Prokuror istintaqın yekunlaşması üçün vaxt istəyib
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, ev dustaqlığında olan Səlim Müslümovun altı aydır davam edən mühakiməsi başa çatmaq üzrədir. 27 milyon manatlıq mənimsəmə, israfetmə və rüşvətalma kimi ittihamlarla sabiq nazir 2022-ci ilin avqustundan Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun işi üzrə 334 şahidin əksəriyyəti ötən 6 ay ərzində bu məhkəmədə dindirilib.
Yanvarın 9-da keçirilən məhkəmə iclasında sabiq nazirin vəkilləri bildirib ki, onlar məhkəmə istintaqının yekunlaşmasına etiraz etmir.
Hakim Faiq Qəniyev özü isə məhkəmə prosesinin iştirakçılarına məlumat verib ki, Səlim Müslümovun ittiham olunduğu cinayət əməlləri nəticəsində dəymiş 27 milyon manatlıq ziyandan 20 milyonunu sabiq nazir ödəyib. Qalan 7 milyon manata gəlincə, hakim biildirib ki, bu, israfetmə nəticəsində vurulmuş ziyandır. Səlim Müslümovun işi məhkəməyə göndəriləndə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində bu işdən başqa bir cinayət işi ayrılıb. Nazirlikdəki qanunsuzluqlarla bağlı araşdırmalar həmin cinayət işi çərçivəsində davam etdirilib. Hakimin sözlərinə görə, nazirliyin bir sıra əməkdaşları, tenderlərdə qalib olmuş şirkətlərin rəhbərlərinin fəaliyyətlərində qanunsuzluqlar aşkarlanıb. Həmin qanunsuzluqlar nəticəsində israf olunmuş 7 milyon manat o əməllərdə rolu olan şəxslərə ödətdirilir. Hakim əlavə edib ki, bu vəsaitin 1 milyon manatdan çox hissəsi sözügedən cinayət işi üzrə istintaqa cəlb edilmiş şəxslərə ödətdirilib. Ziyanın qalan hissəsinin də ödətdirilməsi istiqamətində işlər davam edir.
Hakim Faiq Qəniyev sabiq nazirin işi üzrə məhkəmə istintaqının yekunlaşmasını təklif edib. Vəkillər etiraz etməsə də, prokuror istintaqın yekunlaşması üçün vaxt istəyib. Ona yanvarın 23-nə qədər vaxt verilib. Həmin gün prokurorun çıxış edib sabiq nazirə cəza istəyəcəyi gözlənilir.
Səlim Müslümov məhkəmədə geniş ifadə verməsə də, qısaca özünü qismən təqsirli bildiyini demişdi. O bildirmişdi ki, mənimsəmə və rüşvətalma ittihamlarını qəbul etsə də, israfetmə ittihamıyla razılaşmır. Ona görə də 20 milyonu ödəsə də, 7 milyonu ödəməkdən imtina edirdi.
Lakin cinayət işində bəhs olunan israfetmə, tenderlərdəki qanunsuzluqlar və s. Səlim Müslümovun rəhbərliyi dövründə baş verdiyinə görə iddia olunur ki, bütün bunlardan olub. Bu səbəbdən ona da 7 milyonla bağlı ittiham verilib.
62 yaşlı Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.
2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.
Səlim Müslümova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Səlim Müslümov 27 milyon manatlıq ziyanın 20 milyonunu istintaq dövründə ödəyib. O, həmin ödənişdən sonra ev dustaqlığına buraxılıb. Lakin rəsmi səbəb kimi, onun səhhətindəki problemlər göstərilib.