“Niyə oğlan doğmursan deyə, ərim məni az qala döyüb öldürürdü, dəfələrlə uşağa qaldım, üç aylıq, dörd aylıq, qızdır deyə məcburi abort etdirirdilər, bəlkə ildə 2-3 dəfə aborta gedirdim. Axır illərdə nəhayət oğlum oldu. Ondan sonra ərimin norkomanlığı üst səviyyəyə çatdı, mən də daha dözə bilmədim, uşaqları götürüb çıxdım”- deyir, Gülüm Təhməzova (ad və soyad şərtidir – A.F.)
Salyan rayonun Alçalı kəndindən olan Gülüm illərlə boşanmaq üçün ailəsinə yalvarır, ancaq atası buna razı olmur. Evli olduğu illərdə də hamilə qaldıqca uşaq qız olduğu üçün zorla aborta məcbur edilir. Yalnız atası vəfat etdikdən sonra boşanır. Evli qaldığı illər ərzində isə iki qızı və bir oğlu olur.
Yarımçıq ailə
Azərbaycan selektiv abortların nəticəsində doğulan qız və oğlan uşaqlar arasında nisbətin pozulmasına görə artıq Çini də geridə qoyaraq dünyada ilk yeri tutur. Baxmayaraq ki, Dövlət Statistika Komitəsi selektiv abortlarla bağlı statistika aparmır, artıq uzun illərdir müşahidə olunan doğum tendensiyası yeni doğulan qızlarla oğlanlar arasındakı kəskin fərqə əsasən ölkədə selektiv abortların geniş yayıldığını göstərir. Statistikaya görə, 2020-ci ildə abortların sayı məhz qadınların yüksək doğurqanlıq göstərdiyi yaş qruplarına təsadüf edir. Belə ki, ilk uşağın doğulma ehtimalının bir qədər az olduğu 25-29, 30-34 yaş qruplarında 25-29-a 10 993, 30-34 yaş qrupuna isə 9 445 abort düşür. 20-24 yaş qrupunda isə bu say 7 552-dir. 2020-ci ildə ümumi abortların sayı 34 719 olub. 2019-cu ildə 37 308 abort qeydə alınıb.
Ginekoloq Təranə Həsənova deyir ki, Azərbaycanlı ailəsində oğlan uşağının dünyaya gəlməsi mütləq sayılır. Əgər ailədə oğlan uşağı dünyaya gəlməyibsə, bu, artıq yarımçıq ailə hesab olunur. Və ailə hansı yolla olursa-olsun oğlan uşağının doğulmasına çalışır. O, hansı yolla olursa-olsun dedikdə selektiv abortları nəzərdə tutduğunu bildirdi. Ginekoloq etiraf edir ki, qadınların oğul sevdası da (qaynanalar və artıq qızı olanlar) selektiv abortlara səbəb olur:
“Bir neçə ay bundan əvvəl mənim yanıma abort etdirmək istəyən hamilə qadın gəlmişdi. O dedi ki, mənim artıq bir qızım var və ikinci qız nəyimə lazımdır? Xanımla bərabər onun nənəsi, anası, qaynanası, hardasa 7-8 adam da gəlmişdi. Onların hamısı tələb edirdi ki, ikinci uşaq abort olunsun”.
Təranə Həsənovanın sözlərinə görə, qadın abort olunmadı, çünki “uşaq sağlam idi” və bu da qadınları çox əsəbləşdirdi. Niyə ikinci qızı istəmirsiniz, sualına onlar “ikinci uşaq oğlan olmalıdır” dedilər.
“Və bunu bütün ailə deyirdi, bütün nəsil gəlmişdi, onlardan heç biri ikinci qızı istəmirdilər və çox qəzəbli idilər”, – deyir, Təranə Həsənova.
Məcburiyyət qarşısında
“Söhbət əsnasında məlum olur ki, qadının ya 2, ya da 3 uşağı var və 3-də oğlandır. Bu zaman da onlar deyirdilər ki, həyat yoldaşları qız uşağı istəmədiyi üçün davamlı selektiv aborta məcbur ediliblər” – Qadın Təşəbbüsləri və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva belə deyir.
