Şəmkir sakini: “Bilmirəm, ruslar vurub, açıb-ağartmaq istəmirlər, yoxsa nə məsələdir…”

Foto: Samir Cəfərovun ailə arxivindən

Nənəxanım Cəfərova: “O boyda “Tərtər qətliamını” törədənlər üçün bu nədir ki?!”

Şəmkir sakini Samir Cəfərov 44 günlük İkinci Qarabağ müharibəsindən salamat çıxıb. Müharibə başa çatandan sonra da 7 aya yaxın xidmətdə olub. Evə qayıtmağa sayılı günlər qalmış baş verən hadisə nəticəsində 8 aydır ki, həbsdədir.

Bu barədə Meydan TV-yə danışan anası Nənəxanım Cəfərova deyir ki, oğlunun heç bir təqsiri yoxdur, işdəki sənədlər, ekspert rəyləri də bunu sübut edir.

“Qorxmaza vurulan güllə ilə oğlumdakı silahın gülləsi eyni ölçüdə deyil”

Samir Cəfərov 2021-ci il mayın 26-da Suqovuşan ərazisindəki postda əsgər yoldaşı Qorxmaz Sadıqovu avtomatdan açdığı atəşlə qətlə yetirməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Anası deyir ki, bu ittiham əsassızdır. Nənəxanım Cəfərovanın sözlərinə görə, oğlu ona danışıb ki, bu cinayəti törətməsi haqda yalan ifadələrə imza atmasından ötrü ağlasığmaz işgəncələrə məruz qalıb. İşgəncələrə dözə bilmədiyinə görə də əsgər yoldaşını özünün vurması haqda yalan ifadə verməyə məcbur olub:

“Postda Samir və Qorxmazdan başqa heç kim olmayıb. Biri yuxarıda olub, digəri aşağıda. Oğlum görüb ki, Qorxmaz vuruldu. Ətrafdakıları xəbərdar eləmək üçün havaya atəş açıb ki, gəlsinlər. Ekspertizanın rəyindən də görünür ki, Qorxmaza vurulan güllə ilə oğlumdakı silahın gülləsi eyni ölçüdə deyil. Başqa-başqa kalibrli güllələr olub. Bilmirəm, ruslar vurub, açıb-ağartmaq istəmirlər, oğlumun boynuna qoyurlar, yoxsa nə məsələdir…”

“Etmədiyi əməli onun üstünə yıxıb, niyə həyatını puç edirsiz?”

Qorxmaz Sadıqovun ölümüylə bağlı Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda onun qeyri-döyüş şəraitində həlak olduğu bildirilib. Lakin ölümün səbəbi konkret göstərilməyib.

“Mən hadisədən sonra oğlumu Gəncə türməsində gördüm, əsə-əsə danışırdı. İşgəncədən nə vəziyyətə qalmışdı, düşmən görsəydi, ürəyi yumşalardı. İnsana qarşı bu cür davranarlarmı? Yoldaşımın 80-ə yaxın, özümün də 67 yaşım var. 4 bacının bir qardaşıdır. Ümidimiz ona idi ki, hərbi xidmətdən qayıdacaq, evi dolandıracaq, onu da belə elədilər. Komandirindən tutmuş, kənd camaatına qədər, hamı Samirin mərifətinə, qanacağına bələddir. Mənim uşağım niyə kiminsə balasını öldürməlidir? Ən əsası, etmədiyi əməli niyə onun üstünə yıxıb, həyatını puç eləyirlər? Mən başa düşürəm, o boyda “Tərtər qətliamını” törədənlər üçün bu nədir ki?!”, – Nənəxanım Cəfərova belə deyir.

“Dedi ki, 2 saatdan artıq məni döydü, dözmədim…”

Anasının sözlərinə görə, işgəncədən oğlunda elə travma qalıb ki, günü bu gün də danışanda kəkələyir, əlləri əsir. Əsas sübut Samir Cəfərovun özünün ilkin etiraf ifadəsidir. Anası deyir ki, həmin ifadənin yalan olduğunu ekspert rəyləri sübut edir:

“Samir işgəncə altında verdiyi ifadədə göstərib ki, sağ çiynindən vurdum. Ekspert rəyindən isə görünür ki, sağ çiynindən ümumiyyətlə, vurulmayıb. Samirdə kiçik çaplı güllə atan silah olub. Amma ekspert rəyinə əsasən, Qorxmaza iri çaplı güllə dəyib”.

Foto: Meydan TV

Samir Cəfərov istintaq təcridxanasında valideynlərilə görüşərkən onlara deyib ki, Tərtərdə müstəntiqin və prokurorun gözü qarşısında kapitan rütbəli bir şəxs ona işgəncə verib:

“Dedi ki, həmin kapitan fasiləsiz 2 saatdan artıq məni döydü, axırda dözmədim. Nə dedilər, razılaşdım…”.
İş məhkəmə baxışına verilib

Samir Cəfərov haqqında cinayət işi üzrə istintaq bugünlərdə yekunlaşıb. İş materialları araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Samir Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2 maddəsində 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəBölgəŞəmkir sakini: “Bilmirəm, ruslar vurub, açıb-ağartmaq istəmirlər, yoxsa nə məsələdir…”