərini yalanlayır