Bəzən qadınları selektiv aborta kişilərin məcbur etdiyini ginekoloq Təranə Həsənova da deyir:
“Bunu mənə qadın özü danışıb ki, onun evdə bir oğlu varmış və qadın ikinci dəfə hamilə qalıb. Qadın uşağın cinsinin qız olduğunu bilib, ancaq əri deyib ki, bu evə qız gəlməyəcək. Qadın danışırdı ki, mənim də ikinci uşağım qız idi və mən də qız uşağı üçün ölürdüm. Uşağın cinsini hamiləliyin 4-cü ayına qədər gizlətdim və ərimə uşağın cinsini müəyyən edə bilmədiklərini dedim. Bundan sonra ərim məni məcburi həkimə gətirdi və bildi ki, uşaq qızdır”.
Bundan sonra ər qadını aborta məcbur edir və nəticədə hamiləliyin 5-ci ayında süni doğuş olur:
“Bilirsiniz, 5 aylıq uşaq artıq formalaşmış, iri bir uşaqdır, 5-ci ayda bunu etmək cinayətdir. Qadın danışırdı ki, ərim aborta getmək istəmədiyimi biləndə indi qarnına bir təpik vuracam, uşağınla bərabər özün də o biri dünyaya gedəcəksən, deyib və qadın bundan sonra ərinin dediklərinə razı olub. Deyir, düşündüm ki, mən də gedəcəm və evdəki uşağım da qalacaq ortalıqda. Belə hekayələr də var, yəni tək burda qadının istəyi deyil”.
“Bizə bir ailə müraciət etmişdi, qadın dərzi işləyirdi, indi Türkiyədə yaşayır, türklə evlənib. Onun 3 qızı var, – Zenfira Mustafayeva qadınlardan birinin hekayəsini bölüşür, – təsəvvür edin ki, ilk uşaq qız doğulub, əri onu döyüb, ikinci qız doğulub yenə əri onu döymüşdü. Qadın deyirdi ki, bu müddət ərzində də bir neçə dəfə selektiv aborta gedib. Üçüncü dəfə, deyirdi, məni aldadıblar, ultrasəs müayinəsində oğlan olduğunu deyiblər, ancaq o da qız doğulub. Və bundan sonra əri onu atıb getmişdi”.
Dövlət diskriminasiyaya qarşıdır
Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsi (AQUPDK) onlara ünvanlanan jurnalist sorğusuna cavabda bildirir ki, selektiv abortların hazırda qız və oğlan uşaqlarının doğumunda yaranan nisbətə təsiri var. Komitə hesab edir ki, bu təsir də əsasən oğlan uşaqlarına üstünlüyün verilməsi, ölkədə mövcud olan gender stereotipləri, gender bərabərsizliyi, oğlan uşaqlarına daha “yüksək dəyər” aşılayan patriarxal ailə strukturu, ənənəvi təcrübələr və sosial normaların təzahürüdür və ölkədə gender əsaslı cins seçiminin kökündə dayanan əsas səbəblərdəndir.
Hələ 1994-cü ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondunu dəstəkləməklə Beynəlxalq Əhali və İnkişaf Konfransının Fəaliyyət Proqramında əks olunan “qız uşaqlarının öldürülməsi və doğuşdan qabaq uşağın cinsinin seçilməsi ilə bağlı zərərli və qeyri-etik təcrübələrlə nəticələnən ayrı-seçkiliyin bütün formalarını ləğv etmək və oğlan uşaqlarına verilən üstünlüyün əsas səbəblərini aradan qaldırmaq” üzrə öhdəliyin həyata keçirilməsi üçün təşəbbüsə qoşulub.
