Şəki sakini: “Rəis zorla maşınımı satdırıb pulunu əlimdən aldı…”

Şəki Rayon Polis Şöbəsi. Mənbə: DİN

Bölmə rəisi Bayram İsmayılovun adı başqa bir ölüm işində də hallanırdı

Şəki sakini Hüseyn Seyidzadə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinin rəisi Bayram İsmayılov tərəfindən hədə-qorxu və zorakılığa məruz qaldığını, oktyabrın 22-dən 25-nə qədər bölmədə qanunsuz saxlandığını, orada döyüldüyünü bildirir. Onun sözlərinə görə, “Hyundai Grandeur” markalı avtomobilini təcili satıb, pulunu tam şəkildə polis rəisinə vermək məcburiyyətində qalıb. Ancaq rəis ondan 8 hektar yarım torpaq sahəsini də tələb edir.

Hüseyn Seyidzadə deyir ki, araşdırmaq istəsələr, telefon anten məlumatları, kamera görüntüləri ilə bütün bunlar təsdiqini tapar.

“Məni döyüb atdılar bölmənin kamerasına, 3 gün orada qaldım”

Hüseyn Seyidzadə torpaq sahəsini Oğuz rayon sakini Şərif Mahmudovdan alıb:

2023-cü ilin dekabrında həmkəndlim İlham Əkbərov dedi ki, Oğuzun Kərimli kəndində 8.4 hektar torpaq satılır. Fikirləşdim ki, əkin üçün orada münbit torpaqlar var. Gedib baxdım və 3 min manat verib, Şərif Mahmudovdan 1 illik icarəyə götürdüm. Təxminən 1 ay sonra Şərif Mahmudov mənimlə əlaqə saxlayıb dedi ki, həmin torpaq sahəsi 80 minə satılır. Danışıqlardan sonra 50 minə razılaşdıq. Martdan iyuna qədər Şəkinin Cəyirli, Qozlubulaq kəndlərində, Yevlaxda ona bir neçə dəfəyə 50 mini ödədim. Avqustda alqı-satqı müqaviləsi bağladıq”.

Deyir ki, təxminən iki ay sonra – oktyabrın 22-də Şəki rayonunun Turan qəsəbəsi, Sarıca polis bölməsindən ona zəng gəlib. Bölmənin əməkdaşı Vüsal İsmayılov deyib ki, rəis onu çağırır.

Hüseyn Seyidzadə bildirir ki, həmin gün Sarıca polis bölməsinə gedib, orada bölmə rəisi Bayram İsmayılovla görüşüb.

Onun sözlərinə görə, polis rəisi Oğuzda aldığı torpaq sahəsi haqqında sorğu-sual edib. Sonda da tələb edib ki, verdiyi pulu geri almadan həmin torpaq sahəsini qaytarmalıdır. Bununla razılaşmayanda isə bölmədə rəis, onun müavini və əməkdaşların iştirakı ilə döyülüb, təhqir olunub:

“Soruşdu ki, o torpaq sahəsini haradan, kimdən almışam. Şərif Mahmudovdan aldığımı danışdım. Bayram İsmayılov dedi ki, ona qaytarmalısan. Səbəbini soruşanda məni təhqir elədi. Bu vaxt otağa Ülvi adlı müavini gəldi, o da mənə nalayiq sözlər dedi. Bildirdim ki, o torpağa 50 min pul vermişəm. Hər ikisi məni vurmağa başladılar. Məni döyüb atdılar bölmənin müvəqqəti saxlama kamerasına. Üç gün orada qaldım”.

