Prezident fərman imzalayıb
Şəhid ailəsi və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda verilən Prezident təqaüdünün məbləği artırılıb.
Dövlət başçısı İlham Əliyevin dekabrın 31-də imzaladığı fərman yeni ilin birinci günü qüvvəyə minir.
İndiyə qədər şəhid ailəsinə verilən təqaüdün məbləği 300 manat olub. Fərmana görə hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək.
Eyni zamanda, hər şəhidə görə onun ailəsinə Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir.
Fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1 800 manat məbləğində Prezident təqaüdü veriləcək.
İndiyədək bu məbləğ 1 500 manat olub.
Fərmanla müəyyən edilib ki, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Prezident təqaüdü həmin şəxslərin dul arvadına (ərinə), valideynlərinə; 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; birinci növbədən digər qohumları olmayan baba və nənələrinə veriləcək.