Elə yeni doğulan uşaqlar arasında cins nisbətinin kəskin pozulması da məhz bu ildən başlayır. Belə ki, Statistika Komitəsinin məlumatına əsasən 1994-cü ildə hər 100 doğulan qıza 109 oğlan düşməsi ilə nisbət pozulması artan xəttlə inkişaf edib. 2000-ci ildə bu nisbət 115, 2010-cu ildə 117, 2020-ci ildə 114, 2021-ci ildə isə 116 olub. Bununla yanaşı, komitə əhalinin təbii doğumunda sayın da kəskin azaldığını bildirir.
BMT-nin Əhali Fondu jurnalist sorğusuna cavabda bildirir ki, cinslər arasında bioloji nisbətin göstəricisi 102-106/100 təşkil etməlidir. Yəni təbii seçmədə 100 qız uşağına 102-106 oğlan uşağı doğulur. Azərbaycanda isə bu göstərici 116/100 nisbətindədir (Statistika Komitəsi, 2021). Ölkədə selektiv abortlarla bağlı statistika aparılmasa da cinslərarası nisbətin göstəricisi, eyni zamanda selektiv abortların baş verməsi faktını təsdiqləyir.
Mövcud tədqiqatlar diri doğulanların sayı artdıqca abort etdirən qadınların da sayının artdığını göstərir. İki və ya üç oğlan uşağı olan qadınlar arasında abortların sayı iki və ya üç qız uşağı olan qadınlara nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir. Məsələn, üç oğlan uşağı olan qadınlara orta hesabla 2,3 dəfə abort düşür ki, üç qız uşağı olan qadınlarda bu göstərici 1,5-ə qədər azalır. Bu nəticələr onu göstərir ki, selektiv abortlar bir çox azərbaycanlı ailədə oğlan uşaqlarının doğulmasını təmin etmək üçün düşünülmüş şəkildə edilir.
Prenatal cinsi seçimə təsir edən amillər, cəmiyyətin patriarxal quruluşu, nəsilin davamçısı və ailənin əsas varisi, ailənin və ölkənin qoruyucusu, adət-ənənələrin və bu ənənələrin daşıyıcısı kimi oğlan uşaqlarına üstünlük verilməsi, həmçinin 1990-cı illər, uşağın cinsiyyətini təyin etmək üçün vasitələrin mövcudluğu (ultrasəs) və təbii doğurqanlığın azalmasıdır.
“Azərbaycan cəmiyyəti patriarxaldır. Bütün patriarxal cəmiyyətlərdə də üstünlük oğlan uşaqlarına verilir. Bu tip cəmiyyətlərdə qızlar yalnız reproduktiv rol oynayır, onların bundan başqa əhəmiyyəti olmur. Və cəmiyyət inanır ki, oğlanların daha çox imkanları və hüquqları var, – sosioloq Sənubər Heydərova deyir.
“Bundan başqa, gənclər, kişilər bir-birinə zarafatla kişinin oğlu olar, deyirlər. Qızı olanları isə alçaldır, onlarla kobud zarafatlar edirlər. Baxmayaraq ki, biz bunu zarafat olaraq qəbul edirik, ancaq bu əslində problemdir. Bu cür soz “soxulan” kişilər özlərini çox pis hiss edirlər”.
Çıxış yolu nədədir?
Azərbaycan hökuməti selektiv abortların qarşısının alınması üçün “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” hazırlayıb. Həmin plana əsasən bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) tapşırılıb. ƏƏSMN-nin jurnalist sorğusuna cavabında tədbirlər planında göstərilən müddəalarla bağlı müvafiq araşdırmalar aparıldığını deyir:
“Ümumi ölkə və regionlar üzrə doğulanlar arasında cins nisbəti ilə bağlı statistik məlumatlar davamlı şəkildə toplanılır və təhlil edilir. Aidiyyəti mövzuda əhali arasında sorğunun keçirilməsi üçün də hazırlıq işləri aparılır, metodologiya işlənilir”.
Nazirlik gender bərabərliyi, reproduktiv sağlamlıq üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərinin hazırlanması üzrə əsas icraçı qurumun Səhiyyə Nazirliyi (SN) olduğunu bildirir və SN-nin nümayəndələri ilə həm işçi, həm də rəsmi görüşlərdə bu istiqamətdə müzakirələr aparıldığını qeyd edir.
