Hüquqşünas deyir, aqrar sığorta haqqında qanun qəbul olunmayınca, bu tipli giley-güzarlar bitməyəcək
“Keçən ay sel gəldi, heyvanlarımızı apardı, bostanı su basdı. O gün yenə eyni hadisə təkrarlandı… Yazıq kəndli, qəpiyi qəpiyə calayır ki, ruzisinni artırsın, bir tərəfdən təbiətin ərköyünlüyü, bir tərəfdən də hökumətin biganəliyi arzusunu gözündə qoyur”.
Daşkəsənin Təzəkənd kənd sakini Gülnarə Əliyeva belə deyir. O, zərərdən çıxa bilmir. Deyir, tez-tez baş verən təbii fəlakət qətrə-qətrə topladığını vurub dağıdır.
Hökumətsə yardım etmir, itirdiklərinin əvəzini kəndliyə vermir.
Hər seldən sonra yaşanan depressiya…
Əliyevlər ailəsi iyunun 24-də Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakətin qurbanlarındandır. Bu dəfə güclü leysan yağışları səbəbindən yaranmış sel suları bu ailənin də evini bərbad vəziyyətə salıb.
Kənd sakini Səmayə Pirverdiyevanın isə yaylaqdakı mal-qarasını sel aparıb. Səmayə xanım deyir, ötən ildən başlayaraq bununla üçüncü dəfədir ki, təbii fəlakət onun şəxsi təsərrüfatına zərər vurur:
“Əvvəlki zərərlərə görə yoldaşım hələ də icra hakimiyyətinə gedib-gəlirdi. Bu da növbəti zərərimiz… 4 gündür həyat yoldaşım depressiyadadır. Dövlət qurumlarından gələnlər deyirlər, nə edə bilərik, təbii hadisədir. Biz də bilirik ki, təbii hadisədir, bəs hökumətin belə məqamda vətəndaşa yardım etmək üçün bir proqramı yoxdurmu? Eləcə, hər dəfə sel gəlsin, kəndlinin olan-qalanını yusun aparsın, hökumət də sakitcə tamaşa eləsin? Yalnız dağılan yolları, körpüləri düzəldirlər. Şəxsi təsərrüfatlara gəlincə, deyirlər, bizlik deyil, qismət beləymiş”.
Kənd Təsərrüfatı Nazirliyinə müraciət etsinlər
Kəndlilər təbii fəlakətlər nəticəsində heyvandarlığa və əkinçiliyə dəymiş zərərlərin dövlət tərəfindən qarşılanmasını istəyir.
Daşkəsən Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu, son bir ayda baş verən ikinci oxşar hadisədir. Təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara, obyektlərə, yaşayış evlərinə və kənd təsərrüfatlarına (heyvandarlıq və əkin sahələri) ciddi ziyan dəyib. Sel suları Təzəkənd kəndi ərazisində su keçid körpülərini tamamilə dağıdıb, Xoşbulaq kəndi ərazisində kəndin iki hissəsi arasında olan körpünü, bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdaraq aparıb, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala salıb, bir çox yaşayış evini su basıb. Kəndlərarası avtomobil yolları sıradan çıxıb, çay suları bir neçə avtomobili öz axınına salaraq aparıb. Selin zərər vurduğu tikililər və təsərrüfatlar Komissiya tərəfindən siyahıya alınıb. Zərərləri Fövqəladə Hallar Komissiyası və İcra Hakimiyyətində yaradılan qərargah aradan qaldırmağa davam edir. Kənd təsərrüfatlarına dəymiş zərərlə bağlı təsərrüfat sahibləri Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.
Təsərrüfatla bərabər kəndli də batır
Hüquqşünas Vaqif Alıyev hesab edir ki, təbii fəlakət zamanı təsərrüfatlara dəymiş zərərlərin ödənilməsi ilə bağlı narazılıqlara səbəb ölkədə hələ də aqrar sığorta haqqında qanunun olmamasıdır:
“İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatında sığortalarla bağlı xərclərin nəzərəçarpacaq bir qismini hökumət öz üzərinə götürür. Subsidiyaların səviyyəsi sığorta mükafatlarının 60 faizini təşkil edir. Azərbaycanda isə fermer təbii fəlakət zamanı batmış təsərrüfatı ilə birlikdə batır. Gələn sel kəndlinin təsərrüfatı ilə bərabər az qala bütün həyatını da yuyub aparır”.
Aqrar sığorta haqqında qanun qəbul olunacaq
Bu ilin iyun aynda Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov “Azərbaycanda sığorta: Yeni perspektivlər” adlı konfransda çıxışı zamanı deyib ki, kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında yeni qanun layihəsi ilin sonunadək qəbul edilə bilər. O bildirib ki, qanun layihəsi hazırdır və baxılması üçün hökumətə göndərilib.