Şəhid ailələrinə və qazilərə veriləcək məbləğ müəyyənləşib

Birdəfəlik ödəmə 11.000 (on bir min) manat məbləğində müəyyənləşdirilib.

Foto: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


“Şəhid ailəsinin şəxsin şəhid statusu müəyyən edildiyi gündən aylıq məbləği 300 manat olan təqaüd almaq hüququ var”

Şəhid ailələrinə və qazilərə veriləcək təqaüdlərin məbləğləri məlum olub.

Azərbaycanın bütövlüyü uğrunda şəhid olan şəxslərin ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləği məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov açıqlama verib. Bildirib ki, şəhid ailəsinin şəxsin şəhid statusu müəyyən edildiyi gündən aylıq məbləği 300 manat olan təqaüd almaq hüququ var.

“Eyni zamanda, müharibə zamanı əlilliyi olan şəxslərə I, II və III dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təqaüd müəyyən edilib” – deyə, o qeyd edib.

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 19 aprel 2018-ci il tarixli 1nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir.

3-7.jpg
Babək Hüseynov

Birdəfəlik ödəmə 11.000 (on bir min) manat məbləğində müəyyənləşdirilib.

Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də döyüşlər başlamışdı. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Ana səhifəSosialŞəhid ailələrinə və qazilərə veriləcək məbləğ müəyyənləşib