2021-ci ildə Statistika Komitəsinin məlumatına görə, bölgələr arasında cins nisbəti ilə doğulan uşaqların sayında qızların doğum nisbətinin üstün olduğu bir bölgə belə yoxdur. Belə ki, Bakı şəhərinə daxil olan rayonlar üzrə də qızların sayı (11 824) oğlanların sayından (13 251) geri qalır.
2020-ci ildə Azərbaycan Nazirlər Kabineti də doğulacaq uşağın cinsiyyətinin müəyyən edilməsini qadağan etmək barədə qərar qəbul edib.
“Əslində bütün bunların nəticə vermədiyini görürük. Valideynlər isə bu məlumatı istədikləri vaxt həkimlərdən ala bilərlər”, – sosioloq Sənubər Heydərova deyir. – Bu günə qədər bu abortları edən bir həkim, qadının bətnindəki uşağın cinsini deyən bir həkim də cəzalandırılmayıb. Cərimə yox, məhkəmə yox, həkimlərin buna görə cəzalandırılmasını görməmişik. Və təbii ki, cəza olmasa, qadağalar da işləməyəcək”.
“Dövlət məsələyə qarışmasa bu, katostrofik həddə gedib çıxacaq” deyən ginekoloq T.Həsənovanın fikrincə, dövlət ailələrin sosial təminatını fərqli formada təmin etməlidir:
“Ailənin sosial təminatını elə etməldiir ki, ikinci və ya üçüncü uşaq qız olsa da ailə onu abort etdirmək istəməsin. Hardasa Sovet dövründəki kimi. Belə olmasa bu katostrofik həddə gedib düşə bilər. Məsələn, 10 il bundan əvvəl orta məktəblərdə ümumi desəm, 20 uşaqdan 12-13 oğlan idisə, 7-8 qız idi. İndi isə bu rəqəm daha da artıb”.
Z.Mustafayeva isə deyir ki, ölkədə bununla əlaqədar çoxfunksiyalı proqram olmaldır:
“Bu proqram əsasında həm maarifləndirmə, həm qızların təhsil məsələsi, erkən nikahların qarşısının alınması, məişət zorakılığının qarşısının alınması olmaldır. Burda təkcə dövlət proqramıdır deyə, hər şeyi dövlətin üzərinə yıxmayaq da, həmçinin cəmiyyət, qeyri hökumət təşkilatları da əlbir olub cəmiyyəti maarifləndirməliyik. Hər bir ailədə uşaqları elə tərbiyə etmək lazımdır ki, qız və oğlan fərqi qoyulmasın. Fərqlər varsa, təbii ki, evləndikdən sonra oğlan qız uşağını istəməyəcək. Düşünəcək ki, mənim ailəmdə bacımı alçaldıblarsa, adam yerinə qoymayıblarsa, o zaman qızım da ailə quranda, zorakılığa məruz qalacaq.”.
Sənubər Heydərova bu məsələdə maarifləndirmə işinin vacibliyini vurğulayır:
“Biz qızların və oğlanların eyni hüquqlara malik olduqları, eyni uğura nail ola biləcəkləri barədə sosial reklamlar görmürük”, o deyir. – “Dövlət səviyyəsində isə belə bir şey yoxdur. Yaxud deyək ki, adətlərimizə çox oxşar olan Türkiyədə qız doğulanda olunan birdəfəlik ödəmə oğlan uşağından çoxdur. Qızlar təhsil üçün daha çox maddi yardım alırlar. Bütün bunlar digər işlərlə yanaşı, qız uşaqlarının dünyaya gəlməsini təşviq etmək üçün edilir”.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qız uşaqlarına qarşı formalaşan mənfi münasibəti aradan qaldırmaq üçün çıxış yolunu əhali arasında maarifləndirmə tədbirlərini gücləndirməkdə, selektiv abortların fəsadları haqqında mediada maarifləndirici proqramların nümayişi ilə azaltmağın mümkünlüyündə görür.
Komitə jurnalist sorğusuna cavabda beynəlxalq təcrübə baxımından Cənubi Koreya Respublikasının təcrübəsini öyrəndiklərini vurğulayıb. Belə ki, Cənubi Koreya təcrübəsində demoqrafik siyasət bir neçə dövrə bölünür.
“1985-1995-ci illərdə ultrasəs müayinəsi və abort xidmətlərinin geniş yayılması nəticəsində oğlan uşaqlarının dünyaya gəlməsi 3 dəfə artıb. Doğuş nisbətinin sürətlə azalması və dünyaya gələnlər arasında oğlan uşaqlarının çoxluq təşklil etməsi səbəbindən 1994-cü ildə hökumət dölün cinsiyyətini doğuşdan əvvəl müəyyən edilməsi prosedurlarını qadağan edərək cəza mexanizmi tədbiq edib. Qanunu pozan həkimi 3 ilə qədər həbs və 25 min dollara qədər cərimə, həmçinin tibbi lisenziyasının ləğvi gözləyir. Bu qanun bu günə gədər də qüvvədədir”.
BMT-nin Əhali Fondunun Gürcüstan nümayəndəliyinin 2020-ci ildə dərc etdiyi hesabatına görə, 2004-cü ildən Gürcüstanda başlayan iqtisadi və sosial islahatlar bir çox sahəyə təsirsiz ötüşməyib. Bu sahələrdən biri də cinslər arasında yaranan disbalansın aradan qaldırlmasıdır. Belə ki, Gürcüstanda selektiv abortları tənzimləyən ayrıca qanun yoxdur, yalnız əmr və protokollar var. Bu məsələni tənzimləyən əsas qanunvericilik aktı Gürcüstanın Səhiyyə haqqında Qanunudur. Bu qanunun 139-cu maddəsinə əsasən, qadınlara yalnız hamiləlik müddəti 12 həftədən çox olmadıqda aborta icazə verilir. Abort üçün icazə verilən müddət yalnız xüsusi tibbi və ya sosial göstəriş olduqda 22-ci həftəyə qədər uzadıla bilər. Dölün cinsinə görə hamiləliyin sonlandırılması isə qadağandır. Hamiləliyin könüllü olaraq dayandırılmasından əvvəl həkimlə məsləhətləşmə tələb olunur. Bu konsultasiyadan sonra xəstəyə tibbi müayinədən əvvəl beş günlük gözləmə müddəti (2014-cü ildə üç gündən beş günə artırılıb) verilir. 2014-cü ildən Səhiyyə Naziriliyi gender əsaslı cins seçiminin qarşısını almaq üçün tibb ictimaiyyəti ilə dialoqa başladı. Hazırda hamiləliyin erkən dövründə dölün cinsini açıqlamamaq tövsiyə olunur, çünki qeyri-dəqiqlik ehtimalı var.
BMT-nin Əhali Fondu çıxış yolunu müxtəlif cəza və qadağalarda görmür:
“Aydındır ki, problemin böyüklüyünü, eləcə də hər hansı inzibati tədbirlərin, qadağaların və bu kimi cəzaların səmərəsizliyini nəzərə alsaq, heç bir qurum bu problemi təkbaşına həll edə bilməz. Bu vəziyyətdən yeganə səmərəli çıxış yolu ölkədə oğul övladına verilən köklü üstünlüklərin aradan qaldırılması, eləcə də ayrı-seçkilik və patriarxal sosial normalara, gender stereotiplərinə meydan oxumaq, o cümlədən qadınlar və kişilər üçün bərabər hüquq və imkanların təmin edilməsidir”.
Ancaq təşkilat selektiv abortların səbəb ola biləcəyi ciddi problemlər haqda da məlumat verir. Belə ki, BMT-nin Əhali Fondunun proqnozlarına görə, Azərbaycanda yeni doğulan uşaqların cins nisbətinin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlanların sayı qızların sayından 12-15 min nəfər çox olacaq.
