Şəki Regional Elektrik Şəbəkəsi obyektlərdən transformator almasını tələb edir
“Sahibkar kimi vergimizi ödəyirik, dövlətə xeyir veririk. Ancaq bəzi qurumlar bizə süni əngəllər yaratmaqla həm sahibkar olaraq bizə zərər vururlar, həm də dövlətə. Bir aydan çoxdur ki, obyektlərimizin işıqları kəsilib, qapılarımız bağlı, oturmuşuq evlərimizdə, bir yerdən 1 manat gəlir yox, çörək yox, dərdimizi kimə deyək, bilmirik”.
Bir qrup şəkili sahibkar Meydan TV-yə müraciət edib.
Onlar bildirirlər ki, 30 ilə yaxındır ki, Şəki rayonu, Zəyzid kəndi, “Dördyol” deyilən ərazidə xırda sahibkarlıqla məşğuldular. Ancaq 1 aydan çoxdur ki, Şəki Regional Elektrik Şəbəkəsi onların fəaliyyətinə problemlər yaradır. Söhbət ondan gedir ki, bu sahibkarlar öz obyektlərini işıqlandırmaq üçün indiyədək yaxınlıqdakı köhnə dəyirmandan çəkib gətirdikləri elektrikdən istifadə ediblər. Ancaq son vaxtlar Şəki Regional Elektrik Şəbəkəsi obyektləri işıqsız qoyub.
“İşığı köhnə dəyirmandan götürürdük”
İllərdir ki, ərazidə qaynaqçı sexi işlədən Şahid Rəsulov danışır:
“O dəyirmanın sahibiylə aramızda heç bir problem olmayıb, indi də yoxdur. İstifadə etdiyimiz enerjiyə görə vaxtlı-vaxtında ödənişlərimizi edirdik. Şəkinin işıq idarəsinə yeni rəhbərlik təyin olunandan günümüz necə deyərlər, göy əsgiyə bükülüb”.
“Əvvəlcə idarənin əməkdaşları gəlib bildirdilər ki, hansı obyektin nə qədər enerji işlətdiyini hesablaya bilməyimiz üçün hər birinizin obyektinə ayrıca sayğac quraşdırılmalıdır. Növbəti dəfə üstümüzə başqa tələblə gəldilər. Bu dəfə dedilər ki, rəhbərlik təkcə sayğacla kifayətlənmir, tələb edir ki, ayrıca transformator alaq. Səbəbini soruşduq, dedilər, bilmirik, yeni rəhbərliyin tələbidir”, – sahibkar deyir.
Sahibkarlar işıq idarəsində olublar. Onlara bildirilib ki, obyektlərin enerjiylə təchizatı üçün transformator alınmalıdır.
“İdarənin müdiri dedi, transformator 12 min manatdır, pul yığın, gətirin, bir transformator alın. Bildirdik ki, xırda sahibkarlarıq, bizdə elə geniş imkan yoxdur ki, yığışıb o transformatoru alaq. Gətir, hərənin obyektinə bir sayğac quraşdır, kim nə işlədir, onun pulunu ödəsin, işinə davam eləsin”.
Sahibkarlar idarə rəisinə deyiblər ki, sən bizi açıq-aşkar sıxışdırırsan:
“Ölkə başçımız çıxışlarında dönə-dönə deyib, sahibkarlara imkan yaratmaq lazımdır ki, ölkə iqtisadiyyatına töhfə versinlər, sən isə qazanc yerimizi zülmətə çevirirsən, bizi ruhdan salırsan. Bu sözümüz onu daha da özündən çıxartdı. Dedi, prezident harda nə deyib, xəbərim yoxdur, bir halda ki, razılaşmırsız, transformatorun qiyməti oldu 14 min manat… Ya gedin, pulu gətirin, gətirib transformatoru quraşdıraq, ya da obyektlərinizə işıq verilməyəcək”.
Hüquqşünas: “Tələb qanunidir”
Sahibkar sözlərinə görə, bu görüşdən bir gün sonra gəlib obyektlərin işığını kəsiblər. Bununla da obyektlər işıqsız, sahibkarlarsa qazancsız qalıb:
“Hərəmiz bir işlə məşğuluq, məsələn, mən qaynaqçı sexi işlədirəm, yanımda ət dükanı var, onun yanında baytar apteki var və sair… Kənd ərazisidir deyə, çoxu kənd təsərrüfatıyla əlaqəli obyektlərdir. Biz xırda sahibkarıq, gücümüz sayğac almağa yetər, transformatora yox… İndi bizdən həm sayğac tələb olunur, həm də transformator…”
Şəki Regional Elektrik Şəbəkəsindən Meydan TV-yə bildirilib ki, bir müddət əvvəl “Dördyol” adlanan ərazidəki sahibkarların obyektlərə kənardan özbaşına çəkdikləri xətlər kəsilib. Onlara xəbərdarlıq olunub və bundan sonra obyektlərinin işıqlandırılması üçün öhdələrinə düşənlər tövsiyə edilib.
Hüquqşünas Bəhruz Bayramov deyir, idarənin tələbi qanunidir: “Nazirlər Kabinetinin 2013-cü ildə qəbul edilmiş 234 nömrəli qərarına əsasən, kommersiya obyektinə texniki şərtin alınması, transformatorun alınması, elektrik xəttinin çəkilməsi sahibkarın hesabına həyata keçirilir”.
Mütəxəssislər əsasən, kiçik sahibkarların belə vəziyyətlərdə çətin duruma düşməsinin səbəbi kimi dövlətin nəzərdə tutduğu yardımlardan kənarda qalmasını göstərirlər.