Yeni müavinlər: İlqar Qasımov, Nadir Zeynalov və Rasim İsmayılov
Prezident İlham Əliyevin sərəncamları ilə səhiyyə nazirinin dörd müavini işdən çıxarılıb.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.
Prezidentin 3 fevral 2022-ci il tarixli müvafiq sərəncamları ilə səhiyyə nazirinə üç yeni müavin təyin olunub.
İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin ediliblər.
Yeni nazir müavinləri kimlərdir?
İlqar Əbülfəz oğlu Qasımov 1965-ci ildə Bakıda doğulub.
1982-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə işi fakültəsinə daxil olub, 1988-ci ildə oranı bitirib.
1989-cu il tarixdən 1990-cı il tarixə kimi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda “Travmatologiya və ortopediya” ixtisası üzrə internatura keçib.
İnternaturanı bitirdikdən sonra 1999-cu il tarixdən həmin institutda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.
2017-ci ildən Səhiyyə Nazirliyinin göndərişi əsasında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Eyni zamanda 2019-cu il tarixdən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışır.
Nadir Azər oğlu Zeynalov 1976-cı ildə Bakıda doğulub.
1999-cu ildə Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2006-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2021-ci ildə cərrahlıq üzrə dosent elmi adını alıb.
2015-ci ildən başlayaraq inzibati vəzifələrdə çalışıb. Belə ki, 2015-2016-cı illərdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2016-2019-cu illərdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, 2019-2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.
Rasim Miskin oğlu İsmayılov 1973-cü ildə Bakıda anadan olub.
1990-cı ildə N.A. Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olub.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun kommersiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2018-ci ilin oktyabr ayından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində işləyib.