Gender-əsaslı cinsi seçim deyilən hal dünyada gender ayrı-seçkiliyinin və gender bərabərsizliyinin bariz təzahürüdür və gələcək əhalinin dinamikası üçün dağıdıcı nəticələrə malikdir. Cənub-Şərqi Asiya təcrübəsi, eləcə də bu ölkələrin təcrübəsi göstərir ki, kişilərin həddindən artıq çoxluğu qaçılmaz olaraq nikahların sayının azalmasına gətirib çıxarır ki, bu da əsasən aşağı sosial-iqtisadi təbəqədən olan insanlara təsir edir. Nəticədə aqressiv davranışların artması, cinayət, erkən nikah və gəlin qaçırma, insan alveri, cinsi zorakılıq və seks-biznes işçiliyi artır. Bütün bu nəticələr gender bərabərliyinə çox mənfi təsir göstərir.
Sosioloq Sənubər Heydərova da deyir ki, selektiv abortların cəmiyyətə vurduğu fəsad cins nisbəti arasında yaranan disbalans nəticəsində yaranacaq:
“Selektiv abortlar yalnız ana və uşaqların sağlamlığına zərbə vurmur. Bir neçə il sonra cəmiyyətdə artıq cinslər arasında qeyri-stabillik yaranacaq. Bu da o deməkdir ki, gələcəkdə hər kişiyə daha az sayda qadın düşür. Və bu say o qədər azdır ki, cəmiyyətdə aqresiyanın çoxalmasına səbəb ola bilər”.
Onun sözlərinə görə, kişilərin sayının artması cəmiyyətdə kriminal hadisələrin, cinayətlərin artımına səbəb olur. Bu da gələcəkdə aqresiya ilə yanaşı müharibə meyillərinin çoxalmasına gətirib çıxara bilər, çünki müharibə dəstəkçilərinin sayının artımına səbəb olur:
“Bu, bilirsiz nəyə oxşayır? Sanki kazarmada böyüyən, və yaxud liseydə yalnız oğlanlar əhatəsində böyüyən uşaqların yaşadığı kimi olur. Bəzi pedaqoqlar bizə deyirlər ki, onlar artıq ibtidai sinifdə cins dəyişikliyinin kifayət qədər kəskin olduğunu görürlər. Tutaq ki, 25 nəfərlik sinifdə 18-20 nəfər oğlandır. Bu da o deməkdir ki, balans kifayət qədər pozulub”.
Sosial şəbəkədə yalnız qadınların istifadə etdiyi qrupda qız uşaqlarının selektiv aborta məruz qalması ilə bağlı müzakirələrdə qadınların bəziləri bu cür aborta məcbur edildiklərini bildirdilər. Hətta hamiləlik zamanı uşağın cinsi bilinmədən cinsiyyəti müəyyənləşdirən profil sahibləri də həmin qruplarda məsləhətlər verir.
Ərinin zülmündən illər sonra canını qurtarıb Bakıda məskunlaşan Gülüm isə həyatında qızları olduğu üçün özünü şanslı hesab edir:
“Parnikdə işlədim, çöl işlərinə getdim, nə bilim, pambıq alağı vurdum, pambıq yığmaqla da övladlarımı saxladım. Günlük 13 manat, 15 manat qazanırdım. Gördüm üç uşaqla gördüm dolana bilmirəm, Bakıya, bacımın yanına gəldim. Onların yaşadığı yerin yaxınlığında ev tutdum, övladlarımla orda yaşamağa başladıq. İndi uşaqlar da böyüyüb, qızım işləyir. Tibb Kollecini bitirib. Mənə də kömək edir. Nə yaxşı ki, qızlarım var…”.
P.S. material hazırlanarkən jurnalist Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Nigar Arpadaraiyə suallar göndərsə də, onun sualları cavabsız qalıb. Deputatın köməkçisi N.Arpadarainin sıx qrafikinin olduğunu, sualları cavablandırmağa vaxt tapmadığını bildirdi.
“Mediaşəbəkə”nin dəstəyi ilə