“Orxan adlı polisi də mənimlə göndərdi, aparıb maşınımı satdım, gətirib pulu rəisə verdim”

Şəki sakininin sözlərinə görə, oktyabrın 25-də yenidən polis rəisi ilə aralarında danışıq olub. Ondan 100 min pul tələb olunub. Bayram İsmayılova bu qədər pul vermək imkanının olmadığını deyəndə isə yenidən rəisin otağında 3 saata yaxın zorakılığa məruz qaldığını deyən Hüseyn Seyidzadənin sözlərinə görə, bu dəfə ona məxsus avtomobilin satılması məsələsi müzakirə mövzusu olub:

Dedi ki, maşının var, sat, ver. Məcbur olub razılaşdım. Onları aldatmayım deyə, Orxan adlı polis əməkdaşını da mənimlə birlikdə göndərdilər. “Hyundai Grandeur” markalı, “90-LE-711” dövlət qeydiyyat nişanlı avtomobilimi “Mingəçevir maşın salonu” adlı yerdə satdım. Maşınımın qiyməti 25 min idi, amma təcili satırdım deyə 17 minə verdim. Qardaşımdan da 8 min alıb, gətirib bölmədə 25 mini verdim”.

Hüseyn Seyidzadə əlavə edib ki, pulu versə də, həmin gecə polis bölməsində saxlanılıb. Ancaq ertəsi gün sağlamlığında ciddi problemlər olub, durumu pisləşib deyə həkimə getməsi üçün onu buraxıblar.

Bu dediklərimin hamısı mənim istifadəmdə olan, həmçinin Orxan adlı polis əməkdaşının mobil telefon nömrələri üzrə anten məlumatlar, təhlükəsiz şəhər kamerlarından video görüntülər əldə edilməklə sübut olunar. Maşın salonundakı görüntülər də sübut edir ki, polis əməkdaşı mənimlə birlikdə orada olub”, – Hüseyn Seyidzadə əlavə edib.

O, polis rəisi, onun müavini və zorakılıqda iştirakı olan digər şəxslərin cəzalandırılması üçün daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə şikayət edib. Həmçinin Prezident İlham Əliyevə də məktub göndərib.

DİN: “Şikayət əsasında dəvət edilib və izahatı alınıb”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Meydan TV-yə bildirilib ki, Hüseyn Seyidzadə şikayət əsasında ərazi polis orqanına dəvət edilib və izahatı alınıb:

Vətəndaş Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinə müraciət edərək, sələmçiliklə məşğul olan Hüseyn Seyidzadədən aldığı pulu qaytarmasına baxmayaraq, faizini ödəyə bilmədiyi üçün qarşı tərəfin ona məxsus avtomobili məcburi şəkildə satdırdığını və torpaq sahələrini öz adına keçirdiyini bildirib. Müraciət əsasında Hüseyn Seyidzadə ərazi polis orqanına dəvət edilib və izahatı alınıb. Həmin şəxsə qarşı digər tələblər irəli sürülməsi barədə iddialar isə əsassızdır”.

DİN-dən onu da bildiriblər ki, Hüseyn Seyidzadənin eyni məzmunlu müraciəti əsasında Şəki Rayon Prokurorluğunda da araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq qərar qəbul ediləcək”.

Polis rəisinin adı biznesmenin ölümündə də hallanırdı

Bayram İsmayılov əvvəllər Şəmkir Rayon Polis Şöbəsində işləyib. Onun adı Şəmkirdə iş adamı Arzu Cabbarovun ölümündə hallanırdı. Mərhum biznesmenin həyat yoldaşı Zəminə Əhmədova Arzu Cabbarovun intihar etmədiyini deyir, onun ölümünə görə polisləri ittiham edirdi. Həyat yoldaşının ölümünə görə ittiham etdiyi şəxslər arasında Bayram İsmayılov da vardı.

Arzu Cabbarov ölümündən əvvəl xəstəxanaya aparılarkən yaxınlarına “Whatsapp” vasitəsilə göndərdiyi səsli mesajda da “Aqil, məni doğrayıblar, özünü xəstəxanaya çatdır. Damarım kəsilib… damarımı kəsiblər…” deyir.

Ana səhifəBölgəŞəki sakini: “Rəis zorla maşınımı satdırıb pulunu əlimdən